“Paşinyanın hökuməti formalaşdırmamasının səbəbi bəllidir” Siyasət

“Paşinyanın hökuməti formalaşdırmamasının səbəbi bəllidir”

Mübariz Əhmədoğlu: "ABŞ və Rusiya Dağlıq Qarabağ danışıqlarında irəliləyiş tələb edəcəklər"

"2018-ci ilin dekabrın 9-da baş tutmuş seçkilərin rəsmi nəticələri dərhal elan olunsa da, bu günədək hökumət təşkil olunmayıb. Mərkəzi Seçki Komissiyası 2019-cu il yanvarın 4-də keçirilən yığıncağında parlamentin ilk iclası yanvarın 14-nə təyin olundu". Bunu politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, bir ay bir həftədən sonra hökumət formalaşmağa başlaya bilər: "Kabinetin təşkil olunması da təxminən 20 gün çəkə bilər. N.Paşinyanın hökuməti formalaşdırmamasının səbəbi bəllidir: ABŞ, Rusiya hakimiyyət formalaşdıqdan sonra Dağlıq Qarabağ danışıqlarında irəliləyiş tələb edəcəklər. Paşinyanın öz açıqlamalarına görə ortalıqda olan tənzimlənmə variantı Ermənistanın maraqlarına cavab vermir. Ona görə Paşinyan vəziyyətdən çıxış yolu kimi yeni imitasiya variantı tapıb. Bu da hökumətin formalaşdırmasını ləngitməkdir. Paşinyanın bu imitasiya variantı eks prezident S.Sərkisyanın dəst-xəttinin davamıdır. Serj Sərkisyan
prezidentlik idarə üsulun parlament idarəçiliyinə dəyişəndə də məqsədi məhz Ermənistanın dövlətçiliyini Dağlıq Qarabağ tənzimlənməsində imitasiya resursuna çevirmək idi".
M. Əhmədoğlu deyib ki, görünür, Serj Sərkisyanla N.Paşinyan arasında bu məsələdə əlaqə var və Paşinyan Serj Sərkisyanın planlarını reallaşdırır: "Ermənistanda tarixən ciddi formalaşmış dövlətçilik ənənələri olmayıb. Ona görə əhali rəhbərlərin dövlətçiliyə hörmətsizliyinə dözür. Amma indiki reallığın daha bir cəhəti kilsənin də zəifləməsindədir. Erməni Apostol Kilsəsinin mənəviyyatsızlıq və kriminallıqla dostlaşması S.Sərkisyanın dövründə başlanmışdı. Paşinyanın dövründə kilsəyə qarşı əməlli başlı mitinqlər keçirilir. Beləliklə, Ermənistan əhalisinin idarəçilərə ehtiyac olmadığı göz qabağındadır. Paşinyan Ermənistan dövlətçiliyinin mövcudluğunu şübhə altına salmaq istiqamətində kifayət qədər ciddi addım atdı".
M.Əhmədoğlu əlavə edib ki, Ermənistandan fərqli olaraq Azərbaycanın beynəlxalq aləmdə, regional proseslərdə rolu artıb: "Azərbaycan hal-hazırda təhlükəsizlik ixracatçısıdır. Yəni vaxtilə biz özümüz-özümüzü qoruya bilmirdik. Amma Ümummilli Lider Heydər Əliyevdən sonra elə bir dövlət qurmuşuq ki, indi artıq başqa dövlətlər, regionlar özlərinin təhlükəsizliyinin təmin olunmasından ötrü bizə müraciət edirlər". Politoloqun sözlərinə görə, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) dəvət olunması, KTMT ilə əlaqələri yəni KTMT-dən Azərbaycana olan münasibət çoxspektirli münasibətdir: "Orada Belarusiyanın, Qazaxıstanın, Rusiyanın Azərbaycana o kontekstdə üz tutmasının ayrı motivasiyası var. Yəni Rusiya fikirləşir ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Qafqaz regionunda təhlükəsizliyin təminində vacib rol oynaya bilər. Bildiyiniz kimi 2018-ci il həm də onunla xarakterizə olundu ki, artıq Suriyada İŞİD terror qruplaşması məhv olub. Hamı düşünür ki, İŞİD-in belə bir səsi Əfqanıstan vasitəsilə Mərkəzi Asiyaya gələcək, digər qismi isə Şimali Qafqaza gələcək. İndi Azərbaycanı həm Mərkəzi Asiyaya dəvət edirlər ki, ölkəmizin orada iştirakı artsın, həm də Rusiya bu tərəfdə Azərbaycanı KTMT-yə dəvət etməklə istəyir ki, Qafqazda təhlükəsizliyi, mövqeyi daha da güclənsin. Amma Belarusiya və Qazaxıstanın Azərbaycanı KTMT-də görməsi onların öz müstəqil siyasətlərini qorumaqda Azərbaycanı yanlarında görməkdən ibarətdir. Yəni Azərbaycanı 2018-ci ildə açıq-aşkar ümid yerinə çeviriblər.
Prezidentin həm 2018-ci ilin sonunda, həm də Rusiya televiziyasına verdiyi müsahibəsində yer ayrılırdı ki, Azərbaycan artıq dünya energetikası üçün Türkiyə-Azərbaycan formatını yaradır. Azərbaycan Prezidenti bəyanatlarına hədsiz fikir verən şəxsdir. Bu gün Azərbaycanın qaz kəməri artıq Avropaya gedir. Eləcə də Türkiyənin də qazı Rusiyanın ərazisindən Avropaya gedir. Hətta Azərbaycan lazım olsa Türkiyə ərazisində Rusiyaya qaz verə bilər. Əsas hədəf odur ki, Avropa enerji qıtlığı çəkməsin. Avropanın önündə Azərbaycan daha etibarlı enerji ixracatçısı kimi görünsün".