“Köşkü götürüb prokurorluğun qarşısına qoya bilmərəm ki...” Siyasət

“Köşkü götürüb prokurorluğun qarşısına qoya bilmərəm ki...”

Qüdrət Həsənquliyev: "Prokurorluğun ətrafında da belə köşklər var və həmin köşklərin şüşəsinin arxasında da siqaretlər düzülüb reklam edilir"

"Ombudsmanın illik hesabatı ilə yaxından tanış olmuşam. Biz insanıq, bəzən özümüzdən asılı olmayaraq emosional çıxış edirik. Ona görə, xahiş edirəm ki, səsimi arta bilər, bəlkə göstəriş verəsiniz zalda mikrafonun səsi bir qədər alınsın, çünki bəzən exo verir. Mən dəfələrlə görürəm ki, hörmətli həmkarlarımız sual vermək adı ilə çıxışa yazılırlar. Mən etiraz etmirəm. Növbədənkənar çıxış imkanları da yaratmaq olar. Ancaq bu suallar niyə növbədənkənar verilməlidir? Hesab edirəm ki, bu qaydaya da son qoymalıyıq". Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında çıxışı zamanı deyib. Millət vəkili "qeyd edim ki, çox böyük iş görülüb, Səbinə xanıma da təşəkkür edirəm",- deyə vurğuladı: "Mən sadəcə münasibət bildirib təklif vermək istəyirəm. Ombudsman institutu beynəlxalq qurumlarla, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edir və biz bunu hesabatdan da görürük.
Amma nədənsə parlamentdəki müxalifət partiyaları ilə belə əməkdaşlıq yoxdur. Bundan başqa, insan hüquqları sahəsində marifləndirmə işləri ilə bağlı çoxlu tədbirlər görülüb, amma hesab edirəm ki, bu yetərli deyil. Fikrimcə, İctimai Televiziyada "Ombudsman saatı" adı altında efir vaxtı almaq və mütəmadi marifləndirmə işləri aparmaq mümkündür.
Mənim diqqətimi ən çox cəlb edən məsələ bu oldu ki, hörmətli Səbinə xanım xüsusi olaraq bir məsələyə diqqət yetirdi. Orta məktəblərdə uşaq və gənclərin siqaretdən, narkotikdən istifadə etməsi narahatedici faktdır. Bu problemin aradan qaldırılması məqsədilə qanunvercilikdə nəzərdə tutulduğu kimi uşaqlara spirtli içkilər və tütün məmulatlarının satılmasına aidiyyətli qurumlar və cəmiyyət tərəfindən nəzarətin gücləndirilməsi vacibdir.
Hörmətli Sahibə xanım, siz yəqin bilirsiniz ki, mən dəfələrlə siqaret məsələsini qaldırmışam. Bütün məktəblərin, kollec və universitetlərin qarşısında adı qəzet köşkü olan, amma siqaret köşkü kimi fəaliyyət göstərən köşklər var. Bu məsələ dəfələrlə tərəfimdən qaldırılıb ki, orada siqaret açıq reklam olunur. Hətta bəzən məktəbli uşaqlara siqaret pulsuz paylanılır ki, daha çox uşaqları cəlb etsinlər. Əgər uşaqlar məktəb illərində siqaret çəkmirlərsə, böyüyünəndə bunun ziyanlı olduğunu bilib belə pis vərdişlərə sahib olmurlar. Əgər bizim Sosial Tədqiqatlar Mərkəzi, Zahid Oruc bir sorğu keçirsə, əmin olacaq ki, siqaret çəkənlərin 95 faizi bu zərərli vərdişə məktəb illərində sahiblənib. Sonra başa düşəndə ki, bu ziyanlıdır, tərgidə bilmir. Ona görə də, mən bununla bağlı dəfələrlə çıxış etmişəm, Baş prokurora bu salondan sorğu da göndərdim. Mənim Baş prokurora göndərdiyim məktub Dövlət Reklam Agentliyinə göndərilib. Çünki onlar siqaretin reklam olunması məsələsinə onlar nəzarət edir".
Millət vəkili əlavə etdi ki, Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə, bu səhlənkarlıq adlanır və qeyd edilir ki, vəzifəli şəxsin işə vicdansız və laqeyid münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi dövlət və cəmiyyət mıənafeyinə mühüm zərər vurmasına səbəb olarsa, alternativ cəzalar var: "O cümlədən 2 ilə qədər azadlıqdan mərhum etmə nəzərdə tutulur. Əslində mən gözləyirdim ki, ən azı səhlənkarlığa görə, Dövlət Reklam Agentliyinin əməkdaşları haqqında cinayət işi qaldırılacaq. Amma prokurorluq məndən fakt istəyir. Mən köşkü götürüb prokurorluğun qarşısına qoya bilmərəm ki... Prokurorluğun ətrafında da belə köşklər var. Həmin köşklərin şüşəsinin arxasında da siqaretlər düzülüb reklam edilir.
Digər bir mühüm məsələ, hesabatda siz də məhkəmə qərarları ilə bağlı məsələyə toxunmuzusunuz. Qeyd edirsiniz ki, məhkəmə qərarlarının vaxtından və tam icra edilməməsi ədalət mühakiməsinin səmərəliyini və məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasında mühüm əhəmiyyəti var. Biz də zaman-zaman bu məsələləri qaldırmışıq. Orada kadr dəyişiklikləri baş verdi, indi məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət xeyli yaxşılaşıb. Amma yenə də narahatedici məqamlar çox olaraq qalır. Ona görə ki, məhkəmə qərarlarını sadəcə icra etmək mümkün deyil. Bunun üçün məhkəmə rəhbərliyi, məhkəmələrlə ciddi iş aparmaq lazımdır. İcrası mümkün olmayan belə qərarları niyə qəbul edirlər və sonradan təkrar buna baxırlar, icraçı ilə bağlı vəziyyəti dəyişirlər və s.
Məhkəmələrin izah verməsi ilə bağlı da məsələyə diqqət ayırmaq istərdim. Məhkəmə qərar qəbul edir, sonra bu icra edilmir. Deyirlər ki, get bunun izahını al gətir görək biz bunu hansı formada icra edəcəyik. Hesab edirəm ki, biz bu istiqamətdə də ciddi şəkildə işləməliyik".