“Rusiya-ABŞ münasibətləri...” Siyasət

“Rusiya-ABŞ münasibətləri...”

Mübariz Əhmədoğlu: “Bir-birinə zidd 2 xətt üzrə inkişafdadır”

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu avqust ayında regionda və dünyada baş verən siyasi prosesləri təhlil edib. Rusiya-ABŞ münasibətlərini şərh edən ekspert qeyd edib ki, bu iki ölkə arasındakı münasibətlər bir-birinə zidd 2 xətt üzrə inkişafdadır: "Rusiya-ABŞ münasibətləri bir-birinə zidd 2 xətt üzrə inkişafdadır. ABŞ prezidenti Tramp Rusiya ilə münasibətləri inkişaf etdirmək istəyir. Hətta Rusiyanın yenidən G-7 formatına qayıdaraq G-8 formatına çevrilməsini təklif etdi. Bu məsələ G-7-nin Fransada keçirilən sammitində müzakirə olundu, amma konsensus əldə olunmadı. ABŞ Dövlət Katibi M.Pompeo prezident D.Trampın bununla bağlı göstəriş verdiyini və o göstərişə uyğun da ABŞ rəsmilərinin hərəkət etdiyini bildirdi. Rusiya G-7-yə qayıtmalı, G-7 formatı G-8 formatına çevrilməlidir". Onun bildirdiyinə görə, ABŞ MDB məkanında yeni siyasət aparmağa başlayıb: "Ukrayna, Belarus və Moldovada reallaşdırdığı son prosesləri ABŞ-ın Rusiya üçün yeni həlqə yaratması kimi başa düşmək olar. Ukraynanın ABŞ-ın diktəsi ilə hərəkət etməsi bəllidir. Boltonun Moldova və Belarusa səfərləri də kifayət qədər yeni perspektiv yarada bilib. Moldova Rusiyadan təkcə Dnestryanı məsələyə görə deyil, həm də qaz məsələsinə görə asılıdır. Əgər Bolton Moldova üçün ucuz qaz məsələsini həll edə bilərsə, Moldovanın Rusiyadan aralanması çox asandır. Bolton Moldovaya gəlməzdən bir neçə gün öncə Rusiya Müdafiə naziri Şoyqu Moldovada idi və təxminən 15 il bundan qabaq dayandırılmış silahların utilizasiyası prosesinin yenidən başlanması razılaşdırıldı. Dnestryanı bölgədə Rusiyanın silah anbarı məhv edilməsi münaqişənin tənzimlənməsinə çox böyük dinamizm verə bilər. Dnestryanı bölgədəki silah anbarı Rusiyanın Avropa qitəsində ən böyük silah anbarıdır. Böyük təhlükə mənbəyi də olaraq qalır. Con Boltonun Belarusa səfərini öz sözü ilə belə ümumiləşdirmək olar ki, Belarus prezidenti Lukaşenko ilə dil tapmaq mümkündür. Eyni bu qaydada Rusiya da ABŞ-a qarşı borclu qalmır. Rusiya ABŞ-ın talibanla əldə etdiyi razılaşmanın qarantı olmağa hazır olduğunu bəyan etdi. Rusiya prezidenti V.Putin Fransaya səfər etdi. Fransa prezidenti Makron Rusiya nümayəndə heyətinə, prezident Putinə xüsusi ehtiram göstərdi. Bu təkcə qonaqpərvərlik anlamında deyildi. O, Rusiyanı sivilizasiyanın bir tərkib hissəsi kimi təqdim etdi və iki böyük millətin- fransız və rus xalqının birgə yaşamalı olduğunu bildirdi. Bu, əsrlər boyu Avropada formalaşmış konsepsiyaya zidd mövqedir. Avropalıların təhtəlşüurunda Rusiya yaxşı halda böyük ərazi, böyük xammal mənbəyidir. Rusiya Avropa sivilizasiyasının tərkib hissəsi deyil. İlk dəfə idi ki, Fransa lideri Rusiyanı Avropa sivilizasiyasının tərkib hissəsi adlandırdı. Görüş zamanı qlobal məsələlər, Suriya, İran, beynəlxalq sabitlik məsələləri ilə yanaşı regional konfliktlər də müzakirə olundu. Müzakirə olunan regional konfliktlər içərisində Dağlıq Qarabağ məsələsi də var idi".
M.Əhmədoğlu əlavə edib ki, ABŞ-la Özbəkistan arasında formalaşmış ənənəvi gündəlik Əfqanıstan tənzimlənməsini də əhatə edir: "Özbəkistan prezidenti Ş.Mirziyayevin Belarusa səfəri zamanı 11 müqavilə imzalandı. Belarus prezidenti A.Lukaşenko onu yüksək ehtiramla qəbul etdi və danışıqların nəticəsi kimi bəyannamə imzalandı. Mirziyayev Daşkəndə qayıtdıqdan sonra telefonla yüksək səviyyəli qəbula görə Lukaşenkoya minnətdarlığını bildirdi. Hər iki prezident əməkdaşlığı inkişaf etdirməkdən ötrü qarşılıqlı arzuya malik olduqlarını bildirdilər.Türkiyə prezidenti Ərdoğan Özbəkistanın Xarici İşlər naziri Əbdüləziz Kamilovu qəbul etdi. Kamilovun Türkiyədə olmasının səbəbi Yüksək Planlaşdırma Qrupunun iclasında iştirak idi. O, həm də Türkiyə səfirlərinin XI konfransında da iştirak etdi. Türkiyə və Özbəkistan ekstradisiya haqqında müqavilə imzaladılar. Türkiyə Özbəkistana 24 zirehli maşın verdi. Dindarların tələbi ilə Türkiyənin məşhur "Qara sevda" serialı dayandırıldı. Ola bilər məhz bu da rəsmiləri dindarlara qarşı təzyiqi artırmağa vadar etdi. Saqqallılara qarşı reyd keçirildi və onları polis idarəsinə gətirərək saqqalları qırxıldı". Politoloq qeyd edib ki, ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Devid Heyl Daşkənddə səfərdə oldu, onu prezident Ş.Mirziyayev qəbul etdi: "ABŞ rəsmisi isti qəbula görə minnətdarlığını bildirdi və prezident D.Tramp və Pompeonun adından salam çatdırdı. ABŞ-la Özbəkistan arasında formalaşmış ənənəvi gündəlik müzakirə olundu, Əfqanıstan tənzimlənməsi və regional proseslər xüsusi müzakirə olunan mövzular içərisində idi. ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavinini Daşkənddə Xİ naziri Kamilov da qəbul etdi. Özbəkistanın Xİ nazirinin birinci müavini İlhom Nemətov ABŞ Dövlət Departamentinin Avropa, Avrasiya və Mərkəzi Asiya regionu ölkələrinə yardım üzrə kordinatoru Ceyms Kulikovski ilə görüşdü. Görüşdə Özbəkistandan ABŞ-a səfər edən nümayəndə heyətinin yaratdığı yüksək dinamika müzakirə olunmaqla yanaşı, konkret layihələr, Aral ekoloji fəlakətin qarşısının alınması xüsusi müzakirə olundu. Molla Bəradər Axundun başçılıq etdiyi taliban nümayəndə heyəti Daşkənddə oldu, onları Xarici İşlər Nazirliyinin nümayəndələri qəbul etdi. Bu ilin martında Bəradər Qətərdə Özbəkistanın Xİ naziri Kamilovla görüşmüşdü. Taliblər Əfqanıstan hökumətini qeyri-legitim hesab edirlər, danışıqlardan imtina edirlər. Buna baxmayaraq müəyyən görüşlər də keçirilir. Çin "Özbək Aviaxəttləri Şirkəti"nə yeni təyyarələrin alınması üçün 309 milyon dollar vəsait ayırmağı qərarlaşdırdı. Rusiya prezidenti Putin prezident Mirziyayevi Özbəkistanın müstəqillik günü münasibətilə təbrik etdi. Prezident Mirziyayev özbək məmurlarının səviyyəsizliyini ölkə üçün əsas təhlükə adlandırdı. Prezident 65 məhkumu əfv etdi. Dolların qiyməti psixoloji 9 min som həddini aşdı. Özbəkistan Mərkəzi Bankı dolların məzənnəsini "üzən" elan etdi. Mərkəzi Bankın fikrincə, dolların bahalaşmasının, somun belə ucuzlaşmasının səbəbi daxili və xarici təzyiqlərdir".