“İranın addımı sadəcə beynəlxalq hüququn pozulması deyil...” Siyasət

“İranın addımı sadəcə beynəlxalq hüququn pozulması deyil...”

Turab Rzayev: “Eyni zamanda, qonşuluq münasibətlərinə vurulmuş ağır zəbədir”

Aqil Camal: “Rəsmi Tehranın Qarabağdakı separatçılara dəstəyini davam etdirməsi Azərbaycana qarşı açıq düşmənçilikdir”

İran İslam Respublikasına məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video yayılıb. Azərbaycan bütün beynəlxalq təzyiqlərə rəğmən İrana qarşı sanksiyalara dəstək verməyib, qonşuluq münasibətlərinə sadiqliliyini nümayiş etdirərək öz dəstəyini göstərib. İran isə Azərbaycanın bütün müsbət addımlarını gözardı edərək və
beynəlxalq hüququ ayaq altına alaraq separatçılara dəstək verir. Təbii ki, bu, Azərbaycanda etirazlara səbəb olur. Bu addım, eyni zamanda, İran vətəndaşları olan azərbaycanlıların mövqeyinin nəzərə alınmaması, onların təhqir olunması deməkdir.
Analitik Turab Rzayev bildirdi ki, Azərbaycan dövləti istər mehriban qonşuluq siyasətinə, itərsə də tarixi keçmişdən gələn bağlara əsaslanaraq, həmişə İran İslam Respublikası ilə normal qonşuluq münsibətlərini saxlamağa üstünlük verib. Onun sözlərinə görə, ölkəmiz həmişə çətin vaxtlarında qonşuluq prinsiplərini əsas tutaraq, beynəlxalq ictimaiyyətin təzyiqlərini nəzərə almadan, İranla bütün iqtisadi əlaqələri kəsməyib, iqtisadi tərəfdaşlığa davam edib: “Hətta, kornavirus pandemiyasının tüğyan etdiyi və İranda sürətlə yayıldığı dövrdə belə, ölkəmiz əvvəlcə sərhədləri tam olaraq bağlamadı, İrana nəfəs koridoru saxladı. Halbuki, İranla həddən artıq bir-birinə bağlı olan İraq elə ilk gün sərhədləri bağladı. Bütün bunlara baxmayaraq, biz İran tərəfdən qonşuluq və dostluq münasibətlərinə uyğun davranış görmürük. Zaman – zaman bizim əleyhimizə olduğu halda İran yenə də Ermənistanla strateji layihələr həyata keçirir. Ancaq bu qədər yardım və dəstək verdiyi, həyat koridoru açdığı Ermənistan da elə İranda epidemiyanın elan olunduğu ilk gün bu ölkə ilə sərhədlərini bağladı. İranın son 30 ildir nəfəs verdiyi ölkə, İranın nəfəsini anında kəsdi. Biz isə daha 2-3 həftə İranla bütün əlaqələri, hətta hava nəqliyyatını və sərnişin daşımanı belə davam etdirərək, onsuz da embarqolardan çökmüş ölkənin tam olaraq çıxılmaz vəziyyətə düşməsinin qarşısını aldıq. Yük daşımaları isə hələ də davam etməkdədir. Bizim var gücümüzlə, bizim düşmənimizə etdiyi yardımı və bizə vuduğu ziyanı görməzdən gələrək, yardım etdiyimiz halda, İrandan yanacaq və digər məhsullar yüklənmiş tırların Qarabağa yük daşıdığı məlum oldu. Bu sadəcə beynəlxalq hüququn pozulması deyil, eyni zamanda, qonşuluq və dostluq münasibətlərinə vurulmuş ağır zəbədir. Və İranın bizim etdiyimiz bütün kömək və dəstəklərdən sonra, yenə də bizə qarşı düşmən mövqe sərgilənməsidir. İrandan işğal olunmuş ərazilərə yanacaq və digər yüklərin daşınmasına dərhal son qoyulmalıdır”.
"Türküstan Media Qrupu"nun baş redaktoru, "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal bildirdi ki, İranın Ermənistanın işğalı altında olan Azərbaycan ərazisindəki terrorçu-separatçı rejimə müxtəlif formalı dəstəklərini əks etdirən kifayət qədər dəlillər var. Onun fikrincə, indiki dövrdə, ölkələrin güclərini koronavirus epidemiyasına qarşı mübarizəyə sərf etdiyi indiki məqamda, rəsmi Tehranın Qarabağdakı separatçılara dəstəyini davam etdirməsi Azərbaycana qarşı açıq düşmənçilikdən başqa bir şey deyil: “Koronovirusun ən çox zərbə vurduğu ölkələrdən biri olan İrana ilk maliyyə dəstəyini məhz Azərbaycan göstərib. Bu dəstəyi belə, gözardına vuraraq, İran İslam Respublikasına məxsus yük maşınlarının işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımaları nə qonşuluğa, nə diplomatik etiketə, nə də mənəviyyata sığan hərəkətdir. Azərbaycan hökuməti bu bədnam hərəkətin səbəbinin araşdırılması üçün İran tərəfindən izahat tələb etməlidir”.

Politoloq Məhəmməd Əsədullazadə diqqətə çatdırdı ki, rəsmi Tehranın Azərbaycanın işğal olunmuş ərazilərində separtçılarla qeyri-rəsmi əməkdaşlığı birbaşa Azərbaycana qarşıdır və buna susmaq olmaz: “İran olaraq Ermənistan ərazisindən öz yük və neft daşıyan TIR-larını Qarabağa göndərir, burada işğalçılara lojistik dəstək verir. Bununla bağlı yayılan videoda aydın olur ki, İran dövlət nişlanlı TIR-lar Qarabağdadır və buraya benzin və digər neft məhsulları daşıyır.
İran İslam Respublikasının bu hərəkəti Azərbaycanla qonşuluq əlaqələrinə kölgə salır və rəsmi Tehranın Qarabağ münaqişəsinin Azərbaycanın lehinə həll olunmasında maraqlı olmadığını ortaya qoyur”.
Politoloq əlavə etdi ki, Azərbaycan XİN İrandan bununla bağlı izahat tələb etməli, İranın ölkəmizdə səfiri nazirliyə dəvət olunub aydınlıq gətirməlidirlər: “Azərbaycan bunu ciddi araşdırmalı və İranın ölkəmizin suverenliyini pozaraq işğal olunmuş ərazilərimizdə fəaliyyətinə son vermək üçün Tehranla ciddi müzakirələr aparılmaldıır.
İranın Qarabağda qida və tikinti şirkətləri fəaliyyət göstərir. Şuşada məscidin restavrasiyasını İran şirkəti həyata keçirdi.
Ermənistan istənilən zaman İran əleyhinə fəaliyyətə keçər. ABŞ-ın İrana qarşı sanksiyalarına Nikol Paşinyan İranla sərhəddi bağlamaqla mesaj vermişdi. Budur, Ermənistanın İrana münasibəti.
Göründüyü kimi İran özü Azərbaycanla problemələr axtarır və hələ utanmadan deyir ki, Tehran Qarabağ münaqişəsinin həllində aktiv ola bilər. Sualım ölkmizdəki İran səfirliyinədi. İran Qarabağdakı separtçılara yanacaq göndərməklə münaqişənin həllində belə dəstək olmaq istəyir? İranın bu siyasəti, İslam həmrəyliyinə uyğundurmu?”

Əli