2019-cu ildə Azərbaycan sosial dövlət kimi özünü bir daha təsdiq etdi - Pərvin Kərimzadə Siyasət

2019-cu ildə Azərbaycan sosial dövlət kimi özünü bir daha təsdiq etdi - Pərvin Kərimzadə

2019-cu il özünün intibah dövrünü yaşayan Azərbaycanın siyasi, iqtisadi, sosial həyatında böyük dəyişikliklərlə yadda qalıb. Ölkənin bütün regionlarında geniş abadlıq-quruculuq işləri aparılır, yollar çəkilir, körpülər salınır, beynəlxalq layihələr icra edilir, ən əsası əhalinin güzəranı gündən-günə yaxşılaşır.
Bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
P.Kərimzadə bildirib ki, əldə edilən uğurlar, iqtisadi tərəqqi deməyə əsas verir ki, Azərbaycanı inkişaf etmiş bir ölkə kimi görmək istəyən ulu öndər Heydər Əliyevin arzuları bu gün həyata keçib:
“Cənab Prezident İlham Əliyevin gərgin əməyi nəticəsində sosial sahədə çoxlu qanunlar qəbul olunub, fərman və sərəncamlara imza atılıb, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bu da cəmiyyətin bütün təbəqəsinin sosial vəziyyəti, maddi rifah halı, güzəranının yaxşılaşmasına səbəb olub”.
Millət vəkili bildirib ki, dövlət başçısı əhalinin maddi və sosial rifah halının yaxşılaşdırılması istiqamətində çox ciddi qərarların qəbul olunacağı anonsunu verdikdən sonra mərhələli şəkildə müvafiq fərman və sərəncamlarla əhalinin sosial müdafiəsinin gücləndirilməsinin, minimum əməkhaqqının, əmək pensiyalarının, bir sıra sosial müavinətlərin artırılmasının şahidi olduq:
“Bu tədbirlərin davamı olaraq dövlət başçısının xarici valyutada kredit götürən vətəndaşlarımızı, onların ailə üzvlərini ciddi narahat edən problemli kreditlərlə bağlı imzaladığı Fərman ən çox gözlənilən qərarlardan biri oldu. “İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanmalıdır” fikri 2019-cu ildə tam təsdiqini tapdı. Belə ki, əlavə gəlirlər, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldilərək, 2019-cu ili sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqləndirdi. 2019-cu ilin əvvəlindən başlayaraq imzalanan fərman və sərəncamlara nəzər salsaq, Azərbaycanda sosial siyasətin mərkəzində insan amilinin dayandığının, Prezident İlham Əliyevin “iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır” fikrinin bir daha təsdiqinin şahidi olarıq”.
Prezident İlham Əliyev ictimaiyyət qarşısında etdiyi çıxışlarında, həmçinin dövlət rəsmilərinin iştirakı ilə keçirdiyi müşavirələrdə səsləndirdiyi – “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial-rifah halının daha da yaxşılaşdırılması dayanır”.
P.Kərimzadə vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibəsində də qeyd etdi ki, 2019-cu il sona yaxınlaşır və əlbəttə ki, il ərzində görülmüş işlər, ölkəmizdə və regionda baş vermiş hadisələr çox ciddi təhlil tələb edir:
“Bir şeyi tam dəqiqliklə deyə bilərəm ki, ölkəmiz üçün bu il uğurlu olmuşdur. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr həyatda öz əksini tapıb. Azərbaycan 2019-cu ildə uğurla inkişaf edib. Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun”.
Deputat bildirib ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində güclü dayaqlara malik və milli maraqlarını qətiyyətlə qoruyan dövlətə çevirib:
“Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyan Azərbaycanın güclü potensialına əsaslanan və qlobal miqyasda meydana çıxan yeni çağırışlarla uzlaşan nümunəvi inkişaf modeli bütün dünyada yüksək qiymətləndirilir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun daha da inkişaf etdirilməsi nəticəsində Azərbaycanın istər daxili, istərsə də xarici arenada strateji uğurları durmadan artır. Son 1 ayda baş verən hadisələr isə Azərbaycanın xarici siyasətində yeni mərhələnin başlanğıcı oldu.
Bu il oktyabrın 3-də Rusiya Prezidenti və dörd ölkə liderinin iştirakı ilə Soçidə baş tutan “Valday” Beynəlxalq Diskussiya Klubunun Asiya problemlərinə həsr olunan əsas plenar iclası Prezident İlham Əliyevin səsləndirdiyi bəyanatla yadda qaldı. Dağlıq Qarabağ münaqişəsinə toxunan Azərbaycan Prezidenti Ermənistanın baş nazirinin işğal altındakı Xankəndidə söylədiyi “Qarabağ Ermənistandır və nöqtə” sayıqlamasına kəsərli cavab verərək, ölkəmizin ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini bir daha bəyan etdi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Oktyabrın 11-də Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında bir daha öz qətiyyətli mövqeyini nümayiş etdirdi. İşğalçı Ermənistanda hökm sürən faşizm ideologiyasına söykənən terrorçuluğu bir daha ifşa edən dövlətimizin başçısı İkinci Dünya müharibəsində faşizmə xidmət etmiş Qaregin Njdeyə Yerevanda heykəlin qoyulmasının erməni siyasi hakimiyyətinin kökündə terrorçuluğun durduğunun bariz nümunəsi olduğunu gündəmə gətirdi. Prezident İlham Əliyev Ermənistanın siyasi rəhbərliyinin faşizm ideologiyasını həm də faktlarla ifşa etdi, Ermənistanın apardığı işğalçı siyasətin faşizmə olan sevgisini dünya ictimaiyyətinə çatdırdı. Həmçinin faşizm ideologiyası ilə silahlanmış Ermənistanın təkcə Azərbaycan üçün deyil, digər postsovet ölkələri üçün də təhlükəli olduğunu diqqətə çatdırdı.
Qoşulmama Hərəkatına sədrliyin ölkəmizə həvalə olunmasının qlobal miqyasda artan nüfuzun göstəricisi, Prezident İlham Əliyevin son 16 ildə nümayiş etdirdiyi prinsipial, çevik və qətiyyətli siyasətin təntənəsi, uğurlu xarici diplomatiyanın bəhrəsi olduğunu qeyd edən Pərvin Kərimzadə bildirib ki, bu, Azərbaycanın dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni platformada yer aldığını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışında dünya birliyini ədalətə, sülhə çağırması, Ermənistanı işğalçılıq siyasətindən çəkindirmək üçün ikili standartlara son qoyulmasının vacibliyini qəti şəkildə vurğulaması, ölkəmizin uğurlarını səsləndirməsi Azərbaycanın bəşəri ideyalara sadiqliyini bir daha göstərdi.
Prezidenti İlham Əliyev yerli jurnalistlərə müsahibəsində xarici siyasətlə bağlı məsələlərə toxunaraq bildirib ki, bu sahədə də böyük uğurlar əldə edilib. Bizim ənənəvi tərəfdaşlarla əlaqələrimiz daha da yüksək pilləyə qalxıbdır, qonşu ölkələrlə bir çox birgə təşəbbüslər irəli sürülüb, bir çox önəmli razılaşmalar əldə edilib.
Prioritet istiqamət olan sosial siyasət sahəsində aparılan islahatlar, çevik və məqsədyönlü fəaliyyət Azərbaycanın sosial siyasətini dünya miqyasında ən gözəl nümunəyə çevirir. Ölkənin hərbi gücü artdıqca, iqtisadi potensialı gücləndikcə geniş sosial layihələr həyata keçirilir. Hər zaman hər bir azərbaycanlının yanında olan, onların dərd-səri, problemləri ilə maraqlanan, firavanlığının qeydinə qalan dövlətimizin başçısı şəhid ailələri, müharibə veteranları və əlillərinə daim xüsusi qayğı ilə yanaşıb. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, minimum əməkhaqqının 2 dəfə, müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, pensiyaların 70 faizdən çox, tələbələrin təqaüdlərinin artırılması, ardınca bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi, problemli kreditlərin həlli ilə bağlı qərar 2019-cu ildə vətəndaşlar üçün növbəti böyük sevindirici addım oldu.
Bu ildə məcburi köçkünlər üçün, şəhid ailələri, müharibə veteranları, əlillər üçün böyük sosial evlər paketi təqdim edilib. Təkcə məcburi köçkünlər üçün bu il 5 mindən çox ev və mənzil inşa edildi. Prezident İlham Əliyevin mənzillərin, avtomobillərin açarlarının şəhid ailələrinə şəxsən təqdim etməsi də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır, xalq tərəfindən yüksək dəyərləndirilir. Şəhid ailələri ilə görüşdə Prezidentimiz deyib: “Bu gün Azərbaycan dünya miqyasında sürətlə, uğurla inkişaf edən dövlətlərdən biridir. Ölkəmizin iqtisadi, hərbi potensialı güclənir. Uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycan bu gün çox böyükmiqyaslı sosial layihələri icra edə bilir. Əgər bizim maliyyə imkanlarımız olmasaydı, maddi vəziyyətimiz pis olsaydı, biz bu layihələri, bu təşəbbüsləri irəli sürə bilməzdik”. Bu fikirlər ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasətin xalqın mənafeyini tam ifadə etdiyindən xəbər verir.
Fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq məqsədilə dövlət problemin həlli ilə bağlı məsuliyyəti və maliyyə vəsaitinin böyük hissəsini öz üzərinə götürdü, vətəndaşlarımızın dövlətdən gözləntilərini artıqlaması ilə yerinə yetirdi. Bu qərar da tutduğu məqamdan asılı olmayaraq, hər bir azərbaycanlıda ruh yüksəkliyi yaratdı, dövlətinə və dövlətçiliyinə olan güvəni, inamı daha da artdı.
Dünyaya sosial dövlət kimi özünü təsdiq edən Azərbaycanda atılan hər addım, imzalanan fərman və sərəncamlar bir daha göstərdi ki, dövlətin həyata keçirdiyi siyasətin təməlində vətəndaş amili dayanır və dövlət öz vətəndaşının yüksək rifahının təminatçısıdır”.