Sevil Mikayılova: Ermənistanın hər hansı bir dövlətlə hərbi ittifaqa girməsi Azərbaycanı narahat etməyə bilməz Siyasət

Sevil Mikayılova: Ermənistanın hər hansı bir dövlətlə hərbi ittifaqa girməsi Azərbaycanı narahat etməyə bilməz

Yunanıstanla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi qətiyyətli mövqe sözsüz ki, Azərbaycanın milli maraqlarına söykənən bir mövqe idi.

Bunu Milli Məclisin deputatı Sevil Mikayılova “ARB 24” kanalına müsahibəsində deyib.

Deputat bildirib ki, söhbət Yunanıstanın bundan əvvəl Ermənistanla hərbi ittifaqa girməsindən gedir: “Hamımıza məlumdur ki, Ermənistan təcavüzkar bir dövlətdir və beynəlxalq hüququ pozaraq artıq 30 ilə yaxındır ki, Azərbaycanın 20 faiz ərazisini işğalda saxlayır. İstənilən halda Ermənistanla hansısa ittifaqın yaradılması, o ölkəyə hərbi yardımların edilməsi son nəticədə Azərbaycana qarşı yönəlmiş bir əməldir.

Ermənistan tərəfindən Azərbaycanla dövlət sərhədində törədilmış son təxribatlar da bunu sübut edir. Cənab Prezident məhz bu məqamı yeni təyin olunmuş Yunanıstan səfirinin diqqətinə çatdırdı. Əlbəttə ki, Azərbaycan torpaqlarını işğal edən və ölkəmizə qarşı təxribatlar törədən Ermənistanın hər hansı bir dövlətlə hərbi ittifaqa girməsi Azərbaycanı narahat etməyə bilməz.

Ermənistanın bütün dünyada apardığı türkofob fəaliyyəti və hədəfində hansı ölkələrin olması çoxdan məlumdur. Bu mənada, Türkiyə və Azərbaycanın məsələyə xüsusi həssaslıqla yanaşması anlaşılandır. Hər iki ölkə illərdir erməni terrorundan əziyyət çəkir və Ermənistanın silahlandırılması və hərbiləşdirilməsi yönündə istənilən addım ilk növbədə bu ölkələrin milli təhlükəsizliyi üçün təhdid yaradır.

Məhz bu səbəbdən, zamanında qətiyyət nümayiş etdirmək və bu cür məkrli geosiyasi niyyətlərə dərhal reaksya göstərmək lazımdır”.