Qərbdən gələn İran təhlükəsi... Siyasət

Qərbdən gələn İran təhlükəsi...

Rəsmi Bakı İsrail və Qərb mətbuatının təxribatçı iddialarını təkzib edir
Əli Həsənov: "Bu, bəzi xarici dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır, məqsəd ölkəmizlə İran arasında münasibətləri korlamaqdır"
XİN: "Azərbaycan üçüncü ölkələrin onun qonşuları ilə münasibətlərinə xələl gətirməsinə yol verməyəcək"

Avqustun 24-də İran İslam Respublikasının hava məkanında İsrail istehsallı "Hermes 450" pilotsuz kəşfiyyat təyyarəsinin vurulmasından sonra xarici KİV-lərdə kəşfiyyat təyyarəsinin guya Azərbaycan ərazisindən buraxıldığı barədə dəqiqləşdirilməmiş məlumat yayılıb. İran hərbçiləri bəyan ediblər ki, pilotsuz kəşfiyyat təyyarəsi uranın zənginləşdirilməsi üçün atom müəssisəsinin yerləşdiyi Nətənz bölgəsini görməyə cəhd edib.
İsrail tərəfi bildirib ki, təyyarə İsrail istehsalı olsa da, Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi ölkələrin Silahlı Qüvvələrinin silahlanmasındadır. Hətta İsrail kəşfiyyat xidməti MOSSAD-a yaxınlığı ilə tanınan "Debkafile" saytı sözügedən məsələ ilə bağlı daha qabağa gedib. Sayt iddia edib ki, İranda vurulan təyyarə həqiqətən "Hermes 450"-dir və Azərbaycanın Naxçıvan bölgəsində yerləşən aviabazadan qalxıb. Maraqlıdır ki, sayt bu məlumatı guya İsrail hərbi qaynaqlarından və İrandakı mənbələrdən əldə etdiyini yazır.
Halbuki buna qədər İranın aviasiya ekspertlərinin və xüsusi xidmət əməkdaşlarının apardıqları araşdırmalarda İnqilab Keşikçiləri Korpusunun komandirlərinin təyyarənin Səudiyyə Ərəbistanından qalxdığı bildirilirdi. Amma "Debkafile" bu məsələdə İran hərbçilərinin tələsik rəy verdiklərini yazıb. Sayt əlavə edib ki, Naxçıvan İran, Türkiyə və Ermənistanla sərhəddə yerləşir və 3 il əvvəl Azərbaycanın İsraildən aldığı eyni tipli təyyarə Qarabağda kəşfiyyat uçuşu aparan zaman vurulub.
"Debkafile"nin iddiasına görə, İsrail çoxsaylı casus peykləri şəbəkəsinə malikdir və bu halda məxfi informasiya sistemləri ilə təchiz olunmuş təyyarəni İranın hava sahəsinə göndərməyə ehtiyacı yoxdur.
Amma pilotsuz kəşfiyyat təyyarəsinin Haxçıvandan havaya qalxaraq, İranın nüvə obyektləri üzərində uçuşlar keçirməsinin, ümumiyyətlə birbaşa İsrail və Qərb ölkələrinin təhlükəsizlik problemi olan məsələnin Azərbaycana nə dəxli olduğu sualının qarşısında acizdir. Halbuki pilotsuz kəşfiyyat təyyarələri vasitəsilə radiasiya səviyyəsini ölçərək İranda uranın zənginləşdirilməsi proqramına dair məlumatlar hansı ölkələr üçün əhəmiyyət daşıdığını elə İsraildə də yaxşı bilirlər.
Aydın məsələdir ki, Azərbaycanın adının bu məsələdə hallandırılmasında regionda gərginliyin artmasında və Yaxın Şərq cğorafiyasında "bulanıq suda balıq tutmaq" sevdasında olan müəyyən dairələrin konkret məqsədləri var. Burada İranı təkcə Azərbaycana qarşı qoymaq deyil, həm də Türkiyəni dolayısı ilə oyuna çəkmək, özlərini bu çirkin təxribat xarakterli məlumatların arxasında gizlətmək cəhdləri var. Xatırladaq ki, İnqilab Keşikçiləri Korpusunun komandanı, briqada generalı Hüseyn Salami bəyan edib ki, "bu təcavüzə cavab diplomatik olmayacaq, düşmənin cavabı döyüş meydanında veriləcək, ancaq bu haqda əvvəlcədən elan olunmayacaq".
Amma Salami onu da öz bəyanatında bildirib ki, pilotsuz təyyarə İsrail ərazisindən yox, İsrailə qonşu olan ölkələrdən birindən havaya qalxıb. Bununla belə İran hərbi dairələri, təyyarənin İsrailə məxsus olmasına heç bir şübhə olmadığını bəyan ediblər.
Qeyd edək ki, rəsmi Tehran təyyarənin Azərbaycandan qalxdığına dair xarici KİV-də ortaya atılan iddialara heç bir münasibət bildirməyib.
Rəsmi Bakı isə bu iddiaları qətiyyətlə rədd edir. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, bu, bəzi xarici dairələrin Azərbaycana qarşı növbəti təxribatıdır: "İşğalçı Ermənistan istisna olmaqla Azərbaycan bütün qonşuları ilə öz münasibətlərini qarşılıqlı etimad, səmimilik, dostluq, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri üzərində qurub. Bu ilin aprelində Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri yüksək səviyyədə keçib, qonşu ölkənin rəhbərləri ilə görüşlərdə ikitərəfli münasibətlər kompleks şəkildə müzakirə olunub, əvvəlki dövrdə mövcud olan bütün problemlərə aydınlıq gətirilib və sual doğura biləcək heç bir məqam qalmayıb. Görünür belə vəziyyət bəzi xarici dairələri narahat edir və bu tipli informasiyalar Azərbaycanın qonşuları ilə, o cümlədən İranla münasibətlərini korlamaq üçün bilərəkdən dövriyyəyə buraxılır. Birmənalı şəkildə bildirirəm ki, Azərbaycan üçün dost İran dövlətinin ərazisində xüsusi maraq kəsb edən, axtaracağı heç bir şey yoxdur və bu informasiya növbəti təxribat cəhdindən başqa bir şey deyildir".
Azərbaycan Xarici İşlər Hazirliyi də təxribat xarakterli məlumatla bağlı mövqeyini bildirib. XİN-in rəsmi nümayəndəsi Elman Abdullayev cümə axşamı brifinqdə bəzi kütləvi informasiya vasitələrinin İran üzərində vurulan İsrailin pilotsuz təyyarəsinin guya Azərbaycan ərazisindən buraxıldığı barədə yaydığı məlumatı belə şərh edib: "Azərbaycan üçüncü ölkələrin onun qonşuları ilə münasibətlərinə xələl gətirməsinə yol verməyəcək".
Onun sözlərinə görə, Bakı qonşu dövlətlərlə mehriban qonşuluq münasibətlərinin yaradılması zamanı məhz bu prinsipləri rəhbər tutur.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi də İranda vurulmuş İsrail istehsallı "Hermes 450" tipli pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən buraxıldığı barədə yayılan məlumatları təkzib edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlının fikrincə, belə təxribat xarakterli məlumatlar Azərbaycanın qonşuları ilə münasibətlərini korlamaq məqsədi ilə yayılıb: "Bu tipli pilotsuz uçuş aparatları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin silahlanmasında yoxdur. Bu təxribat xarakterli informasiyanı təkzib edir və bildiririk ki, yayılan məlumatları yaxın qonşularla münasibətlərin korlanmasına cəhd kimi qiymətləndiririk".