Xankəndidə bizi gözləyənlər var... Siyasət

Xankəndidə bizi gözləyənlər var...

Elçin Xalidbəyli: "Kəlbəcərli girovların müdafiəsi üçün ora ediləcək səfər, Azərbaycanın Dağlıq Qarabağı tərəf kimi tanıması ilə bağlı yanlış görüntü yarada bilər"

Əliməmməd Nuriyev: "Dağlıq Qarabağ beynəlxalq hüquqi konvensiyaların fəaliyyət göstərmədiyi ərazidir"

Hikmət Hacıyev: "Təəssüflər olsun ki, Azərbaycanda bəzi KİV-lər Xankəndidə gedən prosesləri "məhkəmə işi" adlandırır"

Fərəc Quliyev: "Burada azərbaycanlılara Dağlıq Qarabağı "dövlət" kimi tanıtdırmaq istəyi durur"

İqbal Ağazadə və Bəhruz Bayramovdan sonra Əlövsət Əliyevlə Osman Kazımov da Xarici İşlər Nazirliyinə rəsmi müraciət etməyə hazırlaşır. Qeyd edək ki, Milli Məclisin 28 oktyabr iclasında deputatlar bu ilin iyununda Kəlbəcərdə girov götürülən və öz yurdlarını ziyarətə getdikləri üçün Xankəndində saxta rejim tərəfindən "mühakimə" olunan Dilqəm Əsgərovla Şahbaz Quliyevlə bağlı müxtəlif təşəbbüslərlə çıxış ediblər.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib ki, girovların vəkillə təmin olunması üzərində düşünmək lazımdır. Deputat hətta özü Xankəndinə getməyə hazır olduğunu bəyan edib: "Başqa ölkələrdə olanda Azərbaycanın sıravi vəkilləri proseslərdə iştirak edirlər. Mən böyük məmnuniyyətlə onların hüquqlarını müdafiə etməyə hazıram. Bir millət vəkili, partiya sədri kimi prosesdə iştiraka böyük məmnuniyyətlə hazıram. Məhz Dağlıq Qarabağda keçirilən qeyri-qanuni məhkəmə prosesində bu, çox ciddi addım olardı. Xahiş edirəm Milli Məclis mənə nə kömək mümkünsə, etsin".
Onu da bildirək ki, İqbal Ağazadənin bu fikri etirazla qarşılanıb. Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib ki, Azərbaycan Milli Məclisinin deputatlarının özlərinin vəkillik etmək barədəki çağırışı düzgün deyil: "Bu, qondarma rejimin tanınması kimi dəyərləndirlə bilər. Qondarma qurumun qondarma hüquqi məhkəmə aktına etiraz edilməlidir. Amma bu, o demək deyil ki, Milli Məclisin üzvləri girovların müdafiəsi üçün Qarabağa getməlidir. Beynəlxalq təşkilatlar bu məsələyə cəlb edilməlidir".
Xatırladaq ki, analoji insidentlər post-sovet məkanının digər tanınmamış respublikalarında da baş verib. Məsələn, 2009-cu ilin martında separatçı Cənubi Osetiya qüvvələri Gürcüstan vətəndaşları Aleko Çabadze, Levan Xmisuaşvili, Biktor Buçukuri və Georgi Romelaşvilini həbs etmişdilər. Onlar üzərlərində qanunsuz silah və partlayıcı maddələr gəzdirməkdə ittiham olunurdular. Həmin şəxslər Cənubi Osetiya "məhkəmə"si tərəfindən mühakimə olunsalar da, bir neçə aydan sonra Gürcüstan tərəfinə təhvil verildilər. Onların azad olunmasında Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti əsas vasitəçi rolunu oynamışdı. Bu baxımdan Azərbaycan tərəfi də kəlbəcərli girovlarla bağlı məsələdə bu humanitar təşkilatdan eyni aktivliyi gözləyir.
Bəs bir qrup şəxsin girovların hüquqularınını müdafisəi üçün separatçı rejimin təşkil etdiyi "məhkəmədə" iştirak etmək nə qədərə doğrudur?
Siyasi şərhçi Elçin Xalidbəyli bildirdi ki, kəlbəcərli girovlarla bağlı məsələ kifayət qədər ciddi problemdir. Və son vaxtlar bu problem daha da dərinləşib: "Bu günahsiz insanların üzərində qeyri-insani, qondarma məhkəmə prosesi qurulub. Eyni zamanda, kəlbəcərli girovların sağlıq durumu da həyəcan təbili calınacaq səviyyədə pisləşib. Onların qondarma məhkəmə prosesindən yayılan fotolardan və videogörüntülərdən də bu aydınlaşır. Təbii ki, Ermənistan üçün bu "məhkəmə" daxili auditoriya qarşısında təbliğat xarakteri daşıyır. Ancaq Azərbaycan kəlbəcərli girovları yardımsız buraxmamalıdır. Onların erməni pəncəsindən xilas edilərək, azad olunması üçün bütün mümkün vasitələrdən yararlanmaq vacibdir..."
O, həmçinin əlavə edib ki, sadəcə, burada bir incə məqamı da mütləq nəzərə almaq lazımdır: "Xankəndi Azərbaycan ərzisidir. Amma kəlbəcərli girovların müdafiəsi üçün ora ediləcək səfər, Azərbaycanın Dağlıq Qarabağı tərəf kimi tanıması ilə bağlı yanlış görüntü yarada bilər. Məncə, Azərbaycan bu məsələdə BMT-nin qətnamələrini və BMT-nin Azərbaycanı bir tam olaraq tanımasını ön plana çəksə, daha yaxşı olardı. Yəni, rəsmi Bakı beynəlxalq hüquq normalarına və Azərbaycan Konstitusiyasına istinad edərək, israr edə bilər ki, Dağlıq Qarabağ Azərbaycan ərzisi olduğu üçün kəlbəcərli girovlar sərbəst buraxılmalıdır. Ermənilərin bu "məhkəmə oyunu"nu hüquqi cəhətdən elə onların özünə qarşı çevirmək variantlarını gündəmə gətirmək lazımdır".
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev Dağlıq Qarabağ ərazisində azərbaycanlıların mühakimə olunmasını absurd adlandırıb. Onun sözlərinə görə, Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi humanitar çərçivədədir və bu əsnada onlar rəsmi Bakıya təhvil verilməlidir: "Dağlıq Qarabağ beynəlxalq hüquqi konvensiyaların fəaliyyət göstərmədiyi ərazidir. 1949-cu il Cenevrə Konvensiyası humanitar hüquqla bağlıdır. Girovlarla bağlı məsələ bu konvensiyaya aiddir. Lakin təəssüf ki. Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti bu məsələdə ciddi aktivlik nümayiş etdirmir. Halbuki, bu onların səlahiyyətində olan məsələdir. Dilqəm Əsgərov və Şahbaz Quliyev öz ölkələrinin ərazisində sərbəst hərəkət etmək hüququna malikdirlər. Beynəlxalq birliyin tanımadığı, heç bir beynəlxaql konvensiyaya qoşulmayan Dağlıq Qarabağda azərbaycanlı girovların məhkəməsinin keçirilməsi absurddur. Onlar qısa zamanda Azərbaycana geri qaytarılmalıdır".
Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev isə təəssüf edir ki, Azərbaycanda bəzi KİV-də Xankəndidə gedən proseslər "məhkəmə işi" adlandırılır. XİN sözçüsü bildirib ki, heç bir halda Xankəndidə girovlarımızın taleyi ilə bağlı aparılan proseslər "məhkəmə" adlandırıla bilməz: "Birincisi, orada gedən proseslərin heç bir hüquqi əsası yoxdur. Qondarma qurumun "təşkil etdiyi" istənilən "hüquqi proses" məhkəmə adlandırıla bilməz. Təəssüf ki, bəzi media qurumları çox ciddi səhvə yol verirlər".
Hikmət Hacıyev erməni separatçılarının girovlarımıza "cəza tətbiqi"nə də münasibət bildirib: "Onların girov saxladıqları vətəndaşlarımıza heç bir halda hökm oxumaq ixtiyarı yoxdur. Çünki beynəlxalq hüquq normalarına əsasən də onların girovlarımızla bağlı hər hansı bir qərarı tanınmayacaq və hüquqi əsasdan məhrumdur".
Milli Dirçəliş Hərəkatı Partiyasının (MDH) sədri, millət vəkili Fərəc Quliyev deyib ki, ermənilər girov götürülən azərbaycanlılara qondarma məhkəmə qurmaqla Dağlıq Qarabağı "dövlət" kimi tanıtdırmaq istəyindədirlər.
Millət vəkili hesab edir ki, ermənilər belə hərəkət etməklə ictimai rəylə oynayırdılar: "Dünyanın heç bir yerində yanmış torpaq taktikası yürüdülmür və yerli əhali orada yaşayır. Girov götürülən azərbaycanlılar öz ata-baba torpaqlarına ziyarətə gediblər. Fakt budur. Ancaq ermənilər onlar üzərində qondarma məhkəmə qurublar. Dünya isə bu ədalətsizlik qarşısında səssizlik nümayiş etdirir. Azərbaycan unitar dövlətdir və BMT-yə daxil olarkən hər kəs sərhədlərimiz daxilində müstəqilliyimizi tanıyıb. İndi Azərbaycan sərhədləri daxilində baş verən hadisəyə göz yumulur".
Fərəc Quliyev qeyd edib ki, Ermənistanın əldə etdiyi müvəqqəti uğur özünün deyil və Rusiyanın birbaşa iştirakı ilə əldə edilib: "Heç kimə sirr deyil ki, Xocalı soyqırımı zamanı 366-cı alay ermənilərə birbaşa dəstək verib. Yerli sakinlərin qırılmasında, son nəfərədək oradan çıxarılmasında, indiki Ermənistanın monoetnik dövlət olmasında rus silahlı qüvvələrinin müstəsna xidmətləri olub. Bu gün də Rusiya ermənilərə dəstək verir. Ona görə də azərbaycanlı girovların azad edilməsi məsələsində Rusiyadan başqa bir davranış gözləmək sadəlövhlük olardı".

Əli