“Prezident problemli kreditlərin həlli ilə bağlı göstəriş verib” Siyasət

“Prezident problemli kreditlərin həlli ilə bağlı göstəriş verib”

"Müxalifətin mitinqlərdə səsləndirdiyi fikirlərin əsası yoxdur. Onlar hökumətin atdığı addımları öz adlarına çıxırlar".
Bunu hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.
Növbəti mitinqin problemli kreditlərə həsr olunmasına münasibət bildirən YAP rəsmisi qeyd edib ki, hökumət Mərkəzi Banka, Maliyyə Bazarlarına Nəzarət Palatasına, ayrı-ayrı kommersiya banklarına müvafiq tapşırıqlar verib: "Bu məsələ araşdırılır, həlli istiqamətində addımlar atılır. Kreditlərlə bağlı məsələyə yanaşma iki cürdür:
1. Kənd təsərrüfatının inkişafı üçün fermer təsərrüfatı yaratmaq, kiçik sahibkarlıq obyektlərini yaratmaq və digər bu qəbildən olan sahələr üçün götürülən kreditlər.
2. Bahalı avtomobillərin alınması üçün və digər bu tip götürülən kreditlər. Tutaq ki, kimsə kredit götürüb, kənd təsərrüfatına sərmayə qoyub, amma hava şəraiti imkan verməyib, ona görə də borcu yaranıb. Buna yanaşma fərqli olmalıdır. Amma digəri isə əyləncəyə görə 200 min manatlıq maşın almaq üçün kredit götürüb və qaytara bilməyib. Bu isə yanaşma tam fərqli olmalıdır. Yəni, bu məsələlər araşdırılır… Təbii ki, kommersiya bankları var ki, uzun illərdir fəaliyyət göstərir, kifayət qədər gəlir götürüblər. Ona görə də problemli kreditlərlə bağlı banklar güzəşt etməlidirlər".