Dövlət başçısından Ermənistana xəbərdarlıq Siyasət

Dövlət başçısından Ermənistana xəbərdarlıq

"Ermənistan bir daha təxribata əl atsa, yenə də layiqli cavab alacaq"
Fazil Mustafa: "Ermənilər anlamalıdırlar ki, onların işğalı oldu-bitdi məsələsi deyil və əvvəl-axır bunun cavabını verəcəklər"
Azad İsazadə: "Prezidentin hərbi xərclərlə bağlı tapşırığı ordunun döyüş qabiliyyətini daha da qaldıracaq"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, gələn ilin büdcəsində, hərbi xərclərə xüsusi diqqət göstərilməsi ilə bağlı hökumətə tapşırıqlar verib.
Prezidentin tapşırıqlarında yeni silahların alınması və ümumiyyətlə müdafiə sənayesinin gücləndirilməsi də yer alıb.
Dövlət başçısı çıxışında bildirib ki, bu il də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmayıb: "Bunun başlıca səbəbi Ermənistan tərəfinin qeyri-konstruktiv, qeyri-səmimi davranışıdır. Ermənistan çalışır ki, maksimum dərəcədə bu məsələni uzatsın və status-kvo dəyişməz olaraq qalsın".
Dövlət başçısı xatırladıb ki, Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları da dəfələrlə status-kvonun qəbuledilməzliyini, dəyişdirilməli olduğunu bəyan ediblər: "Status-kvonun dəyişdirilməsi işğal edilmiş torpaqların azad edilməsi deməkdir. Ancaq əfsuslar olsun ki, bu bəyanatlar havada qalır, Ermənistan buna məhəl qoymur. Bu bəyanatları səsləndirən tərəflər isə ciddi ölçü götürmürlər və belə olan halda məsələ öz həllini tapmır. Biz çalışırıq və çalışacağıq ki, bu məsələ tezliklə öz həllini tapsın. Bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe beynəlxalq birlik tərəfindən tanınır".
Dövlət başçısı qeyd edib ki, regionda güc nisbəti Azərbaycanın xeyrinə dəyişir və bundan sonra da dəyişəcək: "Bizim aramızdakı uçurum daha da dərinləşəcək. Ermənistanın uğurlu inkişafı üçün heç bir amil yoxdur. Çünki ölkə tənəzzülə uğrayıb. Nə qədər ki, Ermənistanda kriminal diktatura rejimi hökm sürür, bu ölkə öz müstəqilliyini tamamilə bir o qədər də tez itirəcək. İndi də Ermənistanı müstəqil ölkə adlandırmaq mümkün deyil. Biz isə inkişaf edirik. Həm iqtisadi cəhətdən, həm siyasi cəhətdən bizim kifayət qədər imkanlarımız var".
Prezident ordu quruculuğu prosesinin uğurla davam etdiyinin də qeyd edib: "Üçüncü rübdə təmas xəttində Ermənistan silahlı qüvvələrinin təxribatına da bizim hərbçilərimiz layiqli cavab veriblər. Onlarla işğalçı məhv edilib. Onlara böyük sarsıdıcı zərbə vurulub. Sadəcə olaraq onlar çalışırdılar ki, Soçi görüşü ərəfəsində özləri üçün daha da əlverişli mövqe əldə etsinlər. Ancaq onların səyləri iflasa uğradı və nəticə etibarilə erməni əsgərləri məhv edildi. Bunun da əsas günahkarı Ermənistanın kriminal rejimidir". Prezident vurğulayıb ki, Azərbaycanın prinsipial mövqeyinə heç bir qüvvə təsir edə bilməz: " Biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Siyasi, diplomatik, iqtisadi, hərbi amillər burada əsas rol oynayır. Ermənistan vətəndaşlarının kütləvi şəkildə ölkədən getməsinin bir neçə səbəbi var: korrupsiya, diktatura rejimi, biznes imkanlarının məhdud olması, işsizlik, yoxsulluq. Əlbəttə ki, təmas xəttində son hadisələrdən sonra bu kütləvi köç daha da geniş vüsət alıb. Əgər Ermənistan bir daha təxribata əl atsa, yenə də layiqli cavab alacaq və görəcək ki, bu təxribat yeni köç dalğasına təkan verəcək".
ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətini üzvü, millət vəkili Fazil Mustafa dövlət başçısının Nazirlər Kabinetinin iclasında Ermənistanın işğalçılıq siyasətini ifşa edən çıxışını belə dəyərləndirib: "Ölkənin birinci şəxsi, Ali Baş Komandan tərəfindən Ermənistana qarşı bu cür sərt mövqe sərgilənməsi vacibdir. Ermənilər anlamalıdırlar ki, onların işğalı oldu-bitdi məsələsi deyil və əvvəl-axır bunun cavabını verəcəklər".
Onun sözlərinə görə, Ermənistanda yaşanan köç Qarabağa görə bir gün cavab verməli olacaqlarını anlayan əhali qrupudur: "Prezidentin çıxışı siyasi mövqedir və bu doğrudur. Biz Ermənistanla indiyə qədər kifayət qədər yumşaq dildə danışmışıq. Artıq özümüzə güvənərək müəyyən addımlar atmalıyıq. Bu mövqeni hər bir azərbaycanlı dəstəkləyir".
F. Mustafa qeyd edib ki, bu gün Azərbaycanın güclü iqtisadiyyatı və ordusu var: "Azərbaycanın sərgilədiyi sərt mövqenin arxasında da bu iki amil dayanır. Çünki Ermənistanda sosial vəziyyət bərbad gündədir və Azərbaycanla müqayisə oluna bilməz. Bu bizim üstünlüyümüzdür. Lakin geosiyasi vəziyyət hələ də əvvəlki olaraq qalır, hətta yeni konfliktlər peyda olub. Regionda Azərbaycanın xeyrinə siyasi mənzərə dəyişməyib".
Hərbi ekspert Azad İsazadənin fikrincə isə dövlət başçısının hərbi xərclərə xüsusi diqqətin artırılması ilə bağlı tapşırıqlar verməsinin əsas səbəbi Dağlıq Qarabağ problemi ilə bağlıdır. Onun sözlərinə görə, bu tapşırıqlardan irəli gələn işlər Ermənistan üçün ağır sınaqdır. Ekspert qeyd edib ki, buna görə də İrəvan Azərbaycanla ayaqlaşmağa məcbur olur: "Bu sınaq Ermənistanı iqtisadi cəhətdən daha ağır vəziyyətə salacaq, Azərbaycanın nüfuzunu isə həm danışıqlar prosesində, həm də beynəlxalq aləmdə artıracaq. Hərbi qüdrətimizin artması, digər tərəfdən bizi torpaqlarımızı güc yolu ilə azad etməyə sövq edir. Ermənistanda bu reallığı daha aydın gördüyü üçün beynəlxalq aləmdə hay-həşir salır".
Ekspert bu qənaətdədir ki, prezidentin bu tapşırığı ordunun döyüş qabiliyyətini daha da qaldıracaq: "Silahlanma ilə bərabər, əsgər və zabitlərimizin hərbi hazırlığına da xüsusi fikir vermək və bununla bağlı görülən işləri davam etdirmək lazımdır. Dövlət büdcəsindən orduya xərclənən vəsait qane edici olsa da, təlabat daha da artmaqdadır. Dövlət başçısı da bu tələbatı nəzərə alaraq, bu tapşırıqları verir".