Bolqarıstan Ermənistana silah satır Siyasət

Bolqarıstan Ermənistana silah satır

Mahiyyətindən asılı olmayaraq, əgər ABŞ öz istehsal etdiyi silahları Bolqarıstan üzərindən və yaxud Bolqarıstan öz silahlarını ABŞ-ın vasitəçiliyi ilə Ermənistana satırsa, bu, birbaşa Azərbaycanın və bölgənin təhlükəsizliyi üçün təhdiddir və araşdırılmalıdır.
Bu sözləri açıqlamasında Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı deyib. O bildirib ki, Almaniyada fəaliyyət göstərən "Bonn İnternational Center for Conversion" (BICC) təşkilatının hazırladığı "Global Militarisation Index" məruzəsinə görə, Ermənistan Avropada ən çox silahlanmış dövlətdir: "İkinci yerdə Rusiya, üçüncü yerdə isə Şimali Kiprdir. Bu silahlanma yarışına Ermənistan üç ildir ki, liderlik edir. Məruzə hazırlanarkən əhalinin hər min nəfərinə düşən hərbçi sayı, ümumdaxili məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı nəzərə alınıb. Görünən odur ki, Ermənistan silahlanma yarışında liderliyi əldən vermək istəmir. Bunu Rusiyanın "EADaily" saytının Bolqarıstandan Ermənistana təxminən iki aydan çoxdur ki, İl-62 yük təyyarəsi ilə silahların göndərilməsi haqqında xəbər də təsdiq edir".
Politoloq qeyd edib ki, Ermənistanın əsasən Rusiyadan silah satın aldığı məlumdur: "Onun silah aldığı ölkələr siyahısında Bolqarıstanın adının yer alması isə Azərbaycanın milli maraqları baxımından mütləq araşdırılmalıdır. Bu xəbəri sensasiya edən nüans isə Bolqarıstanın Ermənistana silah satması üçün ABŞ-ın təşəbbüs göstərməsidir. Məsələyə ABŞ daxil olunca, əlbəttə, problemin məğzi də dəyişir. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Cənubi Qafqaza səfəri zamanı Ermənistana silah sata biləcəklərini ifadə etməsindən aydın olur ki, artıq ABŞ Ermənistana silah satırmış və yaxud müasir silahların satılması üçün vasitəçilik edirmiş. Bolqarıstandan Ermənistana gətirilən silahların hansı ölkədə istehsal edildiyi də maraqlıdır. Bu silahlar ABŞ-da istehsal edilib, Bolqarıstan üzərindən, Bolqarıstan istehsalı kimi Ermənistana ötürülürsə, bu, çox ciddi problemdir".
Politoloqun sözlərinə görə, hələlik Bolqarıstan üzərindən Ermənistana göndərilən silahların minaatan və ona aid sursatlar olduğu məlumdur: "Əlbəttə, iki aydır Bolqarıstandan Ermənistana sadəcə minaatanların və sursatların daşındığı iddiasına heç kim inanmaz. Başqa növ silahların satılması ehtimalı da olduqca yüksəkdir. Rusiyanın "EADaily" saytının verdiyi məlumatda ABŞ-ın vasitəçiliyi ilə silahlarin satıldığı qeyd edilirsə, ABŞ-ın öz silahlarının Bolqarıstan üzərindən Ermənistana satılması ehtimalı üzərində durulmalı, məsələ geniş şəkildə araşdırılmalıdır".
Politoloq vurğulayıb ki, Azərbaycan XİN-i məsələnin araşdırılması üçün lazımi tədbirləri görməlidir. Qeyd edək ki, Rusiyanın "EADaily" saytının məlumatına görə, Bolqarıstandan Ermənistana iki aydan çoxdur ki, silahla dolu yüklər göndərilir. İl-62 yük təyyarəsi İrəvan-Burqas-İrəvan marşrutu ilə gündə bir dəfə uçaraq burada müvafiq yükün boşaldılmasını həyata keçirir.
Sayt silah satışının ABŞ-ın təşəbbüsü ilə baş tutduğunu və bunun Rusiya ilə Ermənistan arasındakı 100 milyon dollarlıq müqavilənin pozulması məqsədilə həyata keçirildiyini bildirir. Məlumatda son bir həftə ərzində Bolqarıstanın "Rada Airlines" hava şirkətinə məxsus İl-62 təyyarəsinin "EW-450TR" reqistrasiya nömrəsi altında Ermənistana uçduğu göstərilir. Bundan əlavə, türkiyəli bloger Yürük İşıq da "Flightradar 24" naviqasiya proqramının köməyi ilə 8 gündə Burqasdan Ermənistana 8 təyyarənin uçduğunu xəbər edib.