Soçi görüşündən gözləntilər Siyasət

Soçi görüşündən gözləntilər

Rusiya yenidən vasitəçiliyi ələ almaqla, Cənubi Qafqazda söz sahibi olduğunu göstərməyə çalışır

Cavid

Cəbhədə gərginliyin artması, ermənilərin hücumu və Azərbaycan Ordusunun düşmənə cavabı beynəlxalq ictiamiyyətin diqqətini Dağlıq Qarabağ məsələsinə yönəldib. Belə ki, ABŞ, Avropa Birliyi, Rusiya və hətta İran da tərəfləri atəşkəsə səsləyir.
Cəbhədə artan gərginliyin və intensiv atışmalar fonunda həftəsonu Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü gözlənilir.
Qeyd edək ki, cəbhə xətttində erməni silahlı birləşmələrinin son təxribatlarından bir qədər əvvəl də prezidentlərin görüşü ilə bağlı təşəbbüs olmuşdu. Lakin bu görüş Rusiyada deyil, Fransada reallaşmalı idi...
Lakin görünür, rəsmi Moskvanın da öz planları var və cəbhə xəttində baş verən təxribatlar, ardınca Soçidə Kremlin görüş təşəbbüsü Qərblə Rusiya arasında Ukraynadakı hadisələr fonunda dərinləşən ziddiyyətlər fonunda daha dərin mətləblərdən xəbər verir.
Bəs regionda planları dəyişdirən və cəbhədə gərginliyi artıran səbəb nə oldu?
Xatırladaq ki, avqustun 2-də Ermənistan baş naziri Ovik Abramyan gözlənilməz bir açıqlama verib. O bildirib ki, Soçidə avqust ayının 8-i və ya 9-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq. Bəli, Ermənistan baş nazirinin bu bəyanatı olduqca gözlənilməz idi. Birincisi, ona görə ki, iyulun 31-dən təmas xəttində vəziyyət gərginləşmiş və bəyanatın verildiyi səhər məlum olub ki, hər iki tərəfdən xeyli sayda itki var. İndiyə kimi görünməyən bir hal idi ki, bu qədər itkinin olduğu bir gündə İrəvan və ya Bakıdan hansısa rəsmi qabağa çıxaraq mühüm bir görüş barədə xəbər versin və nikbinliyini bildirsin. Adət etdiyimiz görüntü bu idi ki, çoxsaylı insanın ölümü ilə nəticələnən qarşıdurmalardan sonra hər iki tərəf sərt ritorika nümayiş etdirir və sülh danışıqlarının davam etdirilməsinin mənasız olduğunu ifadə edir.
İkincisi, O.Abramyanın bu xəbəri ona görə gözlənilməz oldu ki, indiki halda heç kim Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutacağını gözləmirdi. Ən yaxşı halda, sentyabr ayında BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sammitinə ümid etmək olardı.
Təsadüfi deyil ki, Ermənistan ekspertləri son vaxtlar ATƏT-in Minsk qrupunun tarixə qovuşmaq üzrə olduğunu bildirirlər. İddia olunur ki, həm Vaşinqton, həm də Parisdə Moskva ilə işləməyin çətin və yersiz olduğu mətnaltı belə ifadə edilir. Son hadisələrə qədər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Paris və Nyu-Yorkda keçirilməsi barədə təkliflər irəli sürülmüşdü. Lakin görünür, Moskva münaqişənin tənzimlənmə prosesini nə Parisin, nə də Vaşinqtonun əlinə vermək niyyətində deyil. O da məlumdur ki, Moskva moderator olmadığı bütün prosesləri maksimum şəkildə əngəlləməyə çalışır.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya yenə də zorla öz vasitəçiliyini sırımaq istəyir. O, Soçi görüşündə Qarabağ problemi ilə bağlı yalnız bir halda irəliləyişə ümid edilə biləcəyini söyləyib: "Putin prezident seçiləndən bu yana bir dəfə də Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyib. İndi isə quyruqları qapı arxasındadır deyə, təcili prezidentləri Soçiyə yığmağa çalışırlar. Həmin görüşə bir neçə gün qalıb. Soçi görüşündə Dağlıq Qarabağ probleminin həlliylə bağlı yalnız bir halda hansısa irəliləyişə ümid etmək olar: bu az müddətdə separatçılar bizdən daha güclü zərbələr almalıdırlar ki, masa arxasında mövqeyimiz güclü olsun, əks halda Soçi görüşü nəticəsiz qalacaq".
Kremlə yaxınlığı ilə seçilən Siyasi Araşdırmalar İnstitutunun direktoru, Rusiya İctimai Palatasının üzvü Sergey Markov isə ermənilərin iddialarını alt-üst edəcək açıqlama verib.
O, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycana məxsus olduğunu, azərbaycanlıların əsrlər boyunca bu ərazilərdə yaşadığını və rəsmi Bakının hərbi potensialının zəbt olunmuş bölgələrini geri qaytarmağa bəs etdiyini vurğulayıb.
Markov bildirib ki, əksəriyyət Azərbaycan-Ermənistan təmas xəttində baş verənləri Ukrayna hadisələri ilə eyniləşdirməyə cəhd edir. O, bu yanaşmanı yanlış baxış adlandırıb:
"Azərbyacan müharibə istəmir, sadəcə, yaranmış vəziyyətdən yararlanaraq ona məxsus torpaqları - Şuşanı və digər rayonları geri qaytarmağa çalışır. Bu torpaqlar ermənilər tərəfndən zəbt olunub. Bu ərazilərdə daim azərbaycanlılar yaşayıb. 25 ildən çoxdur ki, Ermənistan bu torpaqları boş saxlayır və orada hesab edirlər ki, Dağlıq Qarabağın guya müstəqilliyini tanıdacaqlar. Amma Azərbaycan öz hərbi üstünlüyünü nümyiş etdirir. Hansı ki, son 15 il ərzində artan iqtisadiyyatı nəticəsində mükəmməl ordu quruculuğu siyasətini həyata keçirib. Müəyyən məqamlarda Ermənistanı dəstəkləyən Rusiya və ABŞ-ın hazırda başı başqa problemlərə, Ukraynadakı hadisələrə qarışıb. Ermənistan isə heç yada düşmür".
Soçi görüşü ərəfəsində Rusiya hakim dairələrinə yaxınlığı ilə seçilən Markovun belə bir fikirlərlə çıxış etməsi özlüyündə xeyli maraqlı hadisədir.
Politoloq Vəfa Quluzadə isə Ermənistanla Azərbaycan arasındakı cəbhə xəttinə məhz Rusiyanın nəzarət etdiyini deyib.
Soçidəki görüşün mümkün nəticələrinə gəlincə isə V.Quluzadə hesab edir ki, görüşdə Azərbaycana müəyyən təkliflər verilə bilər: "Rusiya tərəflərə deyəcək ki, artıq münaqişənin həlli yetişib. Rusiya münaqişənin tam həllinə zəmanət verir. Erməni qoşunları Azərbaycanın işğal altındakı ərazilərdən çıxarılır, Qarabağa isə ölkəmizin tərkibində status verilir. Amma bütün bunların müqabilində Azərbaycan və Ermənistan Avrasiya İttifaqına üzv olmalıdırlar. Azərbaycan isə belə bir təklifə razılaşa bilməz".
Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, Azərbaycan Soçi görüşündən imtina etsə, daha düzgün addım atmış olar. O, 20 ildən çox davam edən münaqişənin çoxlarına sərf etdiyini bildirib: "Gözlər indi Rusiyaya dikilib. Hamı Azərbaycanın dövlət başçısı ilə Ermənistan respublikasının cinayətkar statusunda olan dəstə başçısı Serj Sərkisyanın Soçi şəhərində keçirilməsi nəzərdə tutulan görüşünü gözləyir".
Hərbi ekspert Putinin təşkil etdiyi bu görüşü növbətçi görüş adlandırıb: "Məni ən çox narahat edən məqamlardan biri odur ki, bu görüşdən də sonra yenə Qarabağ məsələsində bircə addım da irəliləyiş olmayacaq və biz növbəti itkilərimizi yaşamalı olacağıq. ATƏT-in Minsk qrupunun bivec həmsədrləri özlərində cəsarət və kişilik tapıb, vaxtsız dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına Allahın quruca sözüylə də olsa rəhmət belə diləmədilər. Bütün bunlardan sonra, biz onlardan hansı ədalətli mövqeni gözləyə və ya görə bilərik?"
Üzeyir Cəfərov son günlər Azərbaycan üçün yaranmış gözəl imkandan yararlanmadığına görə təəssüfləndiyini deyib.