“Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək imkanları var” Siyasət

“Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək imkanları var”

“Mən həmişə bu fikirdə olmuşam ki, gərək 1992-ci ildə AXC hakimiyyəti dövründə ATƏT-in Minsk qrupunun yaradılmasına imkan verilməyəydi. Çünki Dağlıq Qarabağ Azərbaycanın daxili işi idi və Azərbaycan öz suveren hüquqlarını beynəlxalq təşkilatlara verməməli idi. İndi onun acısını çəkirik”.
Bu fikirləri Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Millət vəkili qeyd edib ki, Nikol Paşinyan səsləndirdiyi bəyanat ilə əslində Minsk qrupunun həmsədrlərinin manevr hüququnu tükəndirib: “Bunlar Lissabon, Madrid, Sankt-Peterburq, Kazan razılaşmalarına, sənədlərinə əsaslanırdı. Axı, Paşinyan birbaşa bunların üstündən xətt çəkir və sıfıra endirir. Paşinyan bildirir ki, Dağlıq Qarabağ nəinki müstəqil olmalıdır, hətta Ermənistana birləşdirilməlidir. Artıq hər hansı manevr yeri qoymadıqdan sonra Minsk qrupuna heç bir ehtiyac qalmır. Əslində faktiki olaraq bu qrup öz mandatını yerinə yetirib. Çünki bu, BMT-nin qərarlarını icra edən bir orqan kimi yaradılıb və verilən qərarları da icra edə bilmir. Ən əsası odur ki, həmin danışıqlar vaxtı Azərbaycan torpağında yaradılmış süni sərhədlərdə insident baş verir, azərbaycanlı öldürülür və buna reaksiya vermirlər. 10 illərlə gedən danışıqlar heçə endirilir və bununla bağlı heç bir bəyanat verilmir. Burdan da belə bir məntiqi nəticə çıxır ki, Minsk qrupunun borcu ancaq turist səfərləri etməkdən ibarətdir. Onların mandatı milləti yatızdırmaq, Qarabağı Azərbaycan xalqına unutdurmaq, sülh danışıqlarına çağırmaq, həmçinin sərhədlərdə atəşkəsi qorumaqdan ibarət olub. Birdən Azərbaycan öz torpaqlarını azad etməyə qalxar, buna imkan verməyək. Bu mandatla çıxış ediblər. Hələ utanmadan yenidən Azərbaycana, yəni regiona səfər arzu edirlər”.
T. Kərimli hesab edir ki, Xarici İşlər nazirləri arasında olan son danışıqlar da artıq kimi göründü: “Çünki Azərbaycan tərəfi müəyyən beynəlxalq təzyiq altında Ermənistanın XİN rəhbəri ilə görüşməyə məcbur oldu. Amma görüş nəticəsiz bitdi. Çünki Ermənistan öz mövqeyini müdafiə etdi. Paşinyanın belə açıq danışığından sonra danışıqlar yolu ilə sülhə nail olmaq mümkün olmadıqda düşünürəm ki, BMT-yə müraciət etməliyik. BMT ATƏT-in mandatını əhəmiyyətsiz saymalı və öz qərarlarını icra etdirməyi öhdəsinə götürməlidir. Eyni zamanda BMT-yə xatırlatmalıyıq ki, əgər beynəlxalq sanksiyalar yoxdursa, işğalçı tərəflə bağlı tədbir görülmürsə, təcavüzkarı cilovlamırsa, 1975-ci ilin 14 dekabr tarixli təcavüzün cilovlanması haqqında BMT qətnaməsi icra edilmirsə, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü anti-terror yaxud digər üsullarla bərpa etmək imkanları və arzusu var”.