Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib Siyasət

Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 17-də Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.
Komitənin sədri Rafael Hüseynov əvvəlcə 2018-ci ilin payız sessiyasında görülmüş işlər barədə hesabatı diqqətə çatdırıb. O bildirib ki, payız sessiyasında komitənin 7 iclası keçirilib, 22 məsələ müzakirə edilib. Sessiya ərzində komitəyə daxil olan müraciətlər müvafiq ünvanlara göndərilib, vətəndaşlar qəbul edilib.
Sonra 2018-ci ilin yaz sessiyasında görüləcək işlər barədə danışılıb.
Deputatlar Milli Məclisin 2018-ci ilin payız sessiyasında mədəniyyət komitəsində görülmüş işlər barədə hesabatı qənaətbəxş hesab ediblər.
Daha sonra gündəlikdəki digər məsələlərə baxılıb.
Əvvəlcə "Milli Arxiv Fondu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Qeyd edilib ki, qanun layihəsi "Dövlət sirri haqqında" Qanunda 2018-ci il iyunun 12-də təsdiq edilmiş dəyişikliklərə uyğunlaşdırma məqsədilə hazırlanıb.
İclasda, həmçinin "Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında yerləşmə ölkəsi haqqında" sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə baxılıb.
Daha sonra Azərbaycan Respublikasının "Sərhəddə fərqlənməyə görə" medalının Əsasnaməsinin təsvirinin təsdiq edilməsi haqqında", Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin təsdiq edilməsi haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmət keçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunlarda və Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə edilib. Bildirilib ki, qanun layihələri texniki xarakterlidir və uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, 2018-ci il iyunun 12-də "Sərhəd qoşunları haqqında" Qanunda çoxsaylı dəyişiklik edilib. Eyni zamanda, həmin dəyişikliklər əsasında "sərhəd qoşunları" ifadəsi "sərhəd mühafizə orqanları" ifadəsi ilə əvəz edilib, bundan irəli gələrək "Sərhəd qoşunları haqqında" Qanun "Sərhəd mühafizə orqanları haqqında" Qanun adlandırılıb.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.