Paris görüşündə hansı razılıq əldə olunub? Siyasət

Paris görüşündə hansı razılıq əldə olunub?

Ekspertlərə görə Ermənistan sülh müqaviləsi bağlamağa hazır deyil

Cavid

Prezidentlərin Paris görüşü hələ də medianın və politoloqların geniş təhlil ediyi mövzulardan biri kimi gündəmdə aktuallığını qoruyub saxlayır . Ehtimallara köklənmiş rəylər isə müxtəlifdir. Bunlardan əsası isə danışıqlarda Qarabağ ətrafında işğal olunan 7 rayonun geri qaytarılmasıdır. Bəzi ekspertlər isə bunun mümkünsüzlüyünü qeyd edirlər. Çünki bu məsələdə Rusiya faktoru mövcuddur.
Rusiyalı ekspert, Moskva Dövlət Universitetinin İnformasiya-Analitik Mərkəzinin direktoru Andrey Petrov Qarabağ danışıqlarında Paris raundunu nizamlama tarixindəki ən örtülü danışıqlar kimi qiymətləndirərək deyib ki, prosesin gedişi haqda heç bir informasiyanın olmaması yaxşı işarə də sayıla bilər: "Fikrimcə, ötən müddətdə və prezidentlər səviyyəsində baş tutmuş iki əvvəlki görüşlər çərçivəsində tərəflərin predmetli danışıqlar aparması üçün aktual gündəm artıq formalaşıb. Bütün vasitəçilər, nəhayət, sinxron şəkildə problemin hərtərəfli həllinə kömək üçün hazır olduqlarını bildiriblər. Onların arasında hətta fəallıq uğrunda yarış başlayıb. Bu, o deməkdir ki, avqust ayında özünü dünyaya qanlı şəkildə xatırladan Qarabağ münaqişəsi beynəlxalq birliyin diqqət mərkəzinə gəlib. Bu da o anlama gəlir ki, əsl dialoq üçün bütün şərtlər mövcuddur və məsələ yalnız münaqişə tərəflərinin iradəsinə bağlı qalıb".
Politoloqun sözlərinə görə, eyni gündə iki və çoxtərəfli görüşlərin keçirilməsi əsasında qənaətə gəlmək olar ki, əvvəlki görüşlərdən fərqli olaraq nəhayət, müəyyən tərəqqi əldə edilib. "Sadəcə, hələlik bizim bunu bilməyimiz tezdir" – əlavə edib ekspert.
ABŞ Milli Müdafiə Universitetinin iqtisadiyyat və energetika təhlükəsizliyi sahəsində ekspert, professor Pol Sallivan isə qeyd edib ki, Soçi, Uels və Paris görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi sürətlənə bilər. Xüsusilə, Moskva bunun baş verməsinə çalışacaq.
Politoloq Elman Nəsirov isə bildirib ki, il ərzində sayca 3-cü olan Paris görüşü və Fransa tərəfinin bu cəhdi iyulun sonu, avqustun əvvəllərində iki ölkənin sərhədində və təmas xəttində vəziyyətin kritik həddə gəlib çatmasından qaynaqlanan bir görüş idi.
Onun sözlərinə görə, bu görüş avqust ayının 10-da Vladimir Putinin, sentyabrda isə ABŞ Dövlət katibi Con Kerrinin təşkil etdiyi görüşlərdən kəmiyyət xarakteristikası baxımından seçildi: "Çünki prezidentlərin həmsədrlərlə, Ollandın hər iki ölkənin başçısı ilə ayrılıqda, prezidentlərin özlərinin təkbətək və ən sonda üçtərəfli görüşü bunu deməyə əsas verir. Yəni Paris görüşü kəmiyyət etibarilə daha intensiv bir görüş idi. Əsas ortaq məxrəc tərəflərin Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin himayəsi altında girovlarla bağlı informasiya mübadiləsi, danışıqların bundan sonra da davam etdirilməsi oldu. 2015-ci il sentyabrında BMT Baş Assambleyasının Nyu Yorkda prezidentlərin növbəti görüşü barədə razılıq əldə olundu. Fransa prezidentinin status-kvonun ləğvi ilə bağlı çağırışı var idi. Ancaq əsas bəyanat qəbul olunmadı. Gözlənilən o idi ki, Fransa prezidenti tərəfindən münaqişənin həlli ilə bağlı yeni bir yol xəritəsi tətbiq edilsin, bu, baş vermədi".
Politoloq bildirib ki, maraqlı məqamlardan biri isə nə Azərbaycan, nə Ermənistan tərəfinin, nə də həmsədrlərin və Fransa prezidentinin görüşlə bağlı heç bir bəyanatla çıxış etməməsi və konfidensiallığın qorunub saxlanılmasıdır: "Bu məqam isə iki nəticə çıxarmağa əsas verir. Birincisi, müəyyən məsələlərdə ortaq məxrəcə gəlmək tendensiyası var və ola bilsin ki, bunun açıqlanması kövrək razılaşmanı poza bilər. İkincisi, danışıqların nəticələri ona görə açıqlanmayıb ki, ortada heç bir şey yoxdur. Bu da öz növbəsində passiv davranışı şərtləndirir. Adətən biz Ermənistan mətbuatında bu cür danışıqların ardınca detalların açıqlanaraq konfidensiallığın pozulduğu və hərbi ritorikaya söykənən məqamların şahidi olmuşuq. Ancaq bu dəfə Ermənistan tərəfi sakit davranış tərzinə üstünlük verib".
Elman Nəsirovun fikrincə, bu görüşdə ən əsas razılaşma 2015-ci ilin sentyabrında BMT Baş Assambleyasının Nyu Yorkda prezidentlərin növbəti görüşü barədə razılığın əldə olunmasıdır. Buna qədər prezidentlər səviyyəsində görüşlər keçiriləcək. Tərəf qismində Rusiya çıxış edəcək. Moskvada və Rusiyanın başqa şəhərlərində növbəti görüşlər gözlənilir. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, irəliyə doğru atılan hər bir addım Böyük Sülh sazişində öz əksini tapsın. Ermənistan isə sazişdən əvvəl münaqişənin həlli ilə bağlı xalqların müqəddəratı prinsipini nəzərdə tutur. Bu isə ərazi bütövlüyü prinsipinə kölgə salır. Buna görə də ciddi fikir ayrılıqları mövcuddur".
E.Nəsirov bildirib ki, Fransa tərəfinin əsas niyyətlərindən biri o idi ki, Ermənistan və Azərbaycan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri çərçivəsində həlli ilə bağlı səyləri daha da instensivləşdirsinlər. Onun fikrincə, burada ən maraqlı məqam status-kvonun qəbuledilməz olduğu, yəni dəyişilməsinin vacibliyinin önə çəkilməsi idi.
"Amma bütövlükdə danışıqlar prosesinə qiymət verərkən hesab edirəm ki, Fransa prezidenti Böyük Sülh Sazişinin təklif edilməsi ilə bağlı prosesin başladılmasının vacibliyini qeyd edir. Düşünürəm ki, bu bizim üçün olduqca əhəmiyyətli məsələdir. Azərbaycan tərəfi Paris danışıqlarına da, məhz bu ideya ilə getmişdi. Amma Ermənistan tərəfinə görə ən ümdə məsələ Böyük Sülh Sazişinin hazırlanmasının təklif edilməsi deyil, əsas problemin həlli ilə bağlı prinsiplərin müəyyən edilməsidir. Prinsipə gəldikdə isə onlar ilk növbədə, millətlərin öz müqəddəratını təyinetmə məsələsini ön plana çəkirlər. Hesab edirəm ki, Fransa prezidenti bu baxımdan Azərbaycanın mövqeyini müdafiə edib"- deyə, politoloq qeyd edib.
Politoloq Vasif Əfəndinin fikrincə isə, Olland-Əliyev-Sərkisyan görüşünün təfərrüatları rəsmən açıqlanmasa da bəzi KİV -lər həqiqətə uyğyun olmayan məlumatlar yaymaqla ucuz sensasiya qazanmağa çalışırlar: "Paris görüşündən öncə prezidentlərin Soçi görüşünü Rusiya təşkil edərək bu münaqişəni öz nəzarətində saxlamaq niyyətini göstərdi. Rusiyanın bu münaqişənin tərəfi kimi danışıqların predmeti oması düzgün mövqedir. Çünki, Rusiyadan iqtisadi və siyasi asıllığı olan Ermənistan konfliktin həlli istiqamətində heç bir mövqe ortaya qoya bilməz. Rusiya tərəfi isə status- kvonun davam etməsində maraqlıdır.
Paris görüşünün əsas məqsədi isə Qərbin bu konflikti qismən də olsa bir çərçivəyə salmaq cəhdidir. Azərbacan tərəfi neçə illərdir ki, münaqişənin sülh yolu ilə çözülməsi istiqamətində kifayət qədər konstuktiv mövqe nümayiş etdirərək "Böyük Sülh" müqaviləsinin bağlanmasında maraqlı olduğunu dəfələrlə sübut edib. Lakin Rusiya beynəlxalq qurumlarla birgə razılışadırılmış bütün sülh planlarını əngəlləməkdə davam edir. Qərbin son bir ildə Qarabağa göstərdiyi marağın kökündə duran əsas məqsəd Ermənistan tərəfini "Böyük Sülh" müqaviləsini imzalamağa inandırmaqdır. Lakin Qərbin bu təşəbbüsü o zaman mümkün olacaq ki, Ermənistan Rusiyanın müstəmləkəsindən qismən də olsa azad ola bilsin. Hazırda Ermənistan tərəfi sülh müqaviləsi bağlamağa hazır deyil".