“Qrantlar partiyaları maliyyələşdirir” Siyasət

“Qrantlar partiyaları maliyyələşdirir”

Zahid Oruc: "Şuşaya qayıtmaq istəyən birinin istəyi" ilə bağlı qrant layihəsini maliyyələşdirməyib"

Milli Məclisin ötən gün keçirilən iclasında deputat Zahid Oruc "Qrant haqqında" qanun layihəsinin müzakirəsi zamanı bir çox məsələlərə toxunub. Deputat deyib ki, bu, çox önəmli məsələdir: "Ona görə ki, Azərbaycan gerçəkliyində qrant müqaviləsi bağlayan tərəflər bunu 3-cü tərəfə yönəldərək bir növ məsuliyyəti boynundan atmağa çalışır".
O bildirib ki, qrant alanların əksəriyyəti partiyaların ətrafındakılardır: "Bu isə o deməkdir ki, qrantlar partiyaları maliyyələşdirir. Hansısa beynəlxalq qurum məsələn, "Şuşaya qayıtmaq istəyən birinin istəyi" ilə bağlı qrant layihəsini maliyyələşdirməyib. Qrantları daha çox məkrli niyyəti olan şəxslər alırlar".
Zahid Oruc deputat həmkarlarına xitab edərək maraqlı ifadə də səsləndirib: "Bilirəm ki, hamı nahar barədə fikirləşir. Düzdür, mən heç kimin mədəsinə müdaxilə etmək istəmirəm, amma müzakirələr aparılmalıdır".
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə onun çıxışına belə reaksiya verib. "Zahid bəy, bu çıxışı keçən dəfə də etmişdiniz".
Müzakirələrin sonunda "Qrant haqqında" qanun layihəsi qəbul edilib.