“Son döyüş və qisas arzusuyla yaşayıram” Siyasət

“Son döyüş və qisas arzusuyla yaşayıram”

Azərbaycan ordusunda xidmət etmiş sabiq korpus komandiri, general-leytenant Yaşar Aydəmirovun "Eurasia Diary"-yə müsahibəsini oxucularımıza təqdim edirik:

– Qarabağ qazisi və ehtiyatda olan general olaraq münaqişənin həlli ilə bağlı sülh danışıqlarının indiki vəziyyətini necə qiymətləndirirsiniz?
– Hərbçi sülhdən və sülh danışıqlarından heç vaxt ağızdolusu danışa bilməz. Çünki biz müharibə adamıyıq. Hələ də mən son döyüş və qisas arzusuyla yaşayıram. Düşünürəm ki, Azərbaycan xalqı, nəyin bahasına olursa-olsun, öz torpaqlarını düşməndən xilas etməlidi. Dəfələrlə cənab Ali Baş Komandan da qeyd edib ki, erməni tərəfi sülh yoluyla torpaqlarımızı azad etməsə, biz mütləq hərbi taktikalardan istifadə edəcəyik. Mən və bütün vətənpərvər zabitlər yalnız Ali Baş Komandanın əmrini gözləyirik. Hazırkı sülh danışıqları isə düşməni yola gətirmək üçün son diplomatik həmlələrdir. Əgər Ermənistan diplomatik danışıqlardan yayınsa, inanıram ki, biz yenidən genişmiqyaslı hərbi əməliyyatları görəcəyik.
– Birinci Qarabağ müharibəsinin aktiv iştirakçılarından biri olmusunuz. İştirak etdiyiniz uğurlu hərbi əməliyyatlar, bu əməliyyatlar zamanı yaşanan maraqlı faktlar, həmçinin döyüşlər sırasında şücaətiylə xüsusi olaraq fərqlənən əsgərləriniz barədə xatirələrinizi dinləmək maraqlı olardı…
– Bir çox uğurlu əməliyyatlarda iştirak etmişəm, bəzilərinəsə şəxsən rəhbərlik etmişəm. Ən yaddaqalan və ən böyük uğurlar Beyləqan istiqamətində gedən döyüşlərdə və Horadiz əməliyyatında olub. Ancaq mənim yadımda qalan bütün əsgərlərim şücaət və qəhrəmanlığıyla seçiliblər. Onları fərqləndirmək çox çətin olar. Ümumiyyətlə, o döyüşlərdəki hər bir əsgər bir qəhrəman idi. Onlar heç nədən qorxmadan, düşmənlə açıq döyüşə çıxır və "vətən uğrunda" deyə hayqıraraq, ölümə gedirdilər. Onların hamısının fədakarlıqlarını və zəhmətlərini xüsusi vurğulamaq lazımdır. Ancaq bir epizod istəyirsinizsə, deyim.
Yadımda qalan maraqlı faktlardan biri Beyləqan döyüşlərində, Daşburun istiqamətində gedən döyüşlərdə olub. Biz hələ bir neçə gün əvvəldən əməliyyat barədə əmr almışdıq və hazırlaşırdıq. Döyüşlərdəki bacarığı və şücaətiylə seçilən Nazim adlı bir əsgərim vardı. Əməliyyatdan öncə mənə dedi ki, "Komandir, elə bil ürəyimə damıb, mən bu əməliyyatdan sağ qayıtmayacam". Təsəvvür edin ki, o, bu sözləri qorxaraq yox, əzmlə, təbəssümlə deyirdi. Bizim o zaman tutduğumuz mövqedən onun evinə cəmi 15 dəqiqəlik yol idi. Ona dedim ki, belə şeyi zarafata salmaq olmaz, get ailənlə, ananla görüş. Razılaşmadı, elə bil döyüşdən əvvəl evə getməyi özünə sığışdıra bilmirdi. Dedi, torpaqları qaytaraq, qismət olsa, mütləq gedəcəm, gələndə də sizə, uşaqlara şirniyyat, mürəbbə gətirərəm. Xeyli zarafatlaşdıq, dedik-güldük. Nazim Daşburun istiqamətində gedən döyüşlərdə çox ağır yaralandı. Ayaqlarını itirdi, bir müddət sonra vəfat etdi. Belə qəhrəman əsgərlərimin sayı çox olub. Onlar vətəni hər şeydən, hətta özlərindən və ailələrindən də uca tuturdular.
– Bəs şəhid olan milli qəhrəmanlarımızdan hansılarıyla münasibətiniz olub, onlarla hansı əməliyyatlarda iştirak etmisiniz?
– Bir çoxlarıyla, Şikar Şikarov, Rasim İbrahimov və digərləri. Onlarla çox əməliyyatlarda iştirak etmişik, ancaq harada, necə, dəqiq yadımda qalmayıb. Rasimi ən son Füzulidə görmüşdüm. Məni qərargahdan ora göndərəndə o, könüllü dəstələrdən qurulmuş batalyonun komandiri idi. Çox mərd, qorxmaz biri idi. Yaxşı hərbi təhsil almış, peşəkar hərbçi idi. Biz onunla görüşəndən bir müddət sonra mən xəbər tutdum ki, onun dəstəsi Tuğ kəndi istiqamətində muhasirəyə düşüb. Dəstəsini xilas etmək üçün özünü qurban vemişdi. Allah rəhmət eləsin…
– Azərbaycan ordusunun hazırkı durumunu necə dəyərləndirirsiniz? Ordumuz döyüş əmrinə tam hazırdırmı?
– Əlbəttə! Ordumuzun texniki təchizatı əvvəlkinə nisbətən qat-qat inkişaf edib. Ordu istər Aprel döyüşləri, istərsə də digər hərbi əməliyyatlarda öz gücünü göstərib. Ancaq bir məsələyə toxunmaq istəyirəm. Azərbaycan əsgəri hər an döyüşə hazır olub. Başa düşürsüz, onu hazırlamaq üçün xüsusi bir metoda ehtiyac yoxdu. Vətən uğrunda döyüşmək Azərbaycan əsgərinin qanında, genində var. Bizim tariximiz vətənin müdafiəsi salnaməsidir. Diqqət yetirsəniz, Babəkdən Şah İsmayıla, Nadir Şaha, ondan Mehmandarova, Həzi Aslanova, ondan Şirin Mirzəyevə, Şikar Şikarova, ondan Mübariz İbrahimova qədər bütün qəhrəmanlarımız vətəni müdafiə üçün mübarizə aparıblar. Bu gün də bu mübarizə əzmi əcdadlarımızdan Azərbaycan əsgərinə keçmişdir. Mən öz hərbi praktikamda bunun əyani şahidi olmuşam. Ona görə də Azərbaycan ordusunun tam hazır vəziyyətdə olduğunu düşünürəm və belə hesab edirəm ki, bütün ordu Ali Baş Komandanın dilindən çıxacaq bir əmri böyük səbirsizliklə gözləyir.