“Ermənistanda daxili çaxnaşmalar geniş vüsət alır” Siyasət

“Ermənistanda daxili çaxnaşmalar geniş vüsət alır”

İlyas Hüseynov: “Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir”

“Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın növbəti hərbi təxribatına toxunub. Dövlət başçısı öz çıxışında bir sıra önəmli tezislər söyləyib”.
Bunu “Xalq cəbhəsi”nə açıqlamasında politoloq İlyas Hüseynov deyib. O, bildirib ki, dövlət sərhədində Ermənistan tərəfindən hərbi təxribatlar mütəmadi xarakter alıb: “Son bir neçə ay ərzində bu hərbi təxribatlar nəticəsində bizim hərbçilərimiz, eyni zamanda, mülki şəxslər həlak olublar. Dünən günorta saatlarında Ermənistan tərəfi növbəti təxribat törədib, qəflətən bizim hərbi postumuza artilleriya atəşi açılıb və bunun nəticəsində dörd hərbçimiz şəhid olub.
Xüsusilə qeyd etmək lazımdır ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, düşmənə adekvat cavab verilib. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri Azərbaycan torpağına keçə bilmədilər. Son dövrlər bu istiqamətdə intensivliyin artması bizə belə deməyə əsas verir ki, bu təxribat uzun müddət ərzində düşünülmüş planı tərkib hissəsi idi. Bu təxribatın bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Çünki, məhz Ermənistan rəhbərliyinin ikiüzlü və riyakar fəaliyyətinə görə belə hadisələr baş verir. Tovuz istiqamətinin seçilməsi heç də təsadüfi deyil. Bunun ardınca, ermənilərin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə və KTMT-nin Baş katibinə müraciət etməsi məsələnin əsl mahiyyətindən xəbər verir. Bildirmək istəyirəm ki, bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma sürükləyir. Bu çirkin əməllərə əl atmaq onların təcavüzkar siyasətinin bariz təzahürüdür”.
İlyas Hüseynov əlavə edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizin keşiyində cəsarətlə dayanacaq: “Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq. Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.
Dövlət başçısı öz çıxışında bir daha bildirdi ki, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcək. Beynəlxalq təşkilatlara müvafiq müraciətlər edilib və operativ vəziyyət imkan verən kimi biz Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrini həmin əraziyə dəvət edəcəyik, onlar öz gözləri ilə vəziyyəti görsünlər.
Qeyd etmək lazımdır ki, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb. Daxili çaxnaşmalar geniş vüsət alır. Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar erməniləri çox narahat edir. Xüsusilə, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu fəaliyyətimiz, son müddət ərzində bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verilmiş açıqlamalar, qəbul edilmiş qərarlar, ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi, əlbəttə ki, Ermənistanın münaqişə ilə bağlı mövqelərinə çox ciddi zərbə vurub. Digər tərəfdən, mötəbər kürsülərdən müntəzəm olaraq həm münaqişənin tarixi ilə, həm bölgənin tarixi ilə bağlı gətirdiyimiz konkret faktlar, inandırıcı əsaslandırmalar onların təbliğatını alt-üst edir. Xüsusilə vurğulamaq lazımdır ki, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu yaxınlarda qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “seçkilər” nəinki heç bir ölkə tərəfindən tanınmadı, hətta bütün aparıcı beynəlxalq təşkilatlar, qonşu ölkələr və bu məsələ ilə məşğul olan ölkələr bu seçkiləri pislədilər”.
Onun sözlərinə görə, Ermənistanda hökm sürən hərc-mərclik və vəziyyətin böhran həddinə yaxınlaşması onları bu çirkin əməllərə sövq edir: “Bu təxribatın digər səbəbi kimi son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atmasını göstərə bilərik. Prezident İlham Əliyevin təşəbbüsü ilə beynəlxalq təşkilatların Zirvə görüşləri keçirilib, BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130-dan çox ölkə dəstəkləyib, Ermənistan isə bu təşəbbüsün əleyhinə çıxıb və bir daha özünü bütündünyadan təcrid edib.
Əminliklə demək olar ki, beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Ermənistanda daxili vəziyyət kifayət qədər gərgindir. Dünən baş verən hadisə təxribatdır və heç bir əsas olmadan bizim hərbi postumuza artilleriya zərbəsi endirilib. Azərbaycan bütün imkanlardan istifadə edib düşmənə yenidən öz yerini göstərəcək. Ölkəmizin keşiyində duran və dövlət sərhəddini qoruyan hərbçilərimizin vətənpərvərlik hissi ən yüksək səviyyədədir”.

Əli Zülfüqaroğlu