“Azərbaycanı Avropa ilə dəmir relslər və borular bağlayır” Siyasət

“Azərbaycanı Avropa ilə dəmir relslər və borular bağlayır”

Azər Badamov: "Bu da ölkəmizin dünya ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə gətirib çıxarır"

"Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində birmənalı olaraq bildirdi ki, güclü iqtisadi potensial Azərbaycanın müstəqil siyasətini gücləndirən amildir. Prezidentin apardığı düşünülmüş və gələcəyə hesablanmış beynəlxalq və sosial-iqtisadi siyasəti sayəsində Azərbaycan qısa bir zamanda böyük inkişaf yolu qət edib". Bunu millət vəkili Azər Badamov deyib. Deputatın sözlərinə görə, son 15 il ərzində iqtisadiyyatımıza 230 milyard dollara yaxın investisiyanın yatırılması ölkəmizin hər bir sahəsində sıçrayışlı inkişafa yol açıb, ümumi iqtisadiyyatımızın 3 dəfədən çox artmasına gətirib çıxarıb: "Azərbaycanın son illər ərzində böyük dünya əhəmiyyətli transmilli layihələrə imza atması, karbohidrogen yataqlarından istehsal olunan neft və qazın Avropaya və dünyaya çatdırılmasının şaxələndirilməsi, Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizlərindən istifadə imkanlarımızın genişlənməsi ölkəmizin dünya üçün cəlb ediciliyini artırıb. Artıq Azərbaycanı Avropa ilə dəmir relslər və borular bağlayır ki, bu da ölkəmizin dünya ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə gətirib çıxarır. Təkcə 2018-ci ilin avqust ayında ölkəmizə Almaniya Kansleri xanım Angela Merkelin, Türkiyə Böyük Millət Məclisinin sədri cənab Binəli Yıldrımın, Gürcüstanın Baş Naziri cənab Mamuka Baxtadze və başqa ölkələrin rəsmilərin intensiv səfərləri onu deməyə imkan verir ki, Azərbaycan dünya üçün vacib aktora çevrilib". Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütdüyünü qeyd edən A. Badamov vurğulayıb ki, bu, ölkəmizin dünyada dostlarının sayını artırır: "Ölkəmizə səfərə gələn hər bir dövlət rəhbəri Azərbaycanın iqtisadi inkişafında əldə etdiyi yüksək uğurlardan və ölkəmizlə strateji əməkdaşlıq etmək imkanlarında geniş danışır. Bu ölkəmiz üçün böyük nailiyyətdir".
Millət vəkili Mahir Abbaszadə isə deyib ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirdi ki, Azərbaycanda aparılan ciddi iqtisadi islahatlar öz nəticəsini verir: "Ölkə başçısının son 15 illik fəaliyyətinə nəzər saldıqda görürük ki, Azərbaycanın son 15 ildəki bütün uğurları cənab Prezidentin apardığı siyasətlə bağlıdır". Deputatın sözlərinə görə, istər bu gün dünyanın ən böyük neft kəmərlərinin Azərbaycandan keçməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi, istərsə də dünyanın ən böyük tədbirlərinin Azərbaycanda keçirilməsi cənab Prezidentin apardığı siyasətin nəticəsində nail olunub: "Eyni zamanda son illər ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar bir daha sübut edir ki, cənab Prezidentin dediyi kimi Azərbaycanda aparılan islahatların mərkəzində Azərbaycan xalqı, Azərbaycan xalqının maddi-rifah halının yaxşılaşdırılması durur. Bu nöqteyi-nəzərdən cənab Prezidentin apardığı siyasət göz önündədir. Əgər hər bir azərbaycanlı öz yaşayış həyatında, işində, gündəlik həyatında sabitliyi, inkişafı, ailə vəziyyətinin yüksəlişini, maddi imkanlarının artmasını görürsə, deməli bütün bunların hamısı dövlət başçısının apardığı siyasətin nəticəsidir"