BAXCP Elçibəyi andı Siyasət

BAXCP Elçibəyi andı

Avqustun 22-də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Milli Azadlıq Hərakatının lideri, eks-prezident Əbülfəz Elçibəyin vəfatının 14 illiyi münasibətilə Fəxri Xiyabanda onun məzarını ziyarət ediblər. BAXCP mətbuat xidmətinin məlumatına görə, məzarın üzərinə əklil qoyan təşkilatın üzvləri Elçibəyin ruhuna dualar oxuyublar. Sonra BAXCP-nin baş katibi Söhrab Abdullayev Əbülfəz Elçibəyin keçdiyi şərəfli yoldan danışıb:"Elçibəy vətənə, millətə, xalqa, dövlətə bütün qəlbi ilə bağlı bir Türk kişisi idi. O dünya şöhrətli Mahatma Qandi ilə müqayisə olunacaq bir siysətçiydi. Elçibəy Azərbaycanı müstəqil və azad görmək istəyirdi. Onun bu istəyi sağlığında gerçəkləşdi. Və bu gerçəklikdə Əbülfəz Elçibəyin əməyi, apardığı mücadilə əvəzolunmaz idi. Elçibəy vətənin azadlığı və torpaqların qrunması üçün şəhid olmağı şərəf bilirdi və deyirdi:"Bu canın minnəti olsun ki, vətən onu şəhid qəbul edəcək". Biz inanırıq ki, Elçibəyin narahat ruhu torpaqlarımız işğaldan azad olunduqdan, Azərbaycanın bütövlüyü təmin edildikdən sonra rahatlıq tapacaq. Və həmin günlər heç də uzaqda deyil. BAXCP hər zaman Elçibəyin ideyalarına sadiq qalıb və bu illər ərzində bu ideyaların həyata keçirilməsində fəaliyyətini qurub. Bundan sonra da həmin ideyaların gerçəkləşməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik. Ruhun şad olsun bəy. Allah sənə rəhmət eləsin".