“Narahatlıq üçün ciddi əsas görmürəm” Siyasət

“Narahatlıq üçün ciddi əsas görmürəm”

Qüdrət Həsənquliyev: " İnzibati orqanlar arasında, aidiyyətlə, səlahiyyətlə bağlı mübahisə yaranırsa bunu daha yuxarı orqan həll etməlidir"

"Burada qeyd olunur ki inzibati orqanlar arasındakı aidiyyət və səlahiyyətlərlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Əgər qeyd olunsaydı ki, inzibati orqanlar arasındakı aidiyyət və səlahiyyətlə bağlı məsələlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur, bu, Çingiz müəllimin (Çingiz Qənizadə - red.) narahatlığına əsas verərdi". Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında millət vəkili Çingiz Qənizadənin "İnzibati icraat haqqında" qanunda dəyişikliyə əsasən mübahisəli məsələlərin həllinin Prezident Administrasiyasının səlahiyyətinə verilməsinə etiraz etməsinə münasibət bildirərkən deyib: "Amma həlli qaydalarının müəyyən olunması ayrı, mübahisələrin həlli isə ayrı şeydir. Ona görə də düşünürəm ki, əlbəttə inzibati orqanlar arasında, aidiyyətlə, səlahiyyətlə bağlı mübahisə yaranırsa bunu daha yuxarı orqan həll etməlidir. Yəni burada mən narahatlıq üçün ciddi bir əsas görmürəm. Ona görə də hesab edirəm ki, bu qanun layihəsinə biz səs verə bilərik".