Yeni səfir: Azərbaycan və İran arasında ticarət dövriyyəsini böyük həcmdə artırmaq mümkündür Siyasət

Yeni səfir: Azərbaycan və İran arasında ticarət dövriyyəsini böyük həcmdə artırmaq mümkündür

Trend İranın Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi ilə özəl müsahibəni təqdim edir:

- Cənab səfir, Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq potensialı ilə bağlı sizin fikirlərinizi öyrənmək istərdik.

- Bakıda İran İslam Respublikasının səfiri kimi fəaliyyətə başladığım qısa müddət ərzində Azərbaycan kütləvi informasiya vasitələrinə ilk müsahibəmin Trend Beynəlxalq İnformasiya Agentliyi ilə olmasına görə çox sevinirəm.

Şübhəsiz, İran və Azərbaycanın, dost və qardaş xalqların arasında çoxlu tarixi, coğrafi, mədəni, dini sahələrdə ortaq cəhətlərin mövcudluğu mənim də bu gözəl ölkədə heç bir qəriblik hissi keçirməməyimə və buranı ikinci evim hesab etməyimə səbəb olub. Deyə bilərəm ki, dünyada bir-birinə bu qədər yaxın olan ölkələr çox azdır. Belə dəyərli ortaq cəhətlər bütün istiqamətlərdə, xüsusilə də iqtisadi sahədə ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensial formalaşdırıb.

Lakin fikrimcə, iqtisadi münasibətlərin inkişaf etdirilməsi üçün potensiallardan kifayət qədər istifadə edilməyib. Yəni, bu əlaqələr mövcud müsbət siyasi münasibətlərlə paralel inkişaf etməyib. Elə buna görə, səfir olaraq əsas məqsədlərimdən biri İranla Azərbaycanın iqtisadi münasibətlərinin daha da inkişaf etdirilməsinə çalışmaqdır. Əlbəttə, məndən öncə də İranın Azərbaycandakı səfirliyinin əməkdaşları iki ölkənin iqtisadi münasibətlərinin gücləndirilməsi üçün birgə mühüm layihələr icra ediblər və bu istiqamətdə irəliyə doğru addımlar atılıb. Buna görə də əməyi keçən hər bir şəxsə, xüsusilə, əvvəlki səfirlərə təşəkkürümü bildirirəm.

Qeyd etmək istərdim ki, öz etimadnaməmi Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən cənab Prezident iqtisadi münasibətlərdə İranın əhəmiyyətinə toxundu və birgə layihələri xatırladaraq onların tez bir zamanda icra olunması üçün iki ölkə rəsmilərinin qarşılıqlı əməkdaşlığının vacibliyini vurğuladı. Bu səbəbdən ikitərəfli iqtisadi münasibətlərin maksimum inkişaf etdirilməsi istiqamətində hər iki dövlət başçısının diqqətini və möhkəm siyasi iradəsini nəzərə alaraq, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün mənim və əziz dostum, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovun məsuliyyəti daha da artacaq.

- İran və Azərbaycanın ticarət münasibətləri və iki ölkə arasında ticarət dövriyyəsi hansı səviyyədədir? Ticarət dövriyyəsinin səviyyəsinin artırılması üçün hansı addımlar nəzərdə tutulub?

- Qeyd etdiyim kimi, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi hal-hazırda münasib səviyyədə deyil və ildə təxminən 500 milyon dollar civarındadır. Bu, gözləntilərdən çox aşağıdır. Fikrimcə, yaxın əməkdaşlıq və əlavə birgə layihələrin icrası ilə ticarət dövriyyəsinin həcmini ildə 5 milyard dollara çatdırmaq mümkündür. Əlbəttə, ötən 7-8 ay ərzində koronavirus infeksiyasının dünya səviyyəsində yayılması iki ölkənin ticarət münasibətlərinin azalmasına səbəb olub. Düşünülmüş addımlar və zaman cədvəli əsasında yaranan nöqsanların aradan qaldırılacağına ümid edirəm. Elə buna görə, gələn həftələr ərzində Azərbaycanın müxtəlif iqtisadi sektorları ilə məsləhətləşmələr aparmaqla və onların köməyi ilə ehtimal olunan problemlər və maneələri aradan qaldırmağa çalışacağıq.

- Hazırda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizində işlər hansı səviyyədədir və inşa prosesinin sürətləndirilməsi üçün hansı addımlar atılıb?

- Bildiyiniz kimi, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi regional və dünya üzrə ən önəmli dəhlizlərdən biridir. Bu dəhliz bir tərəfdən İran İslam Respublikası və Azərbaycan Respublikasının dəmiryol şəbəkəsini birləşdirir, digər tərəfdən isə Hindistandan Rusiyaya, hətta Şərqi Asiyadan Avropa qitəsinədək çoxcəhətli yükdaşıma üçün münasib imkan yaradan infrastrukturdur. Bu dəhliz daha sərfəli və daha təhlükəsiz tranzit yollarından biri olduğuna görə İran və Azərbaycanın gündəmindəki əsas layihələrdən biridir. Hazırda bu layihənin daha tez icrası üçün eyni zamanda bir neçə addım atılmaqdadır. Bunlardan İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun inşası, İran Astarasında dəmiryol terminalının inşası, həmçinin iki ölkənin sərhəd çayları üzərində 5 körpünün salınmasını qeyd etmək olar. Pandemiya ilə əlaqədar bu layihələrin icrası bir neçə aylıq təxirə salınsa da, əldə olunan razılaşmalar və məsləhətləşmələrlə tezliklə inşa işləri yenidən başlayacaq. Xatırladım ki, dəhlizdə bəzi istiqamətlər (dəmir yolu) hələ təkmilləşmədiyinə görə məhsullar Fars körfəzindən Astara dəmiryol terminalına və əks istiqamətdə yük maşınları və dəmiryolu vasitəsi ilə daşınmaqdadır. Eyni zamanda, pandemiyanın ilk çətin dövrlərində məhsul tranzitinə imkan yaradan Azərbaycan rəsmilərinə dərin təşəkkürümü bildirirəm.

- Azərbaycanla qonşu İran vilayətlərində hansı birgə layihələr icra olunur və ya icrası nəzərdə tutulur?

- Mən səfir olaraq Azərbaycana səfər etməzdən öncə İranın Azərbaycanla sərhədindəki 4 vilayətlə yaxından tanış oldum. İran Astarasında dəmiryolu terminalının inşa olunması iki ölkənin sərhəd layihələrindən biridir. Əlbəttə, bu istiqamətdə işlər sürətləndirilməlidir. İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinin Parsabad rayonu ilə Azərbaycanın İmişli rayonu arasında birgə sənaye parkının yaradılması planı var. Bu plan yekun memorandumun tənzimlənərək imzlanması üçün iki ölkənin texniki komitələri tərəfindən araşdırılır. Bundan başqa, Astaraçay üzərində avtomobil körpüsünün inşa olunması, Ərdəbil dəmiryolunun Azərbaycan dəmiryoluna birləşdirilməsi də iki ölkənin gündəmində olan layihələrdəndir. Ümid edirəm ki, tezliklə bununla əlaqədar irəliləyişin şahidi olacağıq.

- Post-pandemiya dövründə ikitərəfli əməkdaşlığı necə qiymətləndirirsiniz?

- Təəssüflər olsun ki, koronavirus pandemiyası təkcə İran və Azərbaycanın deyil, əksər dünya ölkələrinin iqtisadi münasibətlərinə ciddi mənfi təsir göstərdi və iqtisadi inkişafın azalması ilə nəticələndi. Ötən aylarda koronavirusun iki ölkənin ticarət münasibətlərinə mənfi təsirlərinin azaldılması üçün İran və Azərbaycanın yüksək səviyyəli rəsmiləri arasında videokonfrans formatında bir neçə iclas keçirilib və pandemiyanın iqtisadi münasibətlərə zərbə vurmasının qarşısının alınması üzrə yollar araşdırılıb. İki ölkənin ticarət münasibətlərini gücləndirəcək birgə layihələr üzrə işlərin davam etdirilməsi üçün bəzi iranlı investorların, bu sahə ilə bağlı rəsmi və qeyri-rəsmi şəxslərin Azərbaycandakı əlaqədar qurumların razılığı ilə ölkənizə gəlməsinə icazə almağa çalışırıq.

- Azərbaycanın "Azərenerji" ASC və İranın “TAVANİR” şirkəti arasında elektrik enerjisinin alqı-satqısı üzrə müqaviləni necə qiymətləndirirsiniz?

- İran və Azərbaycan arasında elektrik enerjisi üzrə əməkdaşlıq 2000-ci ilin əvvəllərindən başlayıb. İki ölkə elektrik enerjisinin mübadiləsi və nəqli infrastrukturlarının yaradılması istiqamətində əməkdaşlığı davam etdirir. İmişli (Azərbaycan) - Parsabad (İran) yüksəkgərginlikli elektrik xəttinin çəkilməsi də buna misaldır. İran tərəfi bu müqaviləni müsbət qiymətləndirir. Çünki iki ölkə arasında imzalanan və xalqlarımızın sosial rifahını yaxşılaşdıran və inkişaf etdirən hər bir konstruktiv müqavilə əhəmiyyətlidir. Şübhəsiz, "TAVANİR" və "Azərenerji" arasında əməkdaşlıq bu istiqamətdə dəyərləndirilir və İran dost, qardaş Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən, elektrik enerjisi sahəsində əməkdaşlığı davam etdirməyə çalışır.

- Həmin müqavilənin reallaşdırılması başa çatdıqdan sonra, bu istiqamətdə əməkdaşlıq hansı şəkildə davam edəcək?

- Son dəfə bu müqavilənin müddəti 2020-ci il mayın 25-də ilin sonuna kimi uzadılıb. Müqaviləyə əsasən, İran 2020-ci il 6 iyun tarixindən Parsabad məntəqəsində Azərbaycandan 160 meqavat/saat elektrik enerjisi idxal edir. Hər iki tərəf bu müqavilənin müddətinin uzadılmasında iradə nümayiş etdirir və əməkdaşlığın davam etməsini istəyir. İki ölkənin texniki işçi qrupları arasında əməkdaşlıq formatı haqda müzakirələr aparılıb. İran bu müqavilənin müddətinin uzadılması, üstəlik idxal edilən elektrik enerjisinin həcminin 160 meqavat/saatdan qat-qat çox olmasında maraqlıdır. İran tərəfi, həmçinin bu sahədə ikitərəfli mübadilələrə maraq göstərir.

- İki ölkənin enerji münasibətlərinin perspektivində qeyd olunan şirkətlər arasında yeni müqavilənin imzalanması üçün addımlar atılıbmı?

- Bəli. Bu istiqamətdə müsbət müzakirələr aparılıb. İran tərəfi enerj mübadilələrinin həcminin daha da artmasına və iki ölkənin elektrik şəbəkəsinin birləşdirilməsinə çalışır. Eyni zamanda, Azərbaycanla 800 meqavat/saat elektrikin mübadiləsinə imkan yaranıb. Bundan əlavə, iki tərəf Azərbaycanın Astara rayonunda 500 meqavat/saatlıq İstilik Elektrik Stansiyasının inşa olunması üzrə razılığa gəlib. Bu stansiyanın qazı İran tərəfindən təmin olunacaq və istehsal edilən elektrik enerjisi ya İrana satılacaq və ya üçüncü ölkəyə ixrac olunacaq. Əlbəttə, anlaşma memorandumunun tənzimlənməsi haqda müzakirələr aparılıb və hələlik yekunlaşmayıb.

- İki ölkənin elektrik enerjisinin sinxronlaşdırılması ilə əlaqədar indiyədək hansı addımlar atılıb və ya atılacaq?

- İran, Azərbaycan və Rusiya arasında enerji dəhlizinin yaradılması üzrə üçtərəfli müzakirələr aparılır. Bu müzakirələrdə üç ölkənin elektrik şəbəkələrinin sinxronlaşdırılması irəli sürülür. Bu layihə hər üç ölkə üçün çox faydalıdır. Üç ölkənin elektrik şəbəkəsinin bir-birinə qoşulması və istehsal olunan məhsuldan birgə istifadə barədə razılıq əldə olunub. Bu layihə icra edildiyi halda Azərbaycan, İran və Rusiyanın enerji təhlükəsizliyi və keyfiyyəti böyük miqyasda yüksələcək.

İran, Azərbaycan və Rusiya Energetika nazirləri müavinləri arasında aparılan texniki müzakirələr və razılaşmalara əsasən, İranın Monenko Mühəndislər Konsultasiya Şirkəti (Monenco Iran Consulting Engineers Company) texniki araşdırmaları aparacaq və üç ölkənin elektrik şəbəkəsinin birləşdirilməsi üçün infrasturkturların inşasını başa çatdıracaq. Bu əməliyyat artıq başlayıb və növbəti bir neçə ay ərzində başa çatacaq. Ondan sonra icra mərhələsinə daxil olacaq.

Bu layihənin icra olunması ilə, hər üç ölkənin elektrik enerjisinə mövsümü ehtiyacları aradan qalxmış olacaq. Bildiyiniz kimi, ölkələrdə elektrik enerjisinin pik istehlak dövrü bir-birindən fərqlidir. Məsələn, İranda elektrik enerjisinin pik istehlakı yay mövsümündə olur. Halbuki, Rusiyada bu, qış mövsümünə təsadüf edir. İran bu imkandan istifadə etməklə pik istehlak vaxtında Rusiyanın əlavə elektrik enerjisindən istifadə edə, qeyri-pik istehlakı vaxtında həmin həcmdə elektrik enerjisini Azərbaycanın elektrik şəbəkəsi vasitəsi ilə Rusiyaya nəql edə bilər. Bu cür əməkdaşlıqla ölkələr yeni obyektlər inşa etməyərək öz vəsaitlərinə qənaət edə, əvəzində elektrik şəbəkəsinə qoşulduğu ölkənin əlavə elektrik enerjisindən istifadə edə bilərlər.

- Azərbaycan-İran-Türkiyə enerji körpüsünün yaradılması istiqamətində hansı addımlar atılıb?

- Azərbaycanın istehsal etdiyi elektrik enerjisinin İran vasitəsi ilə Türkiyəyə ötürülməsi formatı haqqında İran və Azərbaycan mütəxəssisləri arasında texniki müzakirələr aparılmaqdadır. Bu müzakirələr yekunlaşdığı halda, İran Azərbaycanın elektrik enerjisini sərhəd bölgələrdə təhvil ala və Türkiyə ilə sərhəddə bu ölkəyə təhvil verə bilər. Bu müzakirələrin ən qısa zamanda yekunlaşacağına və üç dost və qardaş ölkə arasında əməkdaşlığın artacağına ümid edirəm.