“Qoyulan qaydalara məsuliyyətsiz yanaşma...” Siyasət

“Qoyulan qaydalara məsuliyyətsiz yanaşma...”

Millət vəkili: “Yenidən əvvəlki vəziyyətə geri dönüşümüzə səbəb ola bilər”

Aprelin 27-dən etibarən Nazirlər Kabineti tərəfindən karantin rejiminin yumşaldılması ilə bağlı verilən qərar qüvvəyə minib. Amma monitorinqlər aparılacaq və yumşalmadan sonra vəziyyətin necə olması dəyərləndiriləcək.
Deputatı Elman Məmmədov deyib ki, aprelin 27-dən etibarən Nazirlər Kabineti tərəfindən karantin rejiminin yumşaldılması istiqamətindən verilən qərarın qüvvəyə minməsi bir sınaqdır: “Prezident İlham Əliyev də çıxışında bildirdi ki, daim monitorinq aparılacaq və əgər bu yumşalmadan sonra vəziyyət mənfi istiqamətə gedərsə, rejim yenidən sərtləşdirilə bilər”. O bildirib ki, bundan sonra baş verənlər vətəndaşlarımızın qaydalara düzgün əməl etməsindən asılı olacaq: “Yumşaldılma tədbirlərinin bundan sonra da davam edəcəyini deyən deputat söyləyib ki, ancaq bu vəziyyətdən sui-istifadəyə, səhlənkarlığa yol verilsə, məsuliyyət azaldılsa, əldə edilən nəticələrə xələl gələ bilər. Qoyulan qaydalara məsuliyyətsiz yanaşma, yenidən əvvəlki vəziyyətə geri dönüşümüzə səbəb ola bilər. Belə olan halda, Azərbaycan dövləti yenidən sərt tədbirlər görmək məcburiyyətində qalacaq. Təbii ki bütün bunlar Prezident İlham Əliyevin də söylədiyi kimi, vətəndaşlarımızın sağlamlığı, onların həyatı üçündür”.
E. Məmmədov qeyd edib ki, hər kəs, hər bir vətəndaş dövlət tərəfindən pandemiyanın qarşısının alınması istiqamətində gördüyü yüksək səviyyəli tədbirlərin onlar üçün atıldığını dərk etməlidir: “Görülən tədbirlərin müsbət nəticələri göz qarşısındadır. Bu baxımdan biz bir vətəndaş olaraq atdığımız addımlara diqqət etməliyik ki, bundan sonrakı nəticələr indikindən də müsbət olsun. Belə halda koronavirus bəlasından birdəfəlik qurtula bilərik. Əgər biz bəlanın tezliklə bitməsini, dövlətçiliyimizin daha da möhkəmlənməsini, inkişafımızı, nailiyyətlərimizi daha da artırmaq istəyiriksə qaydalara əməl etməliyik. Başqa çıxış yolumuz yoxdur”.
Millət vəkili Ceyhun Məmmədov deyib ki, qəbul edilən adekvat və qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda virusun yayılması nəzarətdə saxlanıldı: “Bir sıra Avropa ölkələrində olduğu kimi, xəstəxana və dəfnlə bağlı məsələlərdə problemlər yaşanmadı. Həmişə qeyd etdiyimiz kimi, bu prosesdə iki tərəf var. Biri dövlət hansı ki, üzərinə düşəni edir, lazımi qərarları qəbul edir və zəruri addımları atır. Digər tərəf vətəndaşlardır. Onların bu qaydalara əməl etmələrindən asılı olaraq proses tənzimlənir”. Deputatın sözlərinə görə, prosesdən sürətlə çıxmağın yollarından biri də vətəndaşların qaydalara tam əməl etmələridir: "Məlum olduğu kimi, pandemiyanın yayılması dünya iqtisadiyatına, eləcə də, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq bir sıra müəssisələrin fəaliyyətində çətinliklər yarandı. Xüsusilə biznes strukturları üçün yumşalma qərarı xüsusi önəm daşıyırdı. Dövlətin müəyyən vergi güzəştləri və tətilləri tətbiq etməsi onların fəaliyyətinə dəstək oldu. Ancaq bununla bərabər həmin müəssisələrin fəaliyyətinin uzun müddət dayanması gələcəkdə müəyyən çətinliklər yarada bilərdi. Eyni zamanda, bəzi mağazaların fəaliyyətinin dayanması səbəbindən insanların ehtiyaclarının ödənilməsində də çətinlik yaranmışdı. Bir sıra mağaza və dükanların fəaliyyətinə icazə verilməsi vətəndaşların bu baxımdan müəyyən ehtiyaclarının təmin olunmasına da şərait yaradacaq. Bu qərarlar həmçinin ölkə iqtisadiyyatına, iqtisadi həyatın canlanmasına, ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına da öz müsbət təsirini göstərəcək. Ancaq bu vətəndaşlarımızda tam rahatlıq və sərbəstlik yaratmamalıdır. Çünki proses tam yekunlaşmayıb. Yeni fəsadların baş verməməsi üçün hər birimiz maksimum diqqətli olmalıyıq. Əks halda karantin rejimi qaydaları daha da sərtləşdirilə bilər".
Millət vəkili Azər Badamov deyib ki, Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargah ölkədə pandemiya ilə bağlı vəziyyəti gündəlik təhlil edir və ona uyğun qərarlar qəbul olunur. Deputatın sözlərinə görə, Azərbaycan bu qara bəlaya qarşı effektiv mübarizə aparan ölkədir: “Məhz vaxtında xüsusi karantin rejiminin tətbiqi, aparılan testlərin genişlənməsi, sosial məsafənin gözlənilməsinin tövsiyyə olunması və digər tədbirlərin ciddiliyi ölkəmizdə sağalanların sayının yeni yoluxanları üstələməyə imkan verib. Dinamika müsbətdir. Ona görə də Operativ Qəragah karantin rejimini yumşalmaya gedib. Amma bu o demək deyil ki, biz pandemiyaya tam qalib gəlmişik. Bundan sonra hər şey vətəndaşların özündən asılıdır.
Operativ Qəragahın tövsiyyələrini rəhbər tutaraq hamı gigeyenik qaydalara riayət etsə, sosial məsafəni gözləsələr təbii ki, pandemiya ilə vidalaşa bilərik. İnsanlar qaydalara riayət etməsə pandemiya təzədən genişlənə bilər və yenidən karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yaranar. Ona görə də hamı Operativ Qərargahın tələb və tövsiyyələrinə əməl etməlidir".