Mənim suallarım Siyasət

Mənim suallarım

Dövlət uzun illərdir ki, mediaya dəstək verir. Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul edilib. Artıq 10 ildir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fəaliyyət göstərir. 10 ildir ki, çap mediasının Fonda təqdim etdiyi layihələr maliyyələşdirilir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün tədbirlər həyata keçirilir. Prezidentin sərəncamı ilə jurnalistlər üçün inşa edilən 3-cü binanı uzaq məsafədən də görmək mümkündür. Dövlət başçısı hər il mediaya birdəfəlik yardımların ayrılması ilə bağlı sərəncam imzalayır. Prezidentin kütləvi informasiya vasitələrinin inkişafına maddi və mənəvi dəstəyi göz önündədir.
KİVDF-nin fəaliyyəti də elə bu dəstəyin bariz nümunələrindən biridir.
KİVDF Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasına uyğun fəaliyyət göstərir, onun bu konsepsiyanın sərhədlərindən kənara çıxmaq üçün nə səlahiyyəti var, nə də imkanı...
Azərbaycan Mətbuat Şurası (AMŞ) da jurnalistlərin özünütənzimləmə qurumudur. Və təbii ki, hökm çıxarmaq, qərardad qəbul etmək, cəza vermək... kimi səlahiyyətləri yoxdur.
Hər iki qurum öz səlahiyyətləri və inkanları çərçivəsində üzərilərinə düşən vəzifələri layiqincə yerinə yetirir və bunun əksini sübuta yetirməyə çalışan istənilən şəxsin tutarlı arqumentlərini cavablandıra bilərəm. Dedi-qoduya, boşboğazlığa cavab vermək üçün isə nə vaxtım var, nə də istəyim. Amma buna baxmayaraq, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və "Xalq cəbhəsi" qəzetinin baş redaktoru kimi az qala hər gün medianın problemləri ilə bağlı hədəf kimi göstərilən AMŞ VƏ KİVDF haqqında əsaslandırılmamış və əksər hallarda dedi-qodudan uzağa getməyən suallara cavab vermək məcburiyyətində qalıram.
İndi isə sual növbəsi məndədi...
Qəzetlərdən başlayaq:
Qəzetçilik təkcə yaradıcı və çap prosesi ilə məhdudlaşmır, onun oxucuya çatdırılması və əlçatan olması bəlkə də ilk iki mərhələdən daha çox əhəmiyyət kəsb edir. Qəzetin oxucuya çatdırılmasının da 2 yolu var – abunə və satış. Qəzetlər abunəçilərə yayım şirkətlərinin araçılığı, yaxud elə birbaşa poçt vasitəsilə çatdırılır. Satış da qəzet köşkləri vasitəsi ilə aparılır. Bakıda sovet dövründən qalma qəzet köşklərinin əksəriyyəti sökülüb, yerdə qalan adda-budda köşklər də yeni yaşayış və ticarət komplekslərinin kölgəsində son günlərini yaşayır. Yeni quraşdırılan tünd yaşıl rəngli köşklərə isə "Əks-səda" şirkəti baxır. İndi mən də bu şirkətin "əks" tərəfinə baxmaq istəyirəm: "Əks-səda"nın köşkləri satış üçün olduqca məhdud sayda qəzet götürür – hər köşk üçün maksimum 2 qəzet! Amma siqaret, enerji içkiləri və s. üçün belə bir məhdudiyyət yoxdur. Hər köşkə 2-dən çox qəzet vermək istəsən o zaman əlin cibində olmalıdır. Çünki verdiyin qəzetlər satılmazsa o zaman qəzetin tam dəyərini ödəməlisən. Absurddur, deyilmi? Yəni adı qəzet köşkü olan bir nəsnə, yaxud nə bilim nə... satmadığı qəzetin pulunu onun istehsalçısından tələb edir. Və buna görə də ortalığa "Əks-səda"ya, onun "əks"inə və "səda"sına sahiblik edənlərə ünvanlamağa məcbur olduğum suallar çıxır:
"Qəzet köşkü" adı ailə quraşdırılan köşklərin qanunla qadağan edildiyi halda vitrinlərində tütün məmulatlarını açıq şəkildə nümayiş etdirmələrinin və qəzetləri əksər halarda köşkün bir küncünə atmalarının səbəbi nədir?
Qeyd edim ki, bu qəzet köşkləri quraşdırılanda mediaya belə bir izah verilmişdi ki, qəzet köşklərində siqaret enerji içkiləri və digər məhsulların satılmasının əsas səbəbi elə qəzet satışına dəstək verməkdən ibarətdir.
"Əks-səda" şirkətinin köşkləri siqaret, enerji içkiləri və digər məhsulları sata bilməyəndə satılmayan məhsulların dəyərini bu məhsulları təqdim edən şirkətlərdən tələb edirmi?
Azərbaycanda tütün məhsullarının satışına və istifadəsinə məhdudiyyətlərin qoyulduğu, əhalinin sağlamlığının qorunması üçün tütündən istifadəyə qarşı təbliğatın aparıldığı bir vaxtda "Əks-səda"nın köşkləri nə üçün tütün məmulatlarını üzərində müvafiq xəbərdarlığın olduğu qutularda deyil, ədədlə satır və bununla da marifləndirici qəzetlərin əvəzinə sağlamlığa ziyan vuran tütün məhsullarının əlçatanlığını təmin edir?
Təbii ki, suallarım təkcə "Əks-səda"ya deyil, ünvanların sayı kifayət qədər çoxdur. Məsələn, nə üçün "Azərpoçt" çap mediasının problemlərlə üz-üzə qaldığı bir zamanda qəzetlərin ünvanlara çatdırılması çətinləşdirən qiymət siyasəti tətbiq edir?
Yaxud ölkədə kifayət qədər ciddi və ənənəsi olan gündəlik qəzetlərin yayımlandığı bir zamanda müvafiq dövlət qurumlarının qəzet çıxarmasının səbəbi nədir? Olmaz ki, dövlət qurumları bu işi müvafiq müqavilə əsasında peşəkar mediaya həvalə etsinlər?
Nə üçün dövlət qurumları və onların regionlardakı təmsiçilikləri gördükləri işlərin təbliğatını qarşılıqlı maraqları şəffaf şəkildə təmin edən müqavilə əsasında peşəkar medianın üzərindən aparmırlar?
Nə üçün ayrı-ayrı dövlət qurumlarının regionlardakı təmsilçiləri hələ də peşəkar media ilə deyil, adı, ünvanı kimsəyə bəlli olmayan "KİV"-lərlə əməkdaşlığa üstünlük verir, otaqlarında onların verdiyi 5-10 manatlıq "diplom"ları sərgiləyir, sonradan isə bu mediaya yad ünsürlərin əməllərindən şikayətçi düşürlər?
Nə üçün mətbuata sosial reklamların verilməsi ilə bağlı məsələ hələ də öz həllini tapmayıb?
Nə üçün kağız üzərindən ƏDV götürülməklə çap mediası və kitab çapı kimi olduqca faydalı bir işlə məşğul olan nəşriyyatlar bu ağır yükdən xilas olmurlar?
Nə üçün Azərbaycanda münasib qiymətlərlə yüksək keyfiyyətli rəngli qəzet çap edən poliqrafiya və çap müəssisəsi yoxdur?
Nə üçün qəzetlərin parakəndə, yəni əllə yayımına imkan yaradılmır?
Nə üçün nəqliyyatda, xüsusilə də metro stansiyalarında qəzet satışı bərpa edilmir?
Nə üçün otellərdə, restoranlarda, çoxsaylı market şəbəkələrində, ictimai iaşə obyektlərində Azərbaycan qəzetlərinin yayımı təşkil olunmur? Bizim sahibkarlarımız nə üçün gündə 3-5 manatlarından keçib klassik mediaya, milli mətbuata, onun marifçilik missiyasına dəstək vermək istəmirlər?
Nə üçün?
Nə üçün?
Nə üçün?
Bu sualların sayını sonsuzadək artırmaq olar. Mən ən vaciblərinə toxunmağa çalışdım.
Hesab edirəm ki, bu suallara cavab tapmaqla çap mediasını gələcəyə uğurla daşımaq olar.

Elçin Mirzəbəyli
"Xalq cəbhəsi" qəzetinin baş redaktoru
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü