Baş Prokurorluq tərəfindən qanun layihəsi hazırlanır Siyasət

Baş Prokurorluq tərəfindən qanun layihəsi hazırlanır

Dövlət sirri təşkil edən məlumatların yayılmasına görə cəzalar sərtləşdiriləcək

"Azərbaycanda dövlət sirrinə aid edilən məlumatların yayılmasının qarşısının alınması və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən qanun layihəsi hazırlanır. Həmin sənəd yaxın vaxtlarda qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim ediləcək".
Bunu "Trend"in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib.
Onun sözlərinə görə, Azərbaycanda dövlət sirrinin qorunması ilə bağlı münasibətlər "Dövlət sirri haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Məlumat azadlığı haqqında" qanunlar və digər normativ hüquqi aktlarla tənzimlənir.
E.Sultanov qeyd edib ki, "Kütləvi informasiya vasitələri haqqında" Qanunda Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirlərin yayılmasının və bu sahədə kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyinin təsbit olunmasına baxmayaraq, son vaxtlar cəbhə bölgələrində erməni təxribat qruplarının pozuculuq fəaliyyətinin intensivləşdiyi bir vaxtda Azərbaycanın və xarici ölkələrin kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Azərbaycan Ordusu və ölkənin hərbi təhlükəsizliyinə aid edilən məlumatların yayılması hallarına tez-tez rast gəlinir ki, bu da cəmiyyət və insanlar arasında ciddi çaşqınlıq və narahatlıq yaradır. Azərbaycan dövlətinin KİV-ə, azad söz və mətbuata göstərdiyi hərtərəfli diqqət və qayğının fonunda belə hərəkətlər qəti yolverilməzdir: "Ona görə də hesab edirik ki, informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu cür halların qarşısını almaq və həmin əməlləri törətmiş şəxslərin məsuliyyət məsələsini müəyyən etmək üçün qüvvədə olan qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsinə ciddi zərurət yaranıb.
Düzdür, açıqlanması qanunla qadağan edilən məlumatları ictimailəşdirməklə kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadə etməyə görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Lakin bu qanunazidd əməllərin dövlətimizin suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi, müdafiə qüdrətinin əsaslarına vura biləcəyi zərərlə müqayisədə həmin normanın sanksiyasında nəzərdə tutulan inzibati tənbehin təsir mexanizmi faktiki olaraq yox dərəcəsindədir. Ona görə də bu qanunazidd əməllər kriminallaşdırılmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də qeyd edilən əməlləri törətməyə görə cinayət məsuliyyəti nəzərdə tutan norma müəyyən edilməlidir. Lakin bu cür əməllərin kriminallaşdırılması obyektiv amillərə söykəndiyindən, yəni Ermənistan kimi təcavüzkar bir dövlətlə faktiki müharibə şəraitində olduğumuzdan heç bir halda fikir, söz, mətbuat və məlumat azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir".
E.Sultanov bildirib ki, Baş Prokurorluq bununla bağlı Milli Məclis qarşısında qanunvericilik təşəbbüsü ilə çıxış edəcək: "Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı Baş Prokurorluq tərəfindən müvafiq qanun layihəsi hazırlanır və həmin sənəd yaxın vaxtlarda qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisin müzakirəsinə təqdim ediləcəkdir. Hesab edirik ki, hərbi sahədə dövlət sirrinə aid edilən məlumatların qüvvədə olan siyahısına yenidən baxılaraq həmin siyahının günün reallıqları nəzərə alınmaqla daha da genişləndirilməsi, istifadə olunan bəzi anlayışların mahiyyətinin dəqiqləşdirilməsi və dövlət sirri təşkil edən siyahılar və məlumatların izahı ilə bağlı kütləvi informasiya vasitələrinin nümayəndələri və əhali arasında mütəmadi olaraq maarifləndirici profilaktik tədbirlərin həyata keçirilməsi məqsədəmüvafiq olardı".
Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bu məsələlərə avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin müşavirəsində də toxunub.
Baş Prokurorluğun sözçüsü bəzi hüquq müdafiəçiləri tərəfindən dövlət əleyhinə cinayətlərdə ittiham olunan şəxslərin qanunazidd əməllərinə bəraət qazandırmaq cəhdlərinə də toxunub: "Bu gün bəzi dırnaqarası hüquq müdafiəçiləri dövlətimizin suverenliyi və təhlükəsizliyi əleyhinə olan cinayətlərdə ittiham olunan şəxslərin "hüquqlarını" müdafiə etmək məqsədi ilə müxtəlif təşkilatlar yaradaraq onların qanunazidd əməllərinə bəraət qazandırmağa cəhd göstərirlər".
Azərbaycanın hərbi sahədə sirlərinin yayılması faktları ilə əlaqədar ötən aylarda respublikanın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri barədə qısa məlumat verən mətbuat xidmətinin rəhbəri bildirib ki, əvvəlki dövrlərin statistikasının təhlili, eyni zamanda, cinayət işlərinin istintaqı göstərir ki, ölkəmizdə fəaliyyət göstərən bəzi QHT-lərin, ayrı-ayrı şəxslərin, jurnalistlərin, digər vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin "xalq diplomatiyası" adı altında həyata keçirdikləri səfərlər, görüşlər zamanı hərbi və digər dövlət sirləri Ermənistanın xüsusi xidmət orqanlarına ötürülməklə onların maraqlarına xidmət edib:
"Aparılmış istintaqla müəyyən edilmişdir ki, hüquqi qeydiyyatdan keçməyən qurumun sədri Leyla Yunusova və əri Arif Yunusov hələlik adları açıqlanmayan ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarını Ermənistan xüsusi xidmət orqanlarının nümayəndələri ilə məxfi əməkdaşlığa cəlb edərək, ölkəmizə qarşı istifadə məqsədilə hərbi vəziyyət barədə məlumatlar toplanılmasına dair onlara konkret tapşırıqlar veriblər. Bunun nəticəsində Leyla və Arif Yunusovlar "Zerkalo" qəzetinin müxbiri Rauf Mirqədirov tərəfindən hərbi hissələrin və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillərlə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar".
Onun sözlərinə görə, Rauf Mirqədirovun erməni aviaşirkətləri vasitəsi ilə alınmış biletlərlə 6 dəfə Ermənistanda olması onun səfərlərinin məhz düşmən ölkənin xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsini bir daha təsdiqləyir: "Göründüyü kimi, həmin şəxslərin ictimai fikri çaşdırmağa hesablanmış və Azərbaycan torpaqlarının işğalı vəziyyətində "xalq diplomatiyası" adı altında vətəndaş cəmiyyətləri arasında münasibətləri "yaxşılaşdırmaq" cəhdinin arxasında mövcud vəziyyətlə barışmaq kimi çox təhlükəli ideyalar durması artıq hər kəsə məlumdur. Bu da öz növbəsində onların törətdikləri əməlin yüksək ictimai təhlükəliliyini bir daha sübut edir".
E.Sultanov əminliklə bildirib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektivi bundan sonra da digər əlaqədar dövlət orqanları ilə birlikdə dövlətçiliyimizin maraqlarının, ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığın bütün təzahürlərinə qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün səlahiyyətləri çərçivəsində zəruri tədbirlərin görülməsini təmin edəcəkdir.