“Bu Zelenskinin Ermənistana gərəkli mesajıdır” Siyasət

“Bu Zelenskinin Ermənistana gərəkli mesajıdır”

Elxan Şahinoğlu: “Dağlıq Qarabağ münaqişəsində Ukrayna birmənalı olaraq Azərbaycanın yanında yer alır”

Ukrayna prezidenti Vladimir Zelenski Vladimir Zelenski Azərbaycana səfər etdi. Amma ekspertlərin diqqətini cəlb edən Zelenskinin prezident seçildikdən sonra sonra ilk rəsmi səfər etdiyi MDB ölkəsinin Azərbaycan olmasıdır.
Prezident İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenskinin şərəfinə verilən rəsmi ziyafətdə çıxışı zamanı deyib ki, Azərbaycan regionda təhlükəsizliyin və əməkdaşlığın tərəfdarıdır: “Lakin regionun ən ağrılı problemi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır”. Dövlət başçısı qeyd edib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazisinin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: “Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların da bununla bağlı bənzər qətnamələri var. 2018-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunub”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, poliroloq Elxan Şahinoğlu deyib ki, Zelenski Bakıda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə əməkdaşlığın inkişafını sürətləndirəcək əsas mövzuları gündəmə gətirdi: “Birincisi, Bakıda hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyi, separatizmi pislədiyi vurğulandı. Ukrayna prezidentinin Bakıda dediyi “söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpasından gedir” cümləsi çox nəsnədən xəbər verir. Bu cümlə Dağlıq Qarabağ münaqişəsində Ukraynanın birmənalı olaraq Azərbaycanın yanında yer aldığını bir daha təsdiq edir. Bu Zelenskinin Ermənistana da gərəkli mesajıdır.
İkincisi, Vladimir Zelenski Azərbaycanın Ukraynaya investisiyalarını artırmasını istəyir. Kiyev Azərbaycan şirkətlərini Ukraynaya dəvət edir. Zelenski ayrıca təklif etdi ki, Bakıdan bir heyət Kiyevə gedərək investisiya imkanlarını və şərtlərini öyrənsin. Ukrayna investisiyaya ac ölkədir və dost Azərbaycana qapılarını açmağa hazırdır. Zelenski geniş özəlləşdirmə proqramını həyata keçirməyə çalışır. Bu bazarda biz də yer tuta bilərik.
Üçüncüsü, Kiyev “Cənub Qaz Dəhlizi” layihəsinə maraq göstərir. Vladimir Zelenskinin sözlərindən aydın oldu ki, Ukrayna da bu layihəyə maraq gəstərir. Bu rolun nədən ibarət olacağını iki ölkənin mütəxəssisləri müəyyənləşdirməlidirlər. Ukrayna Avropa ölkələri üzərindən Azərbaycan qazınımı almaq istəyir, yoxsa başqa variantların müzakirəsi mümkündür?
Dördüncüsü, Vladimir Zelenski Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı fəaliyyətini genişləndirməsində maraqlıdır. Dövlət Neft Şirkətinin Ukraynada 60 yanacaqdoldurma məntəqəsi və 4 neft bazası fəaliyyəti göstərir. Azərbaycan Dövlət Neft Şirkəti öz sahəsində Ukraynada lider mövqelərdədir. Zelenski Dövlət Neft Şirkətinə Ukraynadakı mövqelərini daha da gücləndirməyi təklif edir.
Beşincisi, son illər Ukrayna ilə Azərbaycan arasında yük daşımaları artıb. Nəqliyyat yolları ilə Mərkəzi Asiyanın, İranın və Çinin yükləri Azərbaycan üzərindən Ukraynaya daşınır, eyni zamanda Ukrayna öz mallarını Azərbaycan üzərindən adı çəkilən ölkələrə daşıyır. Bu həcmi artırmaq mümkündür. Bütün bu məsələləri müzakirə etmək məqsədilə ikitərəfli Hökumətlərarası Komissiyanın iclası gələn ilin yanvar ayında Kiyevdə keçiriləcək. Təsadüfi deyil ki, Ukrayna prezidenti Bakıda baş nazir Əli Əsədovla da geniş müzakirəyə ehtiyac duydu.
Beləliklə, Vladimir Zelenskinin Azərbaycana səfərini uğurlu adlandırmaq olar. Ən önəmlisi odur ki, Vladimir Zelenski keçmiş SSRİ respublikalarından, o cümlədən Gürcüstan və Ermənistandan əvvəl Azərbaycana səfər etdi. Bu o deməkdir ki, Ukrayna prezidenti keçmiş SSRİ respublikaları ilə əməkdaşlıqda Azərbaycana üstünlük verir. Bu üstünlük iki ölkə arasındakı əməkdaşlığı daha üst səviyyəyə qaldırmağa imkan verir”.
Deputat Asim Mollazadə diqqətə çatdırıb ki, Ukrayna və Azərbaycan strateji tərəfdaşdırlar, həmçinin hər iki ölkə arasında çoxşaxəli əməkdaşlıq var. Millət vəkili qeyd edib ki, hər iki ölkənin ərazilərinə hücum olunub və həmin ərazilər işğal altındadır: “Biz bütün beynəlxalq təşkilatlarda ölkələrimizin ərazi bütövlüyünü dəstəkləyirik və hüququn aliliyini müdafiə edirik. Azərbaycanla Ukrayna arasında iqtisadi və ticarət sahəsində inkişaf üçün böyük bir potensial var. Ümidvaram ki, bizim ikitərəfli münasibətlərimiz hər iki ölkənin mənafeyinə uyğundur”.
Deputat Naqif Həmzəyev isə SİA-ya deyib ki, Vladimir Zelenskinin qələbədən bir neçə ay sonra Azərbaycana rəsmi səfəri Ukrayna-Azərbaycan əlaqələrinin yüksələn xətlə davam etməsinə nümunədir.
Deputatın sözlərinə görə, Azərbaycan və Ukrayna arasında ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün geniş potensial və əlverişli imkanlar mövcuddur: “Ukrayna ölkəmizin əsas ticarət tərəfdaşlarındandır. Azərbaycanın Ukraynaya enerji ixracının mütləq əksəriyyətini neft və neft məhsulları təşkil edir. Azərbaycanın maye qazının Ukraynaya nəqli məsələsi də hələ 2011-ci ildə öz həllini tapıb. Azərbaycan enerji ehtiyatlarının istehsalçısı, Ukrayna isə istehlakçısı və tranzit ölkə kimi birlikdə bir sıra ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayırlar. Qarşılıqlı əməkdaşlıqda ən mühüm istiqamətlərdən biri ticarətin artımını iki ölkə arasında əlavə nəqliyyat yolları ilə təmin etməkdən ibarətdir. Bu cəhətdən ən mühüm regional əməkdaşlıq layihələrindən biri Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutudur. Digər tərəfdən, Azərbaycanın bir sıra rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etməsi və onların emalını genişləndirməsi, habelə fındıq, meyvə və tərəvəz, xüsusilə də xurma, çay, şərab, üzüm, tütün, pambıq lifi kimi Azərbaycan məhsullarının Ukraynaya ixrac imkanlarını artırır. Bu sahədə hər iki ölkənin paytaxtlarında müntəzəm təşkil olunan “Azərbaycan-Ukrayna” Biznes Forumları mühüm rol oynayır".
N.Həmzəyev əlavə edib ki, Ermənistan-Azərbaycan münaqişəsində Ukrayna həmişə Azərbaycanın mövqeyini müdafiə edib: "Qardaş ölkə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Azərbaycanın Avropa Birliyində bu təşkilata daxil olması haqqında müzakirələr gedəndə Ukraynanın nümayəndə heyəti Azərbaycanın yanında olub. Ukrayna nümayəndə heyətinin səlahiyyətlərinin AŞPA-da dayandırılması məsələsinin müzakirəsində isə Azərbaycan bu qətnaməyə qarşı çıxıb.
Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində siyasi əlaqələr, humanitar, iqtisadi sahədə əməkdaşlıqla bağlı imzalanacaq sənədlər hər iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək. Qarşılıqlı maraqlara əsaslanan bu tərəfdaşlıq eyni zamanda Cənubi Qafqaz regionunda və Şərqi Avropada sülh və sabitliyin daha da möhkəmlənməsinə kömək edəcək. Belə ki, son illərdə Azərbaycan və Ukrayna arasında siyasi münasibətlərin, beynəlxalq təşkilatlarda qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olması diqqət mərkəzində olub. Regional təhlükəsizliyin, sülhün təminatçısı kimi çıxış edən ölkəmizin təşəbbüsü və iştirakı ilə Azərbaycan-Türkiyə-Ukrayna regional üçtərəfli əməkdaşlıq formatının ərsəyə gətirilməsi beynəlxalq aləmdə razılıqla qarşılanıb. Ölkələr arasında qarşılıqlı faydalı layihələrin relallaşması, tərəflərin regionda daha da möhkəmlənməsi üçtərəfli əməkdaşlıq formatının əhəmiyyətini daha da artırıb. Ümid edirik ki, ölkəmizin daha bir təşəbbüsü ilə Azərbaycan-Türkiyə-Rusiya regional üçtərəfli əməkdaşlıq formatı da bu sıraya əlavə ediləcək. Bu da regionda ümumi təhlükəsizlik baxımından riskləri azaltmaq üçün yeni imkanlar yaradacaq".
Millət vəkili Sahib Alıyev bildirib ki, Vladimir Zelenski Ukraynanın Prezidenti seçiləndən sonra ilk rəsmi səfər etdiyi MDB ölkəsi məhz Azərbaycan oldu. Millət vəkilinin sözlərinə görə, geosiyasi reallıqları da nəzərə almaqla əgər bir cümləylə dəyərləndirməli olsaq, bu səfər bir tərəfdən Ukraynada ölkəmizə necə böyük önəm verildiyini göstərirsə, digər tərəfdən də Azərbaycanın bir dövlət kimi ancaq və ancaq öz milli maraqlarına dayanaraq müstəqil, cənab İlham Əliyevin təbirincə desək, ləyaqətli, təbii ki, həm də praqmatik siyasət yeritdiyini növbəti dəfə göz önünə sərir.