Soçi görüşünün gizlinləri Siyasət

Soçi görüşünün gizlinləri

Hatəm Cabbarlı: "Sarkisyanın Azərbaycanı hədələyən bəyanat verməsi bundan sonrakı görüşlərdə də konsktruktiv olmayacağı haqqında fikrin yaranmasına əsas verir"

Sevinc Fətəliyeva: "Azərbaycan istənilən təxribatların qarşısını almağa qadirdirdir"

Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin Avrasiya İttifaqına üzv olacağını bildirib. Erməni mətbuatının verdiyi məlumata görə, Sərkisyan qeyd edib ki, o məsələ ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinlə müəyyən müzakirələr aparıb: "Quruma bu il üzv olacağımızı nəzərə almamışıq. Bunun nə vaxt olacağını bilmirəm, hər halda Avrasiya İttifaqına üzv olmaq əsas məsələmizdir. Ola bilsin ki, imzalama payıza qalmadı". Qeyd edək ki, qurum ölkələri Ermənistanın quruma Dağlıq Qarabağsız üzv olması barədə qərar veriblər. Serj Sərkisyan da bir müddət əvvəl rəsmi şəkildə Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağ olmadan üzv olacaqlarını bildirib.
Sərkisyan həmçinin Azərbaycanı hədələyən bəyanatlarla çıxış edib.
Erməni Ümummilli Hərəkat Partiyasının sədri Ararat Zurabyan isə deyib ki, Qərbin sanksiyalarından sonra Rusiyada tezliklə başlayacaq proseslər Ermənistanın gələcəyini də sual altına qoyacaq. Partiya sədri qeyd edib ki, Qərbə inteqrasiya istiqamətində atılan addımlar bu günə qədər Ermənistanı xilas edirdi: "Ermənistan Qərbə tərəf irəliləmək istəyirdi, lakin Rusiyanın təzyiqi ilə geri çəkildi. Hesab edirəm ki, bu çox davam etməyəcək. Çünki sanksiyalar Rusiyanı bir neçə il ərzində çökdürə bilər. Bu isə Ermənistan üçün faciə olacaq. Burada iki yol var: İşığa və qaranlığa tərəf getmək. Erməni hakimiyyəti isə erməni xalqını qaranlığa tərəf aparır". Ararat Zurabyan əlavə edib ki, Ermənistanın əsas problemlərindən biri də QHT sektorunun Rusiyaya işləməsidir: "Onlar Rusiyaya xidmət etməkdə meyllidir və burada şantaj siyasəti aparılır. "Əgər Rusiyanın sifarişini yerinə yetirməyəcəksənsə, bunu səndən daha yaxşı edəcəyik və səni aradan qaldıracağıq" deyə şantaj edirlər. Xatırladım ki, Gömrük Şurasına üzv olmaq barədə razılıq verilmədən əvvəl bu qüvvələr payızda ciddi proseslərə başlayacağını bəyan etdilər. Sərkisyan isə bundan sonra Moskvaya gedərək itaət etdi".
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib ki, Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanı hədələyən bəyanat verməsi bundan sonrakı görüşlərdə də konsktruktiv olmayacağı haqqında fikrin yaranmasına əsas verir. Hatəm Cabbarlı bildirib ki, Ermənistan prezidentinin Azərbaycanı müharibə ilə hədələməsinə ATƏT-in Minsk qrupu tərəfindən səssiz qarşılanması təəssüf doğurur: "Bu bəyanatdan irəli gələrək demək olar ki, sonrakı mərhələdə də tərəflər arasında gərginlik yaşanacaq. Ermənistan yenə müharibə təhdidinə davam edə, təmas xəttində atəşkəsin pozulması halları yenidən yaşana bilər. Soçi görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağ məsələsinin çox uzandığını vurğuladı. Hesab edirəm ki, bu ifadə xüsusi diqqətə layiqdir. Çünki Ermənistanın qeyri-konstruktiv möqveyi, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin problemə biganə münasibəti problemin həllini 20 ildən artıqdır ki, yubadır. Münaqişənin həll edilməməsi isə bölgənin təhlükəsizliyinə ən böyük təhdidir. Hesab edirəm ki, problemin qısa zamanda həll olunması üçün ATƏT-in Minsk qrupu və digər vasitəçi dövlətlər Ermənistana təzyiqlər göstərməsə, Azərbaycan bütün mümkün yollarla işğal altındakı torpaqlarını azad etməyə təşəbbüs göstərə bilər".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır: "Ancaq Ermənistan danışıqlara məhəl qoymayacağı, qeyri-konstruktiv mövqeyini davam etdirəcəyi, beynəlxalq ictimaiyyətin ikili standartarına son qoyulmayacağı halda, ölkəmiz digər vasitələrlə öz ərazilərini işğaldan azad edəcək. Bu baxımdan, Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün nəticələrini də növbəti addım kimi qiymətləndirmək olar. Lakin hamımız anlamalıyıq ki, münaqişə çox uzanıb və Azərbaycan xalqının səbri tükənməz deyil". Onun sözlərinə görə, Prezident İlham Əliyev növbəti dəfə qətiyyət nümayiş etdirərək Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğuladı və ölkəmizin prinsipial mövqeyini ifadə etdi: "Diqqətə çatdırıldı ki, Ermənistanın qeyri-konstruktiv mövqeyinə son qoyulmalı, BMT-nin münaqişəsinin həlli ilə bağlı 4 qətnaməsi yerinə yetirilməli və işğal edilmiş Azərbaycan torpaqları boşaldılmalıdır. Hesab edirəm ki, bu, müasir, qüdrətli Azərbaycanın prinsipial mövqeyini ifadə edən ən mühüm məqamdır".
Millət vəkili onu da əlavə edib ki, Azərbaycan istənilən təxribatların qarşısını almağa və işğal edilən torpaqlarını azad etməyə qadirdir: "Ümumiyyətlə, Azərbaycanın xarici siyasət kursunun əsas məsələsi Ermənistan-Azərbaycan, Dağlıq Qaarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həll edilməsidir. Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası, uğurlu xarici siyasət kursu münaqişəsinin beynəlxalq hüquq normalarına, yəni Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyinə dair optimist qənaət yaradır. Məhz son hadisə və proseslər göstərdi ki, Azərbaycan istənilən təxribatların qarşısını almağa və işğal edilən torpaqları azad etməyə qadirdir".
Politoloq Qabil Hüseynli isə söyləyib ki, Azərbaycan tərəfi bildirdi ki, Qarabağ məsələsi artıq çox uzanıb: "Putin də bizim fikrimizlə razılaşdığını və yaxın gələcəkdə münaqişənin həll ediləcəyi ilə bağlı fikirlər səsləndirdi. Eyni zamanda, Ermənistan tərəfi də məsələnin tezliklə həll edilməsinin tərəfdarı olduqlarını göstərdilər. İndi isə söhbət bundan gedir ki, həll məsələsini razılaşdırmaq lazımdır. Bunun üçün orada qərara alındı ki, ilk növbədə atəşkəs rejiminə ciddi əməl edilməlidir. Yeri gəlmişkən bu da bir nəticədir və bunu da qeyd etmək lazımdır. İkincisi isə qərara alındı ki, atəşkəs rejimindən sonra Dağlıq Qarabağ hüdudundan kənarda olan rayonların qaytarılması ilə bağlı danışıqlar sürətləndirilməlidir. Beş rayonun qaytarılması ilə bağlı danışıqlar prosesi hesab edirəm ki, yaxın günlərdə başlaya bilər. Bu prosesdə Minsk Qrupunun iştirak edib-etməməsi yəqin ki, bu günlərdə razılaşdırılacaq. Hesab edirəm ki, Soçi görüşü bilavasitə Rusiyanın rəhbərliyi altında Qarabağ münaqişəsinin həlli üçün hesablanmışdı. Görüşün də nəticələri var. Rusiya isə istəyir ki, bu nəticələr yaxın zamanlarda özünü büruzə versin".
Onu da əlavə edək ki, Qeyri Hökumət Təşkilatlarının (20-dən artıq) Bakıda keçirdikləri birgə toplantıdan sonra yayılan birgə müraciətində bildirilir: "Biz işğal altındakı ərazilərin təmas xətti boyunca gərginliyin artmasından çox ciddi narahatlıq hissi keçirir və dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Ermənistanın Azərbaycan torpaqlarında günü-gündən genişlənən işğalçı siyasətini pisləməyə çağırırıq". Müraciətdə vurğulanır: "ATƏT-in Minsk Qrupuna üzv olan ölkələrin bu problemə ikili münasibəti təəssüf doğurur. Cəzasızlıqdan azğınlaşan Ermənistan hökuməti cəbhənin təmas xəttində vəziyyəti gərginləşdirməsi hərbçilərin deyil, dinc insanların da həlak olması ilə nəticələnir. Biz Soyqrım və Terror Əlehdarları (QHT) Koalisiyası və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvləri, beynəlxalq təşkilatların, xüsusən də ATƏT-in Minsk Qrupu üzvlərinin bu münaqişənin həllində tutduqları ədalətsiz mövqelərinə görə Azərbaycanı bu təşkilatın vasitəçilik missiyasından imtina etməyə çağırırıq".

Əli