“Müsavatda qaragüruh qanad hegemonluq qazanıb” Siyasət

“Müsavatda qaragüruh qanad hegemonluq qazanıb”

Əhliman Abbaslı: "Müsavatda normal siyasi fəaliyyət mümkünsüz vəziyyətdədir"
Fazil Mustafa: "Müsavat qarşıdurmalar hesabına partiyanın ucuz təbliğatını aparır"
Vurğun Əyyub: "İsa Qəmbərin çıxışı qurultayda baş verənləri ört-basdır etmək cəhdidir"
Səxavət Əlisoy: "Seçkiyə haram qatdığınız üçün istefa verin"

Müsavat Partiyasında qurultaydan sonra "yarpaq tökümü" davam edir. Xəbər verdiyimiz kimi, partiyanın gənclər təşkilatının sədri Əhliman Abbaslı da bu həftənin ortalarında istefa verəcəyini açıqlayıb. Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbas partiyadan istefa verəcəyini açıqlayıb. O, bu barədə özünün "fasebook" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Əhliman Abbas istefa haqqında qərarının partiyadaxili qarşıdurmalar və qurultaydan sonrakı vəziyyətlə bağlı olduğunu bildirib. O, 2013-cü ilin noyabrından Müsavat Gənclər Təşkilatına sədrlik etdiyini, hazırda partiyadan ayrılmaqla bağlı qərarı olduğunu, gələn həftənin ortasına kimi ayrılmaqla bağlı rəsmi prosedurları yekunlaşdıracağını qeyd edib. Əhliman Abbas istefa səbəblərini partiya içindəki "siyasi səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması" nəticəsində Müsavatda normal siyasi fəaliyyətin mümkünsüz vəziyyətdə olmadığı ilə əlaqələndirib: "Bu qanadın böhtançı, mədəniyyətdən, insanlıqdan kənar, intriqaya, səmərəsiz gərginliklərə meylli davranışlarının nəticəsi olaraq vaxtilə nəhəng bir partiya olan Müsavat bir xeyli ziyalı, nüfuzlu insanın partiyadan ayrılması ilə siyasi ömrünün qaranlıq vaxtlarını yaşayır. Bu qanadın əxlaq və insani dəyərləri unutmasının pik nöqtəsi partiyanın 8-ci qurultayı ərəfəsində baş verdi. Mətbuatdan ictimaiyyətin xəbərdar olduğu kimi açıq ya da gizli şəkildə sosial şəbəkələrdə rəhbərləri və ilham mənbələri olduğu şəxslər tərəfindən böhtanla, təhqirlərlə, hikkə ilə silahlandırılmış bu şəxslər özlərindən fərqli olan hər kəsə qarşı linç kampaniyası qurmağa çalışırlar. Qeyri-demokratik seçkilər (əslində təyinat) sonrası bu adamların partiya rəhbərliyini ələ keçirməsi ilə sıraladığım siyasi xəttin partiyanın rəsmi xətti olması mənim qərarıma təsir edən faktorlardan biridir...".
Partiya başqanlığına sabiq namizəd Qubad İbadoğlu isə bildirib ki, onun məlum qərarı üzərindəki məsuliyyətdən, yalnız özünün yox, daha çox ətrafında olan gənclərin qarşısında götürdüyü öhdəlikləri indiki şərtlər daxilində yerinə yetirə bilməyəcəyi narahatlığından irəli gəlib: "Onlar yeni dönəmdə partiyanın idarəçiliyində təmsil olunmaq və potensiallarını daha yaxşı reallaşdırmaq əzmində idilər. Məhz ona görə də gənclərin son qurultaydan gözləntiləri çox idi. Əhliman bəy müstəqil düşüncəli, analitik təfəkkürlü və siyasi təhlil qabiliyyətinə malik, siyasətdə ideyalarını reallaşdırmaq istəyən və bu prosesə daimi yenilik gətirmək niyyətində olan potensiallı gənclərimizdəndir. Çox təəssüf ki, onu və onun kimi digər müasir dünyagörüşlü və azadfikirli gəncləri partiyada saxlaya bilmirik. Mən onun partiyadan getməsinə, nəinki təəssüflənirəm, həm də partiyanın gələcəyini acıyıram. Onun "Müsavat"ı seçməsi məni nə qədər sevindirmişdirsə, partiyadan getməsi də bir o qədər məyus etdi. Əslində bunu xaricdə təhsil alıb, Vətənə qayıdaraq siyasətə baş vuran bir azərbaycanlı gəncin ugursuzluğu kimi deyil, ölkəmizin gələcəyinə verilə biləcək əhəmiyyətli töhfənin itkisi kimi qiymətləndirirəm".
Böyük Qurtuluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Müsavat daxilində baş verən qarşıdurmalara münasibət bildirərkən deyib ki, Müsavat qarşıdurmalar hesabına partiyanın ucuz təbliğatını aparır. Partiya sədri deyib ki, bugünki şərtlərdə Müsavatın ictimai-siyasi proseslərə təsir gücü xeyli azdır: "Müsavatda baş verən qarşıdurmalar partiyanın təbliğinə xidmət edir. Onlar belə bir fon yaratmağa çalışırlar ki, guya partiyada böyük və əhəmiyyətli mübarizə gedir. Bu vasitə ilə partiyanın ucuz təbliğatını aparırlar". Fazil Mustafa vurğulayıb ki, heç bir sahədə fəaliyyət göstərməyən Müsavat bu üsulla fəaliyyətlərinin imitasiyasına şərait yaradır.
Müsavat başqanının gənclərlə iş üzrə müşaviri, partiyanın Məclis üzvü Səxavət Soltanlı isə Əhliman Abbaslının Gənclər Təşkilatı seçkilərindən sonra şübhəli hərəkətlər etdiyini vurğulayıb: "O zaman fikirləşdim ki, bu gəncin xaricdə təhsil alması, daha gənc olması Müsavat GT-yə daha çox fayda verəcək, MGT-ni daha da cəlb edici edəcək. Amma gözlədiyimin əksinə oldu, O seçiləndən dərhal sonra şübhəli hərəkətləri ilə məni və dostları məyus etməyə başladı. Elə səhvləri var ki, burda yazmayacağam. Elementar səhvlərini yazacağam; 11 ay müddətində heç bir uğurlu fəaliyyət göstərməməsi bir yana, zərərli fəaliyyət göstərməyə başladı. MGT-nin ənənəvi iclaslarını vaxtlı-vaxtında keçirmir, Müsavat Partiyasının təşkil etdiyi tədbirlərə belə gəlmir, gələndə isə tədbirlərin sonunda gəlməklə, məsuliyyətsizliyi ilə məni və dostları məyus etməkdə davam edirdi. Əvvəlcədən razılaşmamıza baxmayaraq, gəncləri intriqaya çəkməyə çalışdı. Qurultay mövzusunda MGT-nin tərəfsizlik edəcəyini razılaşsaq da, bu razılaşmanı pozdu. Gənclər arasında ciddi intriqa yaratmağa başladı, gənclərin zərərli istiqamətə yönləndirilməsindəki xüsusi rolu və həvəsli olması bizi düşündürürdü".
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə partiyanın Gənclər Təşkilatının sədri Əhliman Abbasın istefa haqqında bəyanatına münasibət bildirərkən "Əhliman Abbas qaragüruhçu deyəndə kimləri nəzərdə tutur, bunu deyə bilmərəm. Bəlkə də onun nəzərdə tutduğu qaragüruhçu öz ətrafında olan adamlardır",- deyə bildirib.
Müsavat Partiyası Məclisinin üzvü, Müsavat başqanı postuna seçkilərdə Qubad İbadoğlunu dəstəkləmiş Vurğun Əyyub "Müsavat Partiyasının qurultayının gedişi ilə bağlı konkret narazılıqlar var və bununla əlaqədar partiyanın uyğun qurumlarına müraciət edilib. Bu müraciəti araşdırıb, konkret cavab vermək əvəzinə, söz oyunu oynamaqla, müxtəlif bəhanələr göstərməklə məşğuldurlar. Təbii ki, partiyada bu cür münasibətdən narazı qalıb, istefa verənlər olur",- deyə vurğulayıb. O bildirib ki, partiyada istefa verənlərə münasibət də adekvat deyil və bu, əlavə narazılıq, gərginlik yaradır. Vurğun Əyyub hesab edir ki, sabiq başqan, hazırda Məclis üzvü olan İsa Qəmbərin partiya Məclisinin keçən həftənin şənbə günü keçirilən iclasındakı çıxışı qurultayda baş verənləri ört-basdır etmək cəhdidir: "Hər halda İsa Qəmbər də həmin şikayətlərə konkret qurumların cavabını gözləyib, münasibət bildirə bilərdi. Əvvəlcədən bu cür münasibət sərgiləmək əslində o şikayətlərin əhəmiyyətsiz bir şey olduğunu nəzərə çatdırmaq, yaxud, o qüsurları ört-basdır etmək cəhdidir". Vurğun Əyyub qeyd edib ki, ortada konkret müraciətlər var və o müraciətlər diqqətlə, ədalətli bir şəkildə araşdırılmalı, partiya üzvlərinə bu barədə cavab və məlumat verilməlidir. Müsavat Partiyasından istefa verib-verməyəcəyinə gəlincə, O, qabaqlamaq niyyətinə olmadığını vurğulayıb: "Vurğun Əyyub Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvlərindəndir, partiyanın qurulmasına illərini vermiş adamdır. Partiyadan ayrılmaq o qədər də asan məsələ deyil".
Müsavat Partiyasının qurultayında keçirilən başqanlıq seçkilərində namizəd olan və sonra Qubad İbadoğlunun xeyrinə geri çəkilən Səxavət Əlisoy isə səsvermədən qalib çıxan Arif Hacılını ittiham edib. Səxavət Əlisoy bu barədə özünün facebook hesabında yazıb. O, ittihamlarla dolu suallarını Arif Hacılıya və onun QHTK-sının sadiq üzvlərindən olan Gülağa Aslanlıya, Söhrab Məhərrəmliyə, Mustafa Hacıbəyliyə, Razim Əmiraslanova, Elman Fəttaha, Yusif Tağıya, Cahangir Əmirxanlıya, İkram İsrafilə və digərlərinə ünvanladığını qeyd edib. Səxavət Əlisoy xatırladıb ki, Müsavat Partiyasının təməl prinsiplərindən biri də ləyaqətdir: "1.Qurultaydan narazı olan müsavatçılar iddia edir ki əksər rayonlarda qurultay nümayəndələri sizin tərəfinizdən ciddi nizamnamə pozğunluğu olmasına baxmayaraq, Arif Hacılıya dəstək üçün seçilib. Sizə (Arif Hacılıya) sərf etməyən rayonlarda nəticələr ya ləğv edilib, ya da rayon təşkilatı buraxılıb. (MNTK-dan Əlövsət Talışxanlı və digərləri sabah bu qayonların adını açıqlayacaq).
2.Tovuz rayonunda konfransda başqanın müşavirinin iştirak etməsinə baxmayaraq, konfrans MNTK üzvü və QHTK nümayəndəsi iştirak etmədiyi üçün etibarsız hesab olunub. Naxçıvan Muxtar Respublikasının 6 rayonunda konfrans keçirilibmi və harada keçirilib, keçirilibsə, hansı MNTK üzvü və ya QHTK üzvü bu konfranslarda iştirak edib?
3.Azərbaycanın 16 rayonunda partiyanın konfransı nədən baş tutmayıb?
4.Arif Hacılı namizədliklə ilgili istefa verdikdən sonra onun kabineti kimlərin sərəncamında olub?
5.Qurultaya təşkilatı olmayan rayonlardan Arif Hacılıya dəstək üçün nümayəndələrin seçilməsi təşkil olunub, ya yox? (Bu rayonların adları da açıqlanacaq).
6.Qurultay günü QHTK üzvlərinin əksəriyyəti və partiyanın Arif Hacılının tabeçiliyində olan funksionerlərin "İsa Qəmbərin mövqeyi Arif Hacılıdır", - deyə qurultay nümayəndələrinə xəbərdarlıq etdikləri nə dərəcədə nizamnəmayə uyğun idi?
7.Nədən Müsavatın yolunda mübarizə aparan gənclərdən kimsə Məclis üzvü seçilmədi?
İndi sizə sözüm var. Əgər bizi (şəxsən məni) bu iddialara görə ittiham edirsinizsə, şərəfiniz və namusunuz üzrə and için ki, deyilənlərin heç biri ilə razı deyilik. Əgər içinizdə biri çıxıb desə ki, qərəzlisən və onu sübut etsə üzr istəməyə hazıram. Ən azı 7 iddiadan 3-nü qəbul edirsinizsə ya üzr istəyin, ya da seçkiyə haram qatdığınız üçün istefa verin. Bu partiyada ya ləyaqət, ya da ləyaqətsizlik qalmalıdır. Hər ikisinin birlikdə fəaliyyəti əsla mümkün olan iş deyil".

Əli