Fransanın fəallaşması nə vəd edir? Siyasət

Fransanın fəallaşması nə vəd edir?

Rəsmilər bu danışıqların nəticə verəcəyini bildirirlər

Cavid

Ermənistan və Azərbaycan prezidentlərinin Paris görüşünə sayılacaq günlər qalıb. Münaqişə tərəfləri və Minsk Qrupu həmsədr dövlətlər bu görüşün nəticəsini səbrsizliklə gözləsələr də, bir sıra siyasilər bu görüşün də əvvəlki görüşlər kimi nəticəsiz başa çatacağı proqnozunu veriblər.
Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Erik Furnye (Eric Fournier) Ermənistanda səfərdə olarkən deyib ki, Ermənistan və Azərbaycan prezidentlərinin qarşıdakı Paris görüşü oktyabrın ən prioritet mövzularından biridir.
Rəsmi Paris bəyan edib ki, danışıqlarda irəliləyiş əldə etmək üçün Fransa prezidenti görüşdə tərəflər arasında qarşılıqlı inam atmosferinin yaranmasına çalışacaq.
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik isə bildirib ki, hər iki prezident münaqişənin sülh yolu ilə nizamlanmasını öz xalqları üçün ən yaxşı olanı etmək istəyir: "Mən həmişə demişəm ki, tərəflər arasında sülh Ermənistanın çiçəklənməsi ilə nəticələnəcək".
Amerikalı həmsədr həmçinin Parisdə prezidentlərin görüşü barədə proqnozlar vermək istəmədiyini bildirib: "Ən vacib problemlərdən biri - tərəflər arasında olan etibarsızlıqdır. Liderlər görüşməli və bu problemlərin aradan qaldırılması üçün əllərindən gələni etməlidir".
Uorlik bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin müntəzəm olaraq görüşməsi və Dağlıq Qarabağ münaqişəsinin həlli elementləri üzrə fərqləri aradan qaldırmağı davam etdirməsi vacibdir. C.Uorlik qeyd edib ki, təkcə belə görüşlər kifayət deyil: "Biz hələ də hesab edirik ki, davamlı sülhü, lazım olan irəliləyişi əldə etmək üçün danışıqlar prosesinə ehtiyac var".
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə Nyu Yorkda görüşünə toxunan amerikalı həmsədr deyib ki, tərəflər Nyu Yorkda konstruktiv danışıqlar aparıblar: "Biz Fransa prezidenti Fransua Ollandın himayədarlığı ilə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Parisdə keçiriləcək görüşünə hazırlıq məsələlərini müzakirə etdik".
Amerikalı həmsədr bildirib ki, həmsədlər də prezidentlərin Paris görüşündə iştirak etməyə səbirsizlənirlər.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ötən ay BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandiyanla görüşüb. Görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilib və prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə olunub.
Onu da bildirək ki, prezidentlərin Paris görüşü ərəfəsində Fransanın Burq Le Valans şəhərinin meri Marlen Muryenin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etməsi və işğal altındakı Şuşa şəhəri ilə Burq Le Valans arasında "dostluq haqqında bəyanat"ın imzalanması da danışıqlara müsbət heç nə vəd etmir. Burq Le Valans şəhərinin merinin işğal əsasında Ermənistan tərəfindən yaradılmış qeyri-leqal və qondarma rejimlə hər hansı bir sənəd imzalaması Fransanın qanunvericiliyinə və ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik fəaliyyətinə də ziddir.
Rəsmi Bakının bununla bağlı bəyanatında bildirilir ki, Burq Le Valans şəhərinin merinin bu kimi qeyri-qanuni əməli Ermənistan və erməni diasporunun təsiri altında Fransa hökumətinə qarşı təxribatdır.
Xarici İşlər Nazirliyinin rəsmisi Hikmət Hacıyev deyib ki, bu səfər və xüsusilə Azərbaycanın işğal olunmuş Şuşa şəhəri ilə qeyri-leqal olaraq "dostluq haqqında bəyanat"ın imzalanması öz doğma torpaqlarından, o cümlədən Şuşa şəhərindən Ermənistanın işğal, təcavüz və etnik təmizləmə əməlləri nəticəsində didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin həssas hisslərinə hörmətsizlikdir: "Marlen Murye qondarma Dağlıq Qarabağ rejimi ilə təmaslarına görə separatizm, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin təşviqində rol oynadığını, Burq Le Valans şəhərinin sakinləri qarşısında daşıdığı məsuliyyətini dərk etməlidir. Ermənistan isə ənənələrinə sadiq qalaraq, bu kimi cılız və təxribatçı əməlləri ilə məqsədyönlü şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə hər vəchlə xələl gətirməyə çalışır".
Ermənistanın Fransadakı səfiri Anri Reno isə deyib ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə çalışır: "Fransa prezidenti Fransua Olland Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil etməklə iki məqsəd güdür. Birincisi, hərbçilərin və dinc sakinlərin ölməməsi üçün qarşılıqlı etimad doğuracaq üsullar barədə təsəvvürə malik olmaq, ikincisi, münaqişənin üç prinsip - ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyinetmə hüququ və güc tətbiq etməmək prinsipləri əsasında həlli məqsədilə danışıqlara yeni stimul vermək".
A.Reno da əlavə edib ki, Paris görüşündə bütün həmsədrlər iştirak edəcək: "Tərəflər özləri müəyyən etməlidir ki, həll necə olacaq. Vasitəçilər onlara kömək edir, lakin onların yerinə qərar qəbul edə bilməz".
Yeri gəlmişkən, prezidentlərin görüşü ərəfəsində Fransada qondarma erməni soyqırımının 100 illik yubileyinə hazırlıq tədbirləri də görülür. Çox güman ki, bununla danışıqlar prosesinə zərbə vurmaq niyyəti də güdülü. İrəvanın əsas məqsədi odur ki, Paris görüşü baş tutmasın və görüşdə heç bir nəticə əldə edilməsin. Ermənilər xüsusilə də AŞ PA-nın payız toplantısında qəbul edilmiş qətnamədən ciddi narahat olublar. Qətnamənin adının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdəki vəziyyətin gərginləşməsi ilə bağlı olması isə göstərir ki, Ermənistan diplomatiyası artıq məğlubiyyətə uğramaq üzrədir. Artıq bu siyasət xaotik vəziyyət almağa başlayıb.
Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasa, yaxın gələcəkdə Cənubi Qafqaz bölgəsində sülhün və təhlükəsiziliyin təmin olunması mümkün olmayacaq.