Tehran-Bakı: ikitərəfli fayda və mənfəət Siyasət

Tehran-Bakı: ikitərəfli fayda və mənfəət

Tehran-Bakı münasibətləri aram-aram, lakin yüksələn xətlə inkişaf edir. Bir neçə gün əvvəl Azərbaycan parlamentinin sədri Oqtay Əsədov İrana səfər edərək, burada yüksək vəzifəli şəxslərlə görüşüb. Bununla yanaşı, İran prezidentinin Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulamasına baxmayaraq, görünən odur ki, Tehran-Bakı münasibətləri hələ dönüş nöqtəsindən uzaqdır.
WorldMedia İRNA-ya istinadən yazır ki, Oqtay Əsədov Tehrana iranlı həmkarı Əli Laricaninin dəvətilə gəlmişdi. Onu parlamentarilərdən ibarət nümayəndə heyəti müşayiət edirdi. İran parlamentinin sədrilə görüşdən Əsədov daha sonra dövlət başçısı Həsən Ruhani ilə bir araya gəlib. İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışan İran prezidenti Tehran-Bakı əlaqələrinin hərtərəfli inkişafı, möhkəmləndirilməsi və gücləndirilməsi, eləcə də iki ölkə arasında əldə olunmuş sazişlərin həyata keçirilməsinin sürətləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Son 5 ildə İran və Azərbaycan prezidentlərinin 12 dəfə görüşdüyünü xatırladan Həsən Ruhani deyib: "Bunun nəticəsi olaraq, ikitərəfli münasibətlər və əməkdaşlıq inkişaf edir. Azərbaycan ortaq mədəniyyət, din, məzhəb və dil baxımından İrana ən yaxın ölkələrdəndir. Azərbaycanın müstəqillik qazanmasından sonra bizim aramızda çox yaxşı münasibətlər qurulub".
İki ölkə arasında sənaye, əczaçılıq, elm və texnologiya da daxil olmaqla müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayan prezident fikrini belə davam etdirib: "İranla Azərbaycan Xəzər dənizinin enerji resurslarından istifadədə birgə fəaliyyətə dair mühüm qərar qəbul edib. Ümid edirəm ki, müvafiq orqanların rəhbərlərinin səylərilə əldə olunmuş ikitərəfli razılaşmaların həyata keçirilməsi sürətləndiriləcək. Çünki bu razılaşmalar hər iki xalqın, hər iki ölkənin maraqlarına cavab verir".
Xatırladaq ki, bu yaxınlarda İran, Azərbaycan və Türkiyənin xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü də olub. Bu, üçtərəfli görüşlərin altıncı mərhələsi idi. Bu əməkdaşlıqda Ankara Tehranla Bakını birləşdirən halqa rolunu oynayır.
Ruhani görüşdə iki ölkənin "Şimal-Cənub" dəhlizinin yaradılması sahəsindəki əməkdaşlığına da toxunub. Astara-Astara, Rəşt-Astara dəmir yolu layihələrinin icrası istiqamətindəki səyləri tranzit sahəsində əməkdaşlığının inkişafı baxımından əhəmiyyətli addım kimi qiymətləndirən Ruhani deyib: "Şimal-Cənub" dəhlizi layihəsinin tam həyata keçirilməsilə, Oman dənizi və Hind okeanı Azərbaycan, Rusiya və Qara dənizlə, Şərqi və Şimali Avropa ilə birləşəcək".
"Xəzər dənizinin hüquqi statusunun müəyyənləşməsi bütün sahilyanı ölkələr üçün vacibdir. Bu dənizdən istifadə edən ölkələr arasında yaxşı qərarlar qəbul olunub və müsbət addımlar atılır", - deyə prezident əlavə edib: "Biz regional problemləri xalqların hüquqlarının təminilə, eyni zamanda, danışıqlarla həll etməliyik. Bu baxımdan İran regional münaqişələrin həllində qonşularına hər cür kömək etməyə hazırdır".
Azərbaycan parlamentinin sədri Oqtay Əsədov da İranla Azərbaycanın iki dost, qardaş ölkə olduğunu bildirib. O, Bakı ilə Tehranın hər zaman yaxşı əlaqələrə malik olduqlarını deyib. "İki ölkə prezidentlərinin münasibətləri, əməkdaşlığı inkişaf etdirmək səyləri əlaqələrin daha da güclənməsinə imkan verir", - deyə Əsədov qeyd edib.
Tehranla Bakı arasında xüsusilə iqtisadi-ticari sahədə əlaqələrin hərtərəfli inkişafının təşviq edilməsinin zəruriliyinə toxunan O.Əsədov deyib: "2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 40% artıb. Mövcud imkanları və potensialı nəzərə alsaq, bu göstərici daha da artırıla bilər". İran, Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə həyata keçirilməkdə olan "Şimal-Cənub" dəhlizi layihəsinin icrasının son mərhələdə olduğunu deyən Əsədov ümid edir ki, dəhlizin tam istismarı ilə, İranla Azərbaycan arasında ticarət, iqtisadi əlaqələr daha da genişlənəcək.
Azərbaycan parlamentinin sədri İranın beynəlxalq məsələlərə və problemlərə yanaşmasını, qonşu ölkələrin suverenliyi və ərazi bütövlüyünün müdafiəsilə bağlı mövqeyini təqdirəlayiq hal kimi qiymətləndirib: "Əlbəttə ki, bölgənin problemləri yalnız region ölkələri tərəfindən həll oluna bilər".
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Tehrana səfəri çərçivəsindı İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, ali dini liderin Şuradakı nümayəndəsi Əli Şamxani ilə də görüşüb. İki ölkə sərhədlərini "sülh və dostluq sərhədi" adlandıran Əli Şamxani deyib: "Ölkələrimiz arasında ticarət əlaqələrinin gücləndirilməsi üçün geniş imkanlar var. Bu, hər iki ölkənin rifahı, sabitliyi və təhlükəsizliyinə töhfə verəcək".
Şamxani hesab edir ki, bəzi dövlətlər Tehran-Bakı münasibətlərinə zərbə vurmaq istəyir. "Region ölkələrinin təhlükəsizliyi kollektiv şəkildə, birgə yanaşmalarla, danışıqlar və qarşılıqlı fəaliyyət sayəsində təmin edilə bilər. Bəzi ölkələr öz milli təhlükəsizliyini başqa dövlətlərin iradəsinə, qərarlarına buraxır. Bu dövlətlər düşünür ki, ABŞ onların mövcudluğunu təmin edəcək. Halbuki, bunun yeganə yolu milli imkanlara və xalqın dəstəyinə arxalanmaqdır", - deyə o, qeyd edib: "Terrorçuluq, onun kökləri, o cümlədən bəzi region ölkələrinin təkfirçilik ideologiyası bütün bölgəni böhranla üz-üzə qoyub. Bu, müsəlman ölkələrinin inkişafı və tərəqqisi üçün ciddi maneəyə çevrilib".
Şamxani hesab edir ki, ABŞ-ın sanksiyalarının hər hansı hüquqi əsası yoxdur. Onun fikrincə, bu, faktiki olaraq Trampın müxalif ölkələrdən intiqam almaq vasitəsidir. "Şübhəsiz ki, dəfələrlə uğursuzluğa düçar olmuş bu cür əməllər sonda Birləşmiş Ştatların təcridinə aparıb çıxaracaq", - deyə o, vurğulayıb.
Səfər çərçivəsində İran rəsmilərilə səmərəli danışıqlar apardığını deyən O.Əsədov fikrini belə davam etdirib: "Azərbaycan iki ölkə arasında əməkdaşlığın, mübadilənin genişləndirilməsində maraqlıdır. Biz bu istiqamətdə irəli sürülən təşəbbüsləri və təklifləri alqışlayırıq".
O.Əsədov Tehrana səfəri çərçivəsində İranın xarici işlər nazirilə də görüşüb. Görüşdə ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparılıb.