“Bəzən dövlət başçıları qəti qərarlar qəbul etmək məcburiyyətində qalır” Siyasət

“Bəzən dövlət başçıları qəti qərarlar qəbul etmək məcburiyyətində qalır”

Qüdrət Həsənquliyev: "2019-cu ildə belə qərarlar qəbul oluna bilər"

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini oxucularımıza təqdim edirik:

- Qüdrət bəy, Pakistan hər zaman Azərbaycanı Dağlıq Qarabağ münaqişəsində müdafiə edib, Ermənistanla diplomatik əlaqələr belə qurmayıb. Hazırda Pakistanla-Hindistan arasında gərgin hərbi vəziyyət müşahidə olunur. Bu iki ölkə arasında yaşananları necə qiymətləndirirsiniz?
- Hesab edirəm ki, bu məsələdə Hindistan haqsızdır. Pakistan bizə qardaş ölkə olduğuna görə belə demirəm. Baş nazir İmran Xan bəyan etdi ki, bəli, terror hadisəsi baş verib, Pakistan dövləti bu terroru qınayır, bu terror hadisəsi İslamabad tərəfindən dəstəklənə bilməz. Əgər bunu hansısa terrorist təşkil edibsə, biz, sizinlə tam əməkdaşlığa hazırıq. Yəni Pakistan elan etdi ki, terrorçuları ən ciddi şəkildə cəzalandırmaq, ədalət mühakiməsinin qarşısına çıxarmaqda Hindistanla əməkdaşlığa hazırdır. Əgər dövlətdən şübhələnirsinizsə, faktlar təqdim edin. Pakistan dövlətini belə ağır və insanlıq əleyhinə cinayətdə ittiham etmək düzgün deyil. Pakistanın mövqeyi belədir. Amma buna baxmayaraq, Hindistan tərəfi Pakistanın ərazi bütövlüyünü pozaraq ora hava zərbələri endirdi və Pakistanı hədələməyə başladı. Hesab edirəm ki, Hindistan nə qədər böyük dövlət, nüvə ölkəsi olsa da, Pakistan bizim yaxın müttəfiq dövlətimizdir və Azərbaycan tərəddüd etmədən, birmənalı şəkildə Pakistanı dəstəkləməlidir. Çünki Pakistan bizə qardaş ölkədir. Söhbət yalnız Pakistanın bizə qardaş ölkə olmasından getmir, həm də bu məsələdə haqlıdır.
- Əslində tərəflər arasında böhran Kəşmir problemindən qaynaqlanır. Kəşmir 3 hissəyə bölünüb, onun 45 faizinə Hindistan, 35 faizinə Pakistan, 20 faizinə isə Çin nəzarət edir. Sizcə, nədən dava Kəşmirin Hindistan və Pakistan ərazisi üzərində gedir, amma Çinin nəzarət etdiyi 20 faizlə bağlı hamı susur?
- Açığı, bu barədə geniş informasiyam yoxdur. Çin böyük dövlətdir. Amma söhbət həm də orada yaşayan insanların aktivliyindən gedir. Kəşmirin Hindistan hissəsinə düşən ərazidə yaşayan kəşmirlilər daha aktiv şəkildə Pakistana birləşmək istəyirlər. Ancaq Çinlə bağlı məsələ fərqlidir və oranın payına düşən Kəşmirdə insanlar aktiv deyil. Bəlkə də səbəb buradadır. Həm də Çinin daha böyük dövlət olması da buna təsirini göstərə bilər. Məncə, səbəb budur. Birinci növbədə sözsüz ki, insan faktoru, fəallıq gəlir.
- Vyetnamda Tramp-Kem Çin İn görüşü başa çatdı və müzakirələr uğursuz oldu, tərəflər nüvə anlaşması əldə edə bilmədi. Şimali Koreya nüvə silahından tam imtina etmir, Pakistan-Hindistan münaqişəsində də nüvə təhlükəsi var. Sizcə, bu vəziyyət hansı ana qədər davam edəcək və hansı təhlükələr yarada bilər?
- Vyetnamda razılaşmanın baş tutmamamasında böyük dövlətlərin əli var. Mən əminəm ki, Çin və Rusiya belə bir anlaşmada maraqlı olmayıb, bu səbəbdən də razılaşma əldə edilməyib. Bilirsiniz ki, Şimali Koreyaya Rusiyadan daha çox Çinin təsiri var. Əslində Şimali Koreya Respublikasının yaşamasının səbəbkarı da Çindir. Kem Çin İn də birbaşa Çin tərəfindən təlimatlandırılır və idarə olunur. Ona görə mən həmişə deyirəm ki, böyük dövlətlərin razılığı olmadan hər hansı regiondakı konflikt və münaqişələrin qarşısını almaq, həll etmək mümkün deyil. Vaxtilə SSRİ Əfqanıstana daxil olmuşdu. Amma oradakı mücahidləri Qərb silah, kəşfiyyat informasiyası ilə təmin edirdı. Sonra ABŞ Əfqanıstana daxil oldu. Bu zaman Rusiya və ABŞ-ın əleyhinə olan digər dairələr mücahidlərə dəstək verməyə başladı. Yəni böyük dövlətlər anlaşmayana qədər regionda sülh və sabitliyi təmin etmək mümkün olmur. Vyetnamda baş verən uğursuzluğun kökü də buradan qaynaqlanır. Əlbəttə, bəzi xarici ekspertlər və analitiklər qeyd edirlər ki, proses davam edəcək, dialoq prosesini uğursuz adlandırmaq olmaz və s. Amma Vyetnamda nüvə sazişinin əldə edilməməsi bütün hallarda uğursuzluqdur. Bunun da səbəbi regionda böyük dövlətlərin marağının toqquşmasıdır. Açıq desək, Çinlə ABŞ-ın maraqlarının toqquşmasıdır. Eləcə də Çinlə Yaponiya və Cənubi Koreya arasında soyuqluq və s.
- Gürcüstan Prezidenti Salome Zurabişvilinin Bakı səfərindən bir müddət əvvəl aydın oldu ki, Gürcüstanın Rusiyadan qaz almaq niyyəti var və Azərbaycanın Gürcüstan qaz bazarında inhisarçı rolunun azalmasını istəyir. Bu konteksdə xanım prezidentin Bakı səfərini necə qiymətləndirirsiniz?
- Əlbəttə, Gürcüstan anlayır ki, mövcud reallığı dəyişənə qədər Azərbaycandan asılı vəziyyətdədir. Gələcəkdə İrandan və ya Rusiyadan qaz alacağını indi söyləmək çətindir. Hətta belə bir razılaşma olsa da, bunu həyata keçirmək müəyyən vaxt alacaq. Prezident Zurabişvili də başa düşür ki, Azərbaycansız Gürcüstanın yaşaması çətin olar. Birincisi, Gürcüstana ən çox turist Azərbaycandan gedır. Ora ən çox investisiya qoyan azərbaycanlı iş adamlarıdır. Həm də onu da nəzərə alırlar ki, Gürcüstan ən böyük qonşusu Rusiya ilə düşməndir, digər böyük qonşusu Türkiyədir. Türkiyə və Azərbaycan isə qardaş, strateji müttəfiqdirlər. Və oradan Azərbaycana yönəlik siyasət müəyyən edilərkən, gürcü rəsmilər mütləq Türkiyə amilini nəzərə almaya bilməzlər. Eyni zamanda Gürcüstanda azərbaycanlılar yaşayır. Dəqiq statistika bəlli olmasa da, orada 400-500 minə yaxın soydaşımızın yaşadığı ifadə olunur. Bu kifayət qədər ciddi rəqəmdir və azərbaycanlılar Gürcüstanda faktordur. Əlbəttə, siyasi baxımdan böyük faktora çevrilməsə də, ciddi faktordur. Zənnimcə, bu amillərin hamısı nəzərə alınır. Həmçinin bir mənəvi məsələ də var. Bu da onunla bağlıdır ki, gürcülər həmişə çətin vəziyyətə düşəndə Azərbaycandan hər zaman dəstək görüblər. 2008-ci ilin avqust müharibəsi zamanı humanitar dəstəkdən oldu. Sonrakı dövrdə Rusiya tərəfindən qaz kəsiləndə, Azərbaycan öz rayonlarına verilən qazı dayandırdı ki, paytaxt Tbilisi başda olmaqla Gürcüstanın böyük şəhərlərini qazla təmin etsin. Düzdür, bizim ekspertlər bu barədə çox az danışırlar. Amma fikrimcə, bundan gecə-gündüz danışmaq lazımdır. Hətta dostlara demək lazımdır ki, mən sənin üçün hansı əhəmiyyəti daşıyıram. Görünür, bunu demək lazımdır. Gərək bizim siyasətçilər, ekspertlər bu haqda danışsınlar, gürcülər bunu bizim dilimizdən eşitsinlər. Yaxşı olar ki, gürcü ekspertlər də bu barədə fikirlərini desinlər.
Fikrimcə, Prezident Salome Zurabişvilinin Bakı səfəri çox əhəmiyyətlidir. Burada bir sıra razılaşmalar da əldə edildi. Zurabişvili nə qədər xristian həmrəyliyindən çıxış edərək, ermənilərə meyllənsə də, bir şeyi başa düşür ki, Ermənistan Rusiyanin hərbi müttəfiqidir, Gürcüstana nəfəslik olan Türkiyə isə Azərbaycanın hərbi-siyasi müttəfiqidir. Reallıq tamam başqa bir şeydir və prezident adətən öz xalqının maraqlarından çıxış edir. Gürcü xalqının da maraqları tələb edir ki, Azərbaycanla dost olsun, heç vaxt Azərbaycana xəyanət haqqında düşünməsinlər. Azərbaycanla tam səmimi dostluq etsinlər. Əgər bu olacaqsa, Gürcüstanın yaşam perspektivi var. Yox, olmayacaqsa, Gürcüstanın özü bundan əziyyət çəkəcək.
- Bu ayın sonunda Ukraynada prezident seçkiləri keçiriləcək. Rusiya-Ukrayna münasibətlərinin gərgin olduğu bu mərhələdə seçkilərin nəticəsi sürpriz ola bilərmi?
- Ukraynada Yuliya Timoşenkonun hakimiyyətə gəlmək imkanları böyükdür. Bu da onunla bağlıdır ki, 2014-cü ilin martında Yanukoviçi ölkədən qovan zaman Timoşenko həbsdə idi. Və həbsdən çıxdıqdan sonra Poroşenkonu müdafiə etdi. Bu, Ukraynaya böyük təsir imkanları olan Qərbin xeyir-duası ilə baş verdi. Qərb Timoşenkonu saxladı və çox çətin dövrdə Poroşenkonu qabağa buraxdı. Həm də o zaman Timoşenkoya qarşı ciddi ittihamlar vardı və s. Mənə elə gəlir ki, indiki mərhələdə qərbin simpatiyası daha çox Yuliya Tomoşenko üzərində fokuslaşıb. Onun hakimiyyətə gəlmək imkanları böyükdür. Amma siyasətdə yüz faizlik proqnoz vermək çox çətin məsələdir. Düşünürəm ki, Qərb Timoşenkoya dəstək verəcək. Çünki onun həm Rusiya ilə əlaqəsi var və Qərbə lazımdır ki, Ukrayna-Rusiya əlaqələrində yumşalma olsun. Üstəlik bu xanımın dövlət idarəetmə təcrübəsi var, Qərb onunla işləyib və onu proqnozlaşdıra bilir, bir siyasətçi kimi xarakterinə bələddir. Bu, çox önəmlidir.
- Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqları necə qiymətləndirirsiniz, ümumən bu istiqamətdə fəallıq hiss edirsinizmi?
- Əslində sizə deyim ki, mən 2019-cu ili Azərbaycan tərəfindən Qarabağın azad edilməsi üçün ciddi addımlar atılacağı il kimi qiymətləndirirəm. Fikrimcə, Azərbaycana olan təzyiqlərin bir hissəsi bununla bağlıdır. Baxın, bizim müxalifət qüvvələri Qarabağla bağlı mitinq keçirdi. Bu mitinqi hakimiyyət də, cəmiyyət də normal qarşıladı. Amma mitinqi dərhal anti-hökumət aksiyasına çevirdilər və bunun da effekti az oldu. Amma iqtidarlı-müxalifətli Qarabağla bağlı böyük aksiya keçirilə bilər. Məncə, bu çox faydalı olar. Təsəvvür edin ki, hakimiyyətli-müxalifətli böyük bir aksiya keçirilir, orada YAP-ın nümayəndələri, müxalifət partiyalarının təmsilçiləri çıxış edir. Dünya da görür ki, xalq Qarabağın azad edilməsini tələb edir.
Hesab edirəm ki, Azərbaycan hökuməti bu il Paşinyanın tam güclənməsinə imkan verməməlidir. Onun qarşısına konkret tələb qoyulmalıdır. Ya Qarabağın azad edilməsi üçün konkret addımlar at, ya da Azərbaycan öz torpaqlarını azad etməlidir. Düşünürəm ki, biz iki-üç rayonu hərbi yolla azad etsək, ermənilər vəziyyətin nə yerdə olduğunu başa düşüb konstruktiv mövqe sərgiləyəcəklər. Amma Azərbaycan bundan əvvəl Rusiya ilə intensiv danışıqlar aparmalı, çalışmalıyıq ki, Rusiya buna intensiv müdaxilə etməsin və Azərbaycanın haqlı olduğunu qəbul edərək imkan yaratsın ki, torpaqlarımızı azad edək. Hətta bu olmasa belə, düşünürəm ki, Azərbaycan hökuməti sonda xalq ilə açıq danışmalı və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində addımlar atmalıdır. Siyasətdə bəzən ağıllı fikirləşincə dəli vurub çayı keçir. Tarixdən yüzlərlə misallar gətirmək olar ki, ağıllı siyasətçi oturub fikirləşir və sonda kələfin içində itib-batır, nəticə də olmur. Bəzən dövlət başçıları qəti və ciddi qərarlar qəbul etmək məcburiyyəti qarşısında qalır. Düşünürəm ki, 2019-cu ildə belə qərarlar qəbul oluna bilər.

"Gündəlik Teleqraf"