QHT sədri: Azərbaycanımızı korrupsionerlərdən, rüşvətxorlardan birlikdə qorumalıyıq Siyasət

QHT sədri: Azərbaycanımızı korrupsionerlərdən, rüşvətxorlardan birlikdə qorumalıyıq

Prezident İlham Əliyevin Baş prokuror Kamran Əliyevi videoformatda qəbulunda Azərbaycanda həyata keçirilən islahatlar, əhalinin sosial müdafiəsi sahəsində görülən işlər, neqativ hallara qarşı mübarizənin gücləndirilməsi və qanunun aliliyinin təmin edilməsi sahəsində hüquq mühafizə orqanlarının qarşısında duran vəzifələr barədə danışarkən mühüm məqamlara toxunub. Onlardan biri də cəmiyyətdə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizədir.
Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin (ADİİM) sədri, jurnalist Cavid Şahverdiyev “İki Sahil”ə açıqlamasında bildirib ki, əhali Prezident İlham Əliyevin Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluğa qarşı apardığı mübarizəni dəstəkləyir: “Cənab Prezident İlham Əliyev hər dəfə çıxışlarında Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı çox ciddi mübarizə aparıldığını qeyd edib. Hətta mesaj da verib ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, özü könüllü şəkildə dövlət işindən istefa verməlidir.
Ancaq Dövlət Təhlükəsizliyi Xidmətinin son aylarda həyata keçirdiyi bir neçə əməliyyat nəticəsində korrupsiyaya qurşanan 4 rayonun İcra hakimiyyəti başçılarının həbsi onu deməyə əsas verib ki, rüşvətxorluq bu adamlar üçün əsas prinsip olub. Həmin korrupsioner başçılar Prezidentin etimadını doğrultmamaqla yanaşı, dövlətin aztəminatlı ailələr üçün ayırdığı yardımları belə mənsimsəməklə xalqa, dövlətə xəyanət etmiş olublar.”
QHT sədri bildirib ki, Azərbaycan hökuməti daim korrupsiya və rüşvətxorluğa qarşı amansız olub: “Ölkəmizdə korrupsiya və rüşvətxorluq hallarına qarşı daha ciddi mübarizə aparılması, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edən vəzifəli şəxslərlə bağlı tədbirlərin görülməsi, müasir tələblərə cavab verən prokurorluq orqanlarının formalaşdırılması istiqamətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin tövsiyə və göstərişlərinin icrası ilə əlaqədar zəruri tədbirlər həyata keçirilir. Korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirləri konkret əməli-praktiki addımlarla müşayiət olunur ki, bu da əhali tərəfindən təqdir edilir. Əhalidə hökumətin korrupsiya və rüşvətxorluğa qarşı mübarizəsinin effekt verəcəyi inamı, hakimiyyətə etibarı yaranır.”
C.Şahverdiyev qeyd edib ki, cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək. Heç kim qanundan üstün deyil. Qanun qarşısında hamı bərabərdir: “Həbs olunan keçmiş icra başçılarının bugünkü aqibəti digərlərinə bir mesaj olmalıdır. Bu gün Azərbaycan hökuməti elə bir siyasət həyata keçirir ki, onun mərkəzində vətəndaş durur. O vətəndaş ki, dövlətinə sədaqətlidir, dövlətçiliyini qoruyur. Dövlət də daim həmin vətəndaşın yanındadır, onun təhlükəsizliyini, sağlamlığını qoruyur, sosial rifahının yaxşılaşdırılması istiqamətində layihələr həyata keçirir. Korrupsiya və rüşvətxorluğa batan, ona yol açanların isə aqibəti göz qabağındadır.”
QHT sədri sonda onu da vurğulayıb ki, korrupsiya və rüşvətxorluq bütün dünya ölkələrində mövcuddur və buna qarşı mübarizə aparılmaqdadır: “Bu hala qarşı birlikdə mübarizə aparmalıyıq. Xüsusən də vətəndaş cəmiyyəti institutları, KİV daha fəal olmalıdırlar. Biz dövlətimizə, hökumətimizə arxalanmaqla yanaşı, ona bu kimi sahələrdə dəstək olmalıyıq. Bu dövlət, ölkə bizimdir, Azərbaycanımızı korrupsionerlərdən, rüşvətxorlardan birlikdə qorumalıyıq”.