“Düşmən soydaşlarımız üçün əlavə problemlər yaratmağa çalışır” Siyasət

“Düşmən soydaşlarımız üçün əlavə problemlər yaratmağa çalışır”

Elman Məmmədov: "İki millət arasına ixtilaf və düşmənçilik salmağa heç kim nail olmayacaq"

Moskvadakı "Neolit" kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentin şişirdilməsi, bundan iki xalq arasında qarşıdurma yaratmaq niyyətinin olması bəlli məsələdir.
Erməni təbliğatının liderlərindən biri, keçmiş radio aparıcısı, Ermənistan Parlamentinin və İrəvanın Ağsaqqallar Şurasının hazırkı deputatı Arman Abovyan sosial şəbəkə hesabında Rusiyada azərbaycanlılar və çeçenlər arasında baş vermiş insidentdən maksimum şəkildə istifadə etməyə çağırışı məsələni tam mənzərə ilə ortyaya qoyur.
Qafqaz Tarixi İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Hüquqları İnstitutunun baş elmi işçisi Rizvan Hüseynov bildirib ki, Abovyan münaqişə vəziyyəti zamanı sosial şəbəkə hesabında yazıb: "Deməli, uşaqlar, sizin əlbəttə ki, bizim üçün xoş hadisədən xəbəriniz var, mən Moskvada azərbaycanlılar və çeçenlər arasında baş vermiş qarışıqlıqdan danışıram. Bununla əlaqədar qarşımızda hansı vəzifələr var? Öncə, münaqişənin sosial şəbəkələrdə daha da alovlanması üçün əlimizdən gələni edirik, ancaq bunun üçün erməni adlarından istifadə etmirik ki, bizi vəziyyətin gərginləşdirilməsində heç kəs ittiham edə bilməsin. Qarşıdurmanın hər iki tərəfi adından təhqiredici şərhlər yazın. Çox aydın və dəqiq addımlar atmalıyıq. Biz bu vəziyyətdən maksimum faydalanmalıyıq. Yeni qarşıdurma bizim üçün uğur olacaq, ancaq istənilən halda bizim ən əsas vəzifəmiz nifrət və nifaq toxumlarını əkməkdir".
Son günlər sosial şəbəkələrin erməni istifadəçilərinin Azərbaycan və Çeçenistan arasında nifrət və qarşıdurma yaratmaq üçün baş verənlərdən fəal şəkildə istifadə etdiyi müşahidə olunub. Burada xalqlar arasında gərginliyi yüksəltmək əsas məqsəd olub. Erməni deputatın yazdıqları Azərbaycanda olduğu kimi, Çeçenistanda da geniş rezonans doğurduqdan sonra sözügedən paylaşım Abovyanın səhifəsindən yoxa çıxıb. Dərhal sonra isə erməni millət vəkili "inkar" taktikasına əl atıb. Məlum paylaşımdan 10 saat sonra Abovyan daha bir şərh yazıb (dəyişiklik olmadan tərcümə edirik):
"Təxribatla bağlı rəsmi bəyanat. Bu gün sosial şəbəkələrdə mənim adımdan çeçenlərlə a...baycanlılar arasında konflikti şişirtməyə çağırış edilmiş paylaşımın skrinşotları yayılıb. Bəyan edirəm ki, bu açıq-aydın axmaqlıq və təxribatdır. Mən sözügedən iyrəncliyin müəllifi deyiləm".
Diqqət edin, nifrətə təhrik edən postundan imtina edən bu şəxs bütün bunlarla yanaşı "azərbaycanlılar" sözünün yazılışında müxtəlif mənalara gələ biləcək çoxsaylı nöqtələr qoyur. Bəs bu iyrənclik deyil? Sadəcə Abovyan bir neçə saatdan sonra anladı ki, onun bu postu bumeranq effekti verə və düz erməni təxribatçıların qaşlarının ortasına uça bilər. Ona görə də geri çəkildi...
Qeyd edək ki, Aşot Melkumyan adlı istifadəçinin paylaşımı da geniş müzakirə mövzusuna çevrilib (Skrin təqdim edilir). O yazıb: "Dünən azərbaycanlılar və çeçenlər arasında mübahisə barədə eşitdim. Düşünürəm ki, bizim planımız alındı, biz bunu gözləyirdik. Necə də qızmar olacaq. Bu bizim üçün müsbətdir, çünki azərbaycanlıları məhv etmək lazımdır. Onlar bir-birilərinin ətini yeyəndə biz çeçenlərə deyəcəyik: "Görürsünüz, onlar bizim kimi sizi də məhv etmək istəyirlər". Çeçenlərin azərbaycanlılara nifrət etməsi üçün məhz bunu demək lazımdır. Bir daha deyirəm, bizim planımız alındı və bu bizim azərbaycanlılar üzərində qələbəmizdir".
Millət vəkili Elman Məmmədov deyib ki, ümumiyyətlə, çeçen xalqı ilə Azərbaycan xalqını bir-birinə tarixi dostluq kökləri bağlayır: "Bu gün də Azərbaycan dövləti ilə Rusiya Federasiyasının Çeçenistan Respublikası arasında çox yüksək səviyyədə münasibətlər var. Bu mənada hesab edirəm ki, fevralın 15-də Moskavadakı "Neolit" kafesində baş verən hadisə heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz". Onun sözlərinə görə, bu gün Azərbaycanın özündə də iki qonşu azərbaycanlı da bir-biri ilə dalaşır: "Eləcə də Çeçenistanda və yaxud başqa yerdə iki çeçenlər də bir-biri ilə dalaşa bilər. Burada bunu şişirdib təxribat xarakterli məlumat kimi yaymağın, iki millət arasına ixtilaf və düşmənçilik salmağın heç bir mənası yoxdur. Təbii ki, buna da heç kim nail olmayacaq. Yəni bu məsələdə mən hesab edirəm ki, çox ciddi düşmən müdaxiləsi var. Bu gün Moskvada çoxlu sayda həm ermənilər yaşayır. Bu heç kimə sirr deyil. Hətta deyərdim ki, dava-dalaşın düşməsində hökmən düşmən izi vardır. Düşmən də təbii ki, Azərbaycan və Çeçen xalqlarının dostluğunun pozulmasına və Moskvada yaşayan soydaşlarımız üçün əlavə problemlər yaratmağa çalışır. Onlar öz xeyirləri üçün hər iki tərəfi nüfuzdan, hörmətdən salmağa çalışırlar. Bu məsələ ilə bağlı şəxsən cənab Prezidentimiz çox ciddi məşğul olur və lazımi tapşırıqlar verib. Eləcə də Azərbaycan Rusiyadakı səfiri Polad Bülbüloğlu bu məsələ ilə ciddi məşğuldur. Həmçinin Moskvada Azərbaycanı təmsil edən kifayət qədər nüfuzlu bizim soydaşlarımız var ki, onlar bu məsələ ilə çox ciddi məşğuldurlar və bu problemin aradan qaldırılması üçün əllərindən gələni edirlər. Eyni zamanda bunu Çeçenistan tərəfi üçün də demək olar. Çeçenistan Prezidenti Ramzan Kadırov və digər rəsmilər də çalışırlar ki, problem aradan qaldırılsın. Hesab edirəm ki, düşmən təxribatına uymaq lazım deyil".
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu, millət vəkili Rasim Musabəyov isə deyib ki, çeçenlərlə azərbaycanlılar arasında Moskvada baş verən hadisələrdə xarici xüsusi xidmət orqanlarının əlinin olduğunu düşünmür: "Bu haqda düşünməyə də dəyməz. Ancaq məsələ aydındır. Bu konfliktdən öz xeyirinə yararlanmaq istəyənlər də az deyil. Sosial şəbəkələri izləyənlər də bunu aydın şəkildə görürlər. Ermənilərin bir çox təşkilatları bu hadisədən yararlanmağa çalışırlar. Öz məqsədləri üçün istifadə etmək istəyirlər. Hətta ola bilsin ki, Ermənistanın kəşfiyyat orqanları da bununla məşğul olur. Onların əsas istəkləri bu konflikti şişirtməkdir. Eyni zamanda, onu daha da genişləndirməyə cəhd göstərməkdən ibarətdir. Şükürlər olsun ki, Azərbaycan rəhbərliyi də məsələyə müdaxilə etdi. Bizim ağsaqqallar da qarşı tərəfin nüfuzlu adamları ilə görüşlər keçirdilər. Bu da vəziyyətin cilovlanmasına görə edildi. Hadisənin geniş miqyas almaması üçün lazım olan işlər görüldü. Azərbaycanla Çeçenistan arasındakı ənənəvi dostluq münasibətlərimizin pozulmaması üçün gərəkli addımlar atıldı...".