Elin gözü və sözü... Siyasət

Elin gözü və sözü...

Yaxud böyük gələcəyə olan ümidlərin məktublardakı izi ilə

Ölkənin ən müxtəlif bölgələrində yaşayan vətəndaşlarımızdan Azərbaycan Prezidentinin ünvanına minnətdarlıq məktubları gəlir. Paytaxt Bakıdan, düşmənlə üz-üzə dayanan Ağdamdan, Füzulidən, Goranboydan, ölkənin ən ucaqar dağ kəndlərindən dövlət başçısına öz səmimi hisslərini, düşüncələrini çatdırmağa can atan həmvətənlərimiz sağlamlıqlarına, həyatlarına təhlükə yarada biləcək bütün təhlükələrə qarşı həyata keçirilən önləyici tədbirləri təqdir etdiklərini bildirirlər.
Aralarında ən müxtəlif peşə sahiblərinin olduğu bu insanların yalnız bircə arzusu, bircə istəyi var: Prezident İlham Əliyevin liderliyi ilə yürdülən siyasətin, həyata keçirilən islahatların davam etdirilməsi, Azərbaycan dövlətinin və xalqının COVİD-19 virusunun yaratdığı çətin sınaqdan daha güclü çıxması! Onlar Azərbaycan xalqının və dövlətinin Prezident İlham Əliyevin liderliyi ilə bütün maneələri dəf edə biləcəyinə əmindirlər və inanırlar ki, gözəgörünməz düşmən üzərində qələbədən sonra Azərbaycan xalqını daha gözəl günlər gözləyir!
Prezident İlham Əliyevə ünvanlanan məktublarda həmvətənlərimizin səmimi minnətdarılığı ifadə edən sözlərlə yanaşı, diqqəti cəlb edən bir neçə önəmli məqam var. Harada yaşamasından, hansı işlə məşğul olmasından asılı olmayaraq, onlara göstərilən qayğıya görə minnətdar olmağı bacaran bu səmimi, vətənsevər insanlar Azərbaycan Prezidentinin yürütdüyü siyasətin, onun liderliyi ilə istər COVİD-19 təhlükəsinin aradan qaldırılması, istər ölkəmizin iqtisadi inkişafının təmin edilməsi, istər Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, istərsə də həyata keçirilən çoxşaxəli islahatların mahiyyətini dərindən dərk edir və qiymətləndirilər.
Qənaətimə görə, Prezidentə ünvanlanan minnətdarlıq məktubları dövlətimizin başçısının hər bir Azərbaycan vətəndaşına olan sevgisinin, diqqətinin səmimi qarşılığıdır. Bu fikirlər İsmayıllı rayonunun sakini Əhmədağa Ələkbərovun minnətdarlıq məktubunda belə ifadə olunur: “Hörmətli cənab Prezident.
Azərbaycana, xalqımıza, ən kiçiyindən ən yaşlısına qədər bəslədiyiniz səmimiyyət və sevgi hissləri açıq-aydın duyulur.”
“Elin gözü tərəzidir”. O, hər şeyi görür, hiss edir və dəyərləndirir. Səmimiyyət və sevgi elə hisslərdir ki, onları siyasi manevrlərə, cizgilərə ram etmək mümkün deyil. Əhmədağa Ələkbərovun timsalında Azərbaycan vətəndaşları da sevgini və səmimiyyəti Prezident İlham Əliyevin aydın baxışlarından, düşüncəsindən, onların rifahı və dövlətin inkişafı naminə yorulmadan həyata keçirdiyi siyasətin göz önündə olan nəticələrindən oxuyurlar.
Əhmədağa Ələkbərovun məktubunda diqqəti cəlb edən və olduqca həssas bir məqama da toxunmaq istəyirəm. İsmayıllı rayonun sakini Azərbaycan Prezidentinə, sadəcə dövlətin vətəndaşlara qayğısına görə təşəkkür etmir, həmçinin yalnız vətəndaş-dövlət birliyindən söz açmır, o, İlham Əliyevin bir siyasi lider, şəxsiyyət kimi bütövlükdə Azərbaycan xalqı üçün birləşdirici faktor olduğunu vurğulayır: ““Biz birlikdə güclüyük” deməklə xalqımızı bir yumruq halında birləşdirə bildiniz. Elə onun nəticəsidir ki, bu gün xalqımız həm özünü, həm də dövlətini düşünərək bir-birinə dəstək olur, tezliklə bu ümumbəşəri bəladan üzüağ, alnıaçıq çıxmaq yolunda səfərbər olub.”
Gözəl və dəqiq ifadə olunub: “Xalqımız həm özünü, həm də dövlətini düşünərək bir-birinə dəstək olur”.
Cənab Prezidentə ünvanlanan bütün məktublarda COVİD-19 virusunun yarada biləyəcəyi böyük faciələrin qarşısının alınması üçün həyata keçirilən önləyiçi tədbirlərin effektivliyi, verilən qərarlar və onların icrası prosesində nəzərə çarpan qətiyyət və çeviklik leytmotiv kimi keçir. Məsələn, Ağdamın təmas xəttində yerləşən Əfətli kəndinin sakini Şəmsəddin Əhmədov yazır ki, Azərbaycan Prezidentinin “dünyanı bürüyən koronovirus pandemiyasına qarşı ölkəmizdə həyata keçirdiyi qətiyyətli tədbirlər cəbhə kəndində mənfur düşmənlə üz-üzə yaşayan vətəndaşları ürəkdən sevindirir”.
Prezidentə yazılan məktubların əhəmiyyətli hissəsində COVİD-19 virusuna yoluxma hallarının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin məqsədyönlü ardıcıllığı və effektivliyi vurğulanır.
Gəncə sakinləri Mətləb Məhərrəmov, Telman Quliyev, Aygün Həsənova və digərləri Azərbaycan Prezidentinə ünvanladıqları məktublarda yazırlar: “Ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi, yeni koronavirusun yayılmasının qarşısının alınması, onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsaitin ayrılması, Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılması onu sübut edir ki, yürütdüyünüz siyasətin təməlində Azərbaycan vətəndaşı və onun rifahı dayanır”.
Vətəndaşların məktublarında onların təhlükəsizliyinin təmin edilməsilə bağlı atılan bütün addımlar bəzi marginal qrup təmsilçilərinin illərdir təkrarladıqları söz yığınından fərqli olaraq, konkret faktlarla müşayiət olunur. Elə Gəncə sakinlərinin məktubunda ölkəmizə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün vəsaitin ayrılması ilə bağlı məqama nəzər salaq. Məlum olduğu kimi, bu məqsədlə Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrılıb.
Azərbaycan Prezidentinə məktub ünvanlayan şəhid ailələri, Qarabağ qaziləri, azrəminatlı ailələr onlara göstərilən diqqət və qayğıdan söz açır, yaranmış bütün çətinliklərə baxmayaraq, yenə də dövlətin qayğısı ilə əhatə olunduqlarını bildirirlər.
Laçın rayonundan məcburi köçkün, Qarabağ qazisi Murad Eyvazov, Füzuli rayonundan Milli Qəhrəman ailəsi Ülviyyə Quliyeva bu çətin günlərdə onlardan diqqətini əsirgəmədiyinə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirirlər.
Milli Qəhrəman ailəsi Ülviyyə Quliyeva Azərbaycan Prezidentinə “Sizin vətənpərvərliyiniz hər birimiz üçün nümunədir” deyə xitab edir. Zənnimcə, bundan obyektiv dəyərləndirmə ola bilməz.
Prezidentə yazılan məktubları ümumiləşdirən məqamlardan biri də, koranavirus pandemiyasının yaratdığı qlobal və lokal iqtisadi problemlərə, xüsusi karantin rejiminə baxmayaraq, vətəndaşların gündəlik həyatlarının asanlaşdırılması, onların rifah halının yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulan bütün layihələrin fasiləsiz olaraq həyata keçirilməsidir.
Səbail rayonunun sakini Telman Əzimzadə yazır ki, ölkəmizdə baş verən çətinliklərə baxmayaraq, Sizdən yenə də qayğı gördük: “Bu günlərdə həm maddi, həm də ərzaq yardımı aldım. Bu, mənə və mənim kimi insanlara maddi yardımdan əlavə, həm də mənəvi qayğıdır”.
Suraxanı rayonunun sakinləri Vidadi Hüseynov, Rüstəm Kazımov, Natiq Baxışov bə başqaları Prezidentə ünvanladıqları məktubda dövlət başçısına Yeni Suraxanı qəsəbəsinin daxili yolların təmirinin başa çatdırıldığına görə təşəkkürlərini bildirirlər və qeyd edirlər ki, bu ilin əvvəlindən başlayan işlər qayğılı günlərdə başa çatdırılıb: “Bu isə Azərbaycan dövlətinin heç bir çətinlik qarşısında əyilmədiyini göstərir”.
Azərbaycan Prezidentinə ünvanlanan minnətdarlıq məktubların sayı o qədər çoxdur ki, onların hətta qısa xülasələrinin belə bir yazıya sığışdırılması qeyri mümkünür. Lakin bu məktubları yuxarıda sadaladığım məqamlardan başqa ümumiləşdirən bir mühüm amil də var: Prezident İlham Əliyevə olan səmimi sevgi, inam və etimad! Və təbii ki, Azərbaycanın böyük gələcəyinə olan ümidlər!

Elçin Mirzəbəyli