“Pakistan Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındadır” Siyasət

“Pakistan Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındadır”

Dünən Pakistanın Azərbaycandakı səfirliyində Kəşmirin Həmrəylik Günü ilə bağlı mətbuat konfransı keçirilib. Əvvəlcə Kəşmir hadisələrindən bəhs edən videoçarx nümayiş olunub.
Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səid Xan Mohmand bildirib ki, Kəşmirin Həmrəylik Günü 1990-cı ildən başlayaraq hər il fevralın 5-də qeyd olunur. O əlavə edib ki, bununla bağlı Pakistanın dünyanın bütün ölkələrindəki diplomatik korpuslarında tədbirlər keçirilir, yerli ictimaiyyət məlumatlandırılır.
Daha sonra səfir Pakistan prezidenti və baş nazirinin müraciətini oxuyub.
Münaqişənin mahiyyətindən söz açan səfir bildirib ki, 1947-ci ilin oktyabrında Hindistan ordusu Kəşmiri işğal edib və bu da azadlıqsevər kəşmirlilərin üsyana qalxmasına səbəb olub. O vaxtdan üzü bəri minlərlə kəşmirli azadlıq mübarizəsinin qurbanına çevrilib.
Səfir Səid Xan Mohmand diqqətə çatdırıb ki, 1989-cu ildən bu yana Kəşmirin azadlığı uğrunda 100 minə yaxın kəşmirli dünyasını dəyişib: "Üstəlik, 11 min 107 qadın təcavüzə məruz qalıb, 110 min yaşayış evi hind ordusunun bölmələri tərəfindən dağıdılıb. Həmçinin, 25 minə yaxın qadın dul qalıb, təxminən 108 min uşaq valideynlərini itirib. Səfir onu da qeyd edib ki, bütün bu rəqəmlər rəsmən açıqlananlardır, əslində isə, belə faktlar daha çoxdur. Lakin vəhşilik və alçaldılmalar Kəşmir xalqının BMT nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarlarında nəzərdə tutulan öz qanuni müqəddəratını təyinetmə hüququ uğrunda mübarizəsinin qarşısını ala bilmədi. Pakistan dövləti inanır ki, məcburiyyət və insan hüquqlarının pozulması heç vaxt bu mübarizəni dayandıra bilməyəcək".
Səid Xan Mohmand Cammu və Kəşmir məsələsində verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib: "Pakistan Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındadır. Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələri var. Biz təkcə Qarabağ münaqişəsində deyil, digər məsələlərdə də Azərbaycanı dəstəkləyirik".
Daha sonra sualları cavablandıran səfir bildirib ki, qarşıdakı aylarda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutacaq. Səfir bildirib ki, nazirlərin ikinci üçtərəfli görüşünə Pakistan paytaxtı İslamabad ev sahibliyi edəcək.

Əli