“Güclü iqtisadiyyat da gücləndirilməlidir” Siyasət

“Güclü iqtisadiyyat da gücləndirilməlidir”

Niyaməddin Orduxanlıdan Naxçıvandan olan "tənqidçi"lərə cavab: "Heç güclü iqtisadiyyatın olduğu bölgəni insanlar iş tapmaq üçün tərk edərmi?!"

Niyaməddin Orduxanlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatının gücləndirilməsi ilə bağlı təkliflərini, konkret statistik məlumata söykənən analitik fikirlərini məqsədyönlü şəkilıdə yanlış istiqamətə yozan bəzi buyruq qulluqçularına cavab verib.
BAXCP sədrinin müavini deyib ki, son vaxtlar bəzi sosial şəbəkələrdə və internet resurslarında millət vəkili Qüdrət Həsənquliyev sifarişlə tənqid olunur: "Məsələn iqtisadiyyatdan heç bir anlayışı olmayan birinin yazdığına, yaxud təkrarladığına görə, "Naxçıvanın iqtisadiyyatı güclüdür" və "Qüdrət Həsənquliyev Naxçıvanın iqtisadiyyatı gücləndirilməlidir " deyəndə səhv edir". Niyaməddin Orduxanlı bildirib ki, istənilən normal adam hətta güclü iqtisadiyyatın da gücləndirilməsinin vacib olduğunu normal da qəbul etməlidir: "İqtisadiyyat yerində saya bilməz, o ya geriyə getməli, ya da güclənməlidir". Niyaməddin Orduxanlı BAXCP sədrinin Naxçıvanın iqtisadiyyatı ilə bağlı səsləndirdiyi fikirlərdən iqtibas da gətirib: "Qüdrət Həsənquliyev deyib: "Gələn il Naxçıvanın büdcəsinin yalnız 21.7%-i, yəni 83.3 milyon manatı yerli gəlirlər hesabına formalaşacaq. 455 mindən artıq insanın qeydiyyatda olduğu region üçün bu rəqəmin nə qədər kiçik olduğunu söyləməyə ehtiyac yoxdur. 341 min insanın yaşadığı Sumqayıtın gəlirləri 90 milyon manatdır. Muxtar Respublikanın 83.3 milyonluq yerli gəlirlərinə Naxçıvan MR Dövlət Gömrük Komitəsi tərəfindən toplanan vəsait də daxildir və bu vəsait də dövlət büdcəsindən daxil olan dotasiya kimi qəbul olunmalıdır. Dünyanın heç bir federativ və ya konfederativ dövlətində subyektlərin gömrük və miqrasiya xidməti yoxdur. Azərbaycan isə hətta unitar dövlətdir. Bu dövlət institutları müstəsna olaraq mərkəzi hakimiyyət tərəfindən formalaşdırılır və gömrük daxilolmaları yerli büdcəyə yox, dövlət büdcəsinə köçürülür. Keçmişdə Naxçıvanın iqtisadi durumunun daha ağır vəziyyətdə olmasını, blokada vəziyyətində yaşamasını nəzərə alaraq büdcə vəsaitləri hesabına əlavə iş yerlərinin açılması üçün Muxtar Respublikada DGK və DMX formalaşdırılmışdır. Amma bunun mənfi nəticələri ondan ibarət olub ki, bu gün Naxçıvandan Bakıya və əks istiqamətdə hərəkət edən, əşya və yük daşıyan insanlar gömrük yoxlamalarından keçmək və qanunsuz "rüsum" ödəmək zorunda qalmışlar, sanki başqa dövlətdən gələn əcnəbilər kimi. Hətta Avropa İttifaqının vətəndaşları belə bir üzv dövlətdən digərinə gedərkən gömrük yoxlamalarına məruz qalmırlar. Muxtar Respulika DGK tərəfindən yığılan vəsait, o cümlədən Bakıdan verilən dotasiya və Prezidentin ehtiyat fondundan ayırdığı vəsaitlər hesabına maliyyələşdirilən investisiya layihələrindən daxil olan ƏDV, mənfəət vergisi və sosial müdafiə fonduna edilən ödənişlər 83.3 milyonluq yerli gəlirlərdən çıxılsa, Naxçıvan MR iqtisadiyyatının real durumunu göz önünə gətirmək olar. Bu zaman bəlli olacaq ki, Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının ödədiyi vergilər babat bir şirkətin ödədiyi vergilər qədərdir. Əlbəttə, kimsə düşünə bilər ki, yəqin vergidən yayınma halları var, yaxud toplanan vergi büdcəyə ödənilməyib mənimsənilir. Yox, belə deyil. Bu halda insanlar iş üçün Naxçıvanı tərk etməzdilər".
BAXCP sədrinin müavini Qüdrət Həsənquliyevin iqtibas gətirdiyi fikirlərindən çıxış edərək, "tənqidçi"lərə sual da ünvanlayıb: ""Tənqidçi dostlar", güclü iqtisadiyyat bu qədər vergi ödəyərmi?! Heç güclü iqtisadiyyatın olduğu bölgəni insanlar iş tapmaq üçün tərk edərmi?!"