Münaqişələrlə əhatə olunan Rusiya Siyasət

Münaqişələrlə əhatə olunan Rusiya

Zaman ötdükcə tarixdə baş verən bir sıra mətləblərin səbəbi aydınlaşır. Hadisələrin inkişafından belə ehtimal etmək olar ki, Rusiyanı Avropa türklərdən qorunmaq üçün baryer dövləti olaraq yaradıb. Çünki bu dövlət qurulmazdan əvvəl türklər Avropaya dəfələrlə hücum edibl'r. Osmanlı imperiyası ilə çar Rusiyası arasında baş verən çoxsaylı hərbi münaqişəni də buna nümunə olaraq göstərmək olar.
İllər sonra bu dövlət böyüdü və Avropanın, o cümlədən avropalıların qurduğu ABŞ-ın rəqibinə çevrildi. XX əsrdə baş verən iki dünya müharibəsində çar Rusiyası və SSRİ güclü tərəflərdən biri kimi iştirak edib. Birinci dünya savaşında Rusiya itirilmiş torpaqlarının bir qismini ikinci dəfə qaytardı, hətta bir qütbə başçılıq etdi. Dünyanın iki qütbündən birinə başçılıq edən keçmiş SSRİ-nin dağılmasının qərb bloku tərəfindən dəstəklənməsi Avropanın qurduğu dövlətin çöküşünün başlanğıcı idi. Sovetlərin dağılması yeni dövlətlərin yaranması və ya müttəfiq respublikaların müstəqilliyinin bərpası ilə nəticələnib. Ancaq müstəqilliyin bərpası dövlətlərə asan başa gəlməyib.
Son günlər Belarusdakı hadisələr müstəqilliyin əldə edilməsinin necə ağır və çətin olduğunu bir daha təsdiqləyir. Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkisi keçirilib. Ölkənin Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun yeni dövlət başçısı seçildiyini elan edib. Müxalifət seçkinin nəticələrinin saxtalaşdırıldığını bildirərək etiraz aksiyaları keçirir. Aleksandr Lukaşenkonun rəqibi olmuş Svetlana Tixanovskaya bildirib: “26 il bu rejim altında olmuşuq, indi isə oyanmışıq və azad olmağa hazırıq. Biz Rusiyanın ölkəmizdə, həmçinin digər ölkələrdə müəyyən rol oynadığını bilirik, ancaq suverenliyimizə hörmət etməsini istəyirik. Hazırda Belarusda baş verənlər ölkənin daxili işi olaraq qalmalıdır. Əgər bir gün iqtidarla danışıqlar üçün xarici vasitəçiyə ehtiyacımız olarsa, onda sözsüz Rusiyanın köməyi də arzuedilən olacaq”.
Deməli, Belarusdakı vəziyyəti yerində öyrənmək və müəyyən mənada bu ölkədə hakimiyyətə dəstək verdiyini göstərmək üçün sentyabrın 3-də Rusiyanın baş naziri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti Minskdə işgüzar səfərdə olub. Onu müavinləri Dmitri Çernışeko və Aleksey Overçuk, Rusiyanın energetika naziri Aleksandr Novak, səhiyyə naziri Mixail Muraşko, sənaye ticarət naziri Deins Manturov, idman naziri Mixail Matısın, mədəniyyət naziri Olqa Lyubimova, hökumət aparatı rəhbərinin müavini Elmir Tahirov müşayiət edib. Bununla da Rusiya sərhədində daha bir qarşıdurmaya cəlb olunub.
Sovetlər dağılandan sonra ötən 29 ildə yaranan münaqişə ocaqlarına nəzər salaq. Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə başlayan münaqişə 20 Yanvar, Xocalı soyqırımı ilə davam etdi. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar Ermənistan tərəfindən havadarlarının yardımı ilə işğal olundu. Bununla da Rusiyanın sərhədində ilk münaqişə ocağı və qaynar nöqtələrdən biri yarandı. Ötən illərdə Azərbaycana qarşı törədilən cinayətlər Rusiyaya qarşı münasibətə təsir göstərdi. Qarabağın işğalının təməli sovetlər dövründə qoyulmuşdusa, kommunist rejimi dağıldıqdan sonra onun varisi olan Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı soyqırmı törədildi. İşğal bitməyənədək, Azərbaycan torpaqları azad olunmayanadək, yaxud onun azad edilməsinə maneələr aradan qaldırılmayanadək Rusiyanın bu istiqamətdəki sərhədində münaqişə ocağı sönməyəcək.
Sovetlərdən qalma daha bir münaqişənin bünövrəsi Gürcüstanda qoyulub. 1989-cu il aprelin 9-da Tbilisidə Moskvaya qarşı keçirilən etiraz aksiyası qan içində boğuldu. Gürcüstanın iki muxtar respublikasında – Osetiya və Abxaziyada separatçılıq başladı. Sonradan bu prosesdə Rusiya fəal iştirak etdi. Separatçıların elan etdiyi qondarma qurumu Kreml “dövlət” kimi “tanıdı”. Bu, Rusiyanın sərhədində yaranmış münaqişə bölgəsinin sayını ikiyə çatdırdı. Nəticədə Federasiya Gürcüstanı itirdi. Düzdür, indi onun yenidən Moskvanın nəzarətinə qaytarılmasına cəhdlər edilsə də, ərazi bütövlüyü təmin edilmədiyindən rəsmi Tbilisi və gürcüstanlıları yola gətirmək çətinləşib.
Ukraynada baş verənlər də Rusiyanın birbaşa sərhədinə aiddir. Azərbaycan və Gürcüstanla Rusiya arasında Şimal Qafqaz var. Bu ərazi RF-nin tərkib hissəsi olsa da, müəyyən mənada fərqlidir. Ancaq Ukrayna Rusiyanın əzəli torpaqları ilə sərhəddədir. Bu o deməkdir ki, münaqişə onun tarixi torpaqlarında davam edir. Kreml Krım adasını ilhaq edib, Ukraynanın şərqindəki separatçılar dəstəkləməklə sərhədində daha bir qaynar nöqtənin yaranmasına şərait yaratdı.
Son zamanlar Belarusdakı etiraz aksiyaları deməyə əsas verir ki, RF sərhədində daha bir münaqişənin əsası qoyulur. Perspektivdə bu münaqişələrin Rusiya daxilinə keçməsi təhlükəsi ehtimalı az deyil. Əvvəllər aparıcı dövlətlər münaqişələrin sərhədlərindən uzaqlarda olmasına çalışırdılar. Məsələn, keçmiş SSRİ Avropanı parçalamaqla qərb bloku ilə arasında baryerin yaranmasına nail ola bilmişdi. Yaxud Cənub-Şərqi Asiyada sosialist düşərgəsi qurmuş, ABŞ-ın yaxınlığında müttəfiq rejimlərin hakimiyyətə gəlməsinə yardım etmiş, Afrikanın sosialistləşməsinə girişmişdi. Ancaq indi bu baryerlərin dağılıb. Hadisələr keçmiş sovet respublikalarında indiki Rusiya Federasiyası sərhədlərində baş verir. Sərhədləri boyu bütün münaqişələrə federasiya bu və ya başqa şəkildə cəlb edilib. Bu vəziyyət Azərbaycanla qonşu dövlət üçün çox təhlükəlidir. Nəhayət, bir zamanlar türklərin hücumundan qorunmaq üçün yaradılan dövləti qurucuları çökdürmək istəyir. Başqa sözlə, indiki terminlə ifadə etsək, qərb bloku Rusiya layihəsini bitirmək istəyir. Qonşuluğundakı dövlətlərdə qaynar nöqtələrin mövcudluğu, Federasiyanın qərb sərhədində baş verənlər bunu təsdiqləyir.
Beləliklə, Rusiya münaqişələrlə əhatə edilib. Bu şərait isə ambisiyalılar üçün təhlükəlidir.

Sədrəddin İsmayılov
“Report”