“Milli Şura”da  “buğa əhvalatı” Siyasət

“Milli Şura”da  “buğa əhvalatı”

Söz vaxtına çəkər, XXI əsrin 20-ci ilinin yay ayları idi. Dünyanın başının taclı virus bəlası ilə mübarizəyə qarışdığı bu zaman kəsiyində “Milli Şura” adlı siyasi məzhəkə teatrı videoqeybət, yaxud videokonfrans formatında vaxtaşırı tamaşaçıların görüşünə gəlir, öz duzsuz zarafatları ilə insanları duzun nə qədər böyük nemət olduğuna inandırmağa çalışırdı. Və insafən bacarırdı da...
Günlərin birində “Milli Şura”nın videoqeybət tamaşasının iştirakçıları, sözü bir yerə, yaxud bir neçə yerə qoyub adlarına uyğun şou göstərmək qərarına gəldilər. Başlanğıcda məqsəd “Milli Şou” göstərmək olsa da, prosesə Gültəkin Hacıbəylinin “kolxoz əhvalatları” silsiləsindən kolxozvari müdaxiləsi nəticəsində yenə də, amma bu dəfə sözün əsl mənasında “Mallı Şou” alındı. Bu barədə bir qədər sonra...
Məzhəkə ənənəvi qeybət formatında, Cəmil Həsənlinin siyasi rəqiblərinin ünvanına səsləndirdiyi əxlaqdan qısır, siyasi mədəniyyətdən əskik “əski”, “cır-cındır” “epitet”ləri ilə başladı. Formal “Milli Şura”nın formal sədri öz təcrübəsindən çıxış edərək, demokratiyanın, çoxpartiyalı sistemin, sivil siyasi münasibətlərin əsas prinsiplərindən birinə - dialoq mədəniyyətinə önəm verən siyasi partiya təmsilçilərinə 40 qapıda damğalanmış dili ilə “əski” damğasını vurmağa çalışdı. Həm də rus dilində...Yəni iddia etdi ki, Azərbaycanda ölkənin milli maraqları naminə siyasi dialoqda iştirak edənlərdən “tryapka” kimi istifadə olunur. Onu da qeyd edim ki, Cəmil Həsənlinin kobud ləhcə ilə “tryabka” kimi tələffüz etdiyi əski, yaxud cır-cındıra ingilislər “doormat” deyirlər. Cəmil Həsənli bunu bilməmiş deyil. Çünki Həsənlinin okeanın o tayındakı, ermənilərin böyük dostu, Azərbaycanın və Türkiyənin böyük düşməni olan ağası, 1992-ci ildə Azərbaycana qarşı tətbiq olunmuş “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişin müəlliflərindən biri olan Kristofer Smit öz Vətəninə, xalqına dönük çıxan, siyasi rəqiblərinə “tryapka” deyən formal “Milli Şura”nın formal sədrini heç şübhəsiz ki, “doormat” gözündə görür. Konqresdə Azərbaycanın və Türkiyənin düşmənləri, o cümlədən erməni lobbisinin, diasporunun, işğalçı və separatçı rejimlərin təmsilçiləri bir araya gələndə ayaqlarını məhz bu “doormat”a silib içəri keçirlər.
Doğrusu, XXI əsrdə ayaqqabı silmək üçün çoxsaylı vasitələrin olduğu bir zamanda, kimlərinsə, Cəmil Həsənlinin iddia etdiyi kimi ayaqqabılarını cır-cındırla silə biləcəyi inandırıcı deyil. Görünür Həsənli vaxtilə palçıqlı ayaqqabılarını təmizlədiyi cır-cındırı hələ də cibində gəzdirir. Amma təəssüf ki, təfəkkürünün palçığını təmizləməyi unudub...
...Cəmilin və cır-cındırın “C”-sının videoqeybətdəki monoloqu haqqında, hesab edirəm ki, bu qədər də yetərlidir. Bir az da, adətən “Milli Şura”nın videoqeybətlərində Baş Qeybətçi rolunu ifa edən Gültəkin Hacıbəylinin heç bir keçid vermədən xatırladığı və “Milli Şura”nın şousunu “Mallı Şou”ya çevirən “inəyin əri”, yaxud “buğa” əhvalatından danışaq. Əvvala deyim ki, videoqeybətdə yeganə qadın personaj olan Hacıbəylinin birdən-birə nə vaxtsa Cəmil Həsənlinin ona nəql etdiyi “buğa” əhvalatını xatırlaması, olduqca maraqlı görünür. Təbii ki, Həsənlinin Hacıbəyliyə “buğa” haqqında əhvalatı hansı şəraitdə və necə danışa biləcəyi barədə ehtimalların üzərində dayanmaq istəmirəm. Amma videoqeybətdə Gültəkin Hacıbəylinin qımışmasından da görünür ki, əhvalatın danışıldığı anın xatirəsi özündən daha maraqlı olub...

“Milli Şura”nın “buğa”lı, “mal”lı şousu barədə bu qədər...

Yazının əvvəlində hadisələrin sanki keçmiş zamanda baş veribmiş kimi bir təəssürat yaratmağa cəhdim, ola bilsin ki, alınmadı... Elə bu sətirləri yazanda da müasir dövrdə Azərbaycanın siyasi arenasında bu qədər bəsit düşüncəli insanların olduğuna inanmaq istəmirəm. Amma nə etmək olar... Təəssüf ki, bəzən reallıqlarla bizim arzu və istəklərimiz üst-üstə düşmür.
“Milli Şura” üzvlərinin isə, görünür danışmağa sözləri, müzakirə etməyə isə mövzuları qalmayıb. Vaxtlarını yalnız lağlağı və qeybətlə keçirir, bütün bunları isə öz qafalarına görə siyasi fəaliyyət hesab edirlər...

Elçin Mirzəbəyli