Prezidentə yazırlar: “Atdığınız hər addım demokratik və humanist ideyalara söykənir” Siyasət

Prezidentə yazırlar: “Atdığınız hər addım demokratik və humanist ideyalara söykənir”

Vətəndaşlar ölkənin müxtəlif guşələrindən Prezident İlham Əliyevə məktublar göndərməyə davam edir.
Məktublardan bir neçəsini təqdim edirik:
“Hörmətli cənab Prezident.
Xalqımız üçün bu narahat günlərdə mən də Sizə məktub yazmağı özümə borc bildim.
İlk növbədə, qeyd edim ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasına rəhbər təyin olunduğu 1969-cu ildə mən Azərbaycan Tibb Universitetinə daxil olmuşam. Həmin illərdə bir çox tələbə kimi, mən də müxtəlif dövlət tədbirlərində iştirak etmişəm, Ulu Öndərin necə böyük siyasi xadim olduğunu yaxından görmüşəm. Xoşbəxtlik mənə Zərifə xanım Əliyevanı da görməyi qismət edib. Belə ki, göz xəstəlikləri üzrə təcrübə dərslərini Zərifə xanımın işlədiyi tibb ocağında keçmişəm. Onun necə mehriban, sadə və savadlı bir həkim olduğuna şahidlik etmişəm.
Əziz Prezidentimiz, Siz bu ziyalı ailənin layiqli davamçısı olaraq insanlara qayğı göstərir, ölkəmizin uğurlu inkişafını təmin edirsiniz.
Mən bir həkim-pediatr olaraq bilirəm ki, xəstəliyin profilaktikası onun müalicəsindən daha asan və səmərəlidir. Sizin koronavirus xəstəliyinə qarşı vaxtında tədbirlər görməyinizin nəticəsidir ki, Azərbaycan bir çox ölkələrdən daha az yoluxma və ölüm halına malikdir. Əminik ki, Siz bu çətinliyin də öhdəsindən gələcəksiniz. Biz kəlbəcərlilər Sizinləyik. Bir daha Sizə təşəkkür edirəm.
Hörmətlə,
Məlikov Fazil Süleyman oğlu, Kəlbəcər rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Gəncə şəhəri”.

“Möhtərəm cənab Prezident.
Koronavirus (COVID-19) xəstəliyi dünyada hələ pandemiya elan edilməmişdən əvvəl epidemiyanın geniş vüsət alacağını uzaqgörənliklə düşünərək başda səhiyyə sahəsi olmaqla, bütün qurumları səfərbər etməyiniz, xalqımızı bu xəstəlikdən qorumaq üçün atdığınız addımlar, iqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün ayırdığınız böyük vəsaitlər Sizin necə güclü lider olduğunuzu dünyaya bir daha sübut etdi. Dünyanın üzləşdiyi bu çətin dövrdə Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu vasitəsilə on minlərlə ailəyə etdiyi yardımlar bütün xalqın Sizlərə olan rəğbətini daha da artırdı.
Cənab Prezident, bir şəhid övladı olaraq Sizə və Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirir, təşəkkür edirəm.
Hörmətlə,
Əmirli Vüsal Kamil oğlu, Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.
“Hörmətli cənab Prezident.
Mənim 82 yaşım var. Sizin tapşırığınıza əməl edərək iki aya yaxındır ki, evimdə qalıram, ən əziz insanlarımı görməyə də getmirəm. Bilirəm ki, yaşlı insan virusa tez yoluxur və xəstəliyi daha ağır keçirir. Mən mütəmadi olaraq xəbərləri izləyirəm. Bu virusun dünyanın 200-dən çox ölkəsində yayıldığını bilirəm. Özü də əksər ölkələrdə kütləvi insan tələfatına səbəb olub. Lakin Sizin uzaqgörənliyiniz, xalqınıza qayğıkeşliyiniz nəticəsində Azərbaycanda ölüm və yoluxma sayı çox azdır.
Hörmətli cənab Prezident, XXI əsrin ən qorxulu bioloji müharibəsindən xalqımızın salamat qurtulması üçün göstərdiyiniz fədakarlığınıza görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə minnətdarlığımı bildirirəm. Tanrı hər zaman köməyiniz olsun!
Hörmətlə,
Babayev Hafiz Hüseynalı oğlu.
Azərbaycan Respublikası, Saatlı rayonu, Qaralar kəndi”.
“Hörmətli cənab Prezident.
Sizin Azərbaycan Respublikasının inkişafında çox böyük xidmətləriniz var. Ağdam rayonunda bütün sahələrdə aparılan işlər sakinlər tərəfindən yüksək qiymətləndirilir. Rayon ictimaiyyəti Sizin siyasətinizi həmişə dəstəkləyib, bundan sonra da dəstəkləyəcəkdir.
Ağdamdan Bərdəyə gedən və uzunluğu 30 kilometr olan yeni yolun tikilməsi, rayonun İmamqulubəyli kəndində tibb məntəqəsinin istifadəyə verilməsi rayon sakinlərinin böyük sevincinə səbəb olub. Rayon ərazisində qısa müddətdə bir neçə uşaq bağçasının tikilməsi isə Sizin gələcəyimiz olan uşaqlara qayğınızın göstəricisidir. Bu işlərin belə qayğılı günlərdə də dayanmaması Sizin əzminiz sayəsindədir. Rayonda aztəminatlı ailələrə verilən yardımlar həm də onlara mənəvi dəstəkdir.
Möhtərəm cənab Prezident, biz - ağdamlılar görülən işlərə, yaradılan şəraitə görə Sizə minnətdarlığımızı bildirir, uğurlu fəaliyyətinizdə yeni zirvələr fəth etməyi arzulayırıq.
Hörmətlə,
Şıxıyev Rövşən.
Azərbaycan Respublikası, Ağdam rayonu”.

“Möhtərəm cənab Prezident.
Dünyanı cənginə alan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq üçün uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, rəhbərliyinizlə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr bir vətəndaş kimi məndə qürur hissi doğurur. Hər gün müxtəlif informasiya vasitələrindən dünya üzrə pandemiyaya yoluxanların və ölənlərin sayını öyrənirik. Bizdə bu rəqəmlərin qat-qat aşağı olması məhz Sizin vaxtında həyata keçirdiyiniz məqsədyönlü tədbirlərin nəticəsidir. Siz hər bir vətəndaşın Prezidentisiniz. Bunu atdığınız hər addımda, xüsusilə bugünkü çətin dövrdə sübut edirsiniz.
Cənab Prezident, daim Sizin yanınızdayıq və səsinizə səs veririk. Biz birlikdə güclüyük!
Hörmətlə,
Rəsulov Coşqun Şağı oğlu.
Azərbaycan Respublikası, Lerik rayonu, Vistən kəndi”.

“Möhtərəm cənab prezident.
Siz daim Azərbaycan xalqının yanındasınız, ona diqqət və qayğı göstərirsiniz. Koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısının vaxtında alınması üçün gördüyünüz tədbirləri alqışlayır, sağlamlığımızın qorunması üçün verdiyiniz tövsiyələrinizi yüksək dəyərləndiririk.
Bu ağır günlərdə xalqımızın sağlamlığını, onun rifahını hər şeydən üstün tutduğunuza görə Sizə minnətdarlığımızı bildirir, “Çox sağ olun!” deyirik. Allahdan Sizə dünyada ən gözəl nemət olan cansağlığı diləyirik. Allah Sizi qorusun.
Kərəmov Cümşüd Camal oğlu.
Azərbaycan Respublikası, Lənkəran rayonu, Kərgəlan kəndi”.

“Əziz Prezidentimiz.
Mən bir təhsil işçisi olaraq apardığınız uğurlu siyasətinizi yaxından izləyir və tam dəstəkləyirəm. Son zamanlar dünyada və ölkəmizdə baş verən hadisələrlə əlaqədar Sizin təəssübkeşliyinizdən və fədakarlığınızdan qürur hissi duyuram. Koronavirusa qarşı vaxtında həyata keçirdiyiniz profilaktik tədbirlərin səmərəsini və müsbət nəticələrini hamımız görürük. Sizin istər siyasi, istərsə də sosial sahədə atdığınız hər addımınız demokratik və humanist ideyalara söykənir.
Əziz Prezidentimiz, tarix hər zaman öz liderlərini yetişdirir. Siz müstəqilliyimizi, rifahımızı bizə bəxş edən dahi liderimizin xalqımıza miras qoyduğu siyasətin ən uğurlu və layiqli davamçısısınız. Biz Sizi hər zaman dəstəkləyirik və Sizə inanırıq.
Hörmətlə,
Əlizadə Səbinə Qiyas qızı.
Azərbaycan Respublikası, Gəncə şəhəri”.

“Hörmətli cənab Prezident.
Sizin koronavirus pandemiyasına qarşı mübarizə sahəsində imzaladığınız sərəncamları, sosial həmrəylik nümayiş etdirilməsi barədə dəyərli tövsiyə və təşəbbüsləri dəstəkləyirik.
Vaxtında görülmüş operativ və təxirəsalınmaz tədbirlər nəticəsində hazırda respublikamızda koronavirus pandemiyasına qarşı səmərəli mübarizə aparılır. Dövlətimiz bu gün də əhalinin sağlamlığını qorumaq, koronavirusun yayılmasının qarşısını almaq üçün səylərini davam etdirir. Xalqımızın bu bəladan minimum zərərlə xilas olacağına əminik.
Cənab Prezident, Vətənimiz və xalqımız üçün gördüyünüz bütün işlərə, yorulmaz fəaliyyətinizə görə Bərdə rayonunun sakinləri adından Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Əminik ki, koronavirusla mübarizə çərçivəsində atdığınız qətiyyətli və humanist addımlar öz bəhrəsini verəcəkdir.
Hörmətlə,
Nəcəfova Sənubər
Nüsrət Məmmədov
Hacıyev İsmət
Nayıbov Səfiyar.
Azərbaycan Respublikası, Bərdə rayonu”.

“Hörmətli cənab Prezident,
Siz Azərbaycan xalqının qəhrəman oğlusunuz. Azərbaycan xalqının sağlamlığı, sosial rifahı üçün göstərdiyiniz fədakarlıqları biz leriklilər çox yüksək qiymətləndiririk.
Sizin məqsədyönlü işləriniz, vaxtında görülən tədbirləriniz hesabına biz böyük bir çətinliyi dəf etməkdəyik. Siz həmişə olduğu kimi, koronavirusla mübarizədə də doğru yolla getdiniz, uğurlu yol seçdiniz.
Cənab Prezident, biz Sizi dəstəkləyir, Sizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq. Siz Azərbaycan xalqının fəxrisiniz.
Hörmətlə,
Həsənov Nəriman
Əliyev Nazim
Ağayev Mehdi.
Azərbaycan Respublikası, Lerik rayonu”.