Avropanın Qarabağda müharibə qorxusu Siyasət

Avropanın Qarabağda müharibə qorxusu

Ermənistan Azərbaycanın qarşısında duruş gətirmək iqtidarında deyil

Cavid

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Herbert Salber Avropa Parlamentinin xarici işlər komitəsinin toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb. O, Azərbaycan, Ermənistan və ATƏT-in Minsk qrupu arasında konstruktiv dialoqun saxlanmasını prioritet olduğunu deyib.
O qeyd edib ki, Avropa İttifaqının məsələ ilə bağlı mövqeyi dəyişmir: "Biz ATƏT-in münaqişəyə həll tapma cəhdlərini dəstəkləyirik. Həmçinin, tərəflər arasında keçirilən zirvə görüşlərini təqdirlə qarşılayırıq. Bununla yanaşı, Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ icmalarının bir araya gəlməsi və qarşılıqlı inamın yaradılması vacibdir. Bu iş çox çətindir və hər iki tərəf bu cür layihələrdən imtina edir. Buna səbəb təmas xəttində davamlı olaraq itkilərin qeydə alınmasıdır."
Aİ nümayəndəsinin sözlərinə görə, Dağlıq Qarabağ dondurulmuş münaqişə deyil, fəal münaqişədir və istənilən zaman genişmiqyaslı hərbi əməliyyatlar başlaya bilər. O, Fransa prezidenti Fransua Ollandın dəvəti ilə Parisdə keçirilən görüş barədə də danışıb: "Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşündən sonra ATƏT-in ABŞ-dan olan həmsədri Ceyms Uorliklə müzakirəsində C.Uorlik mənə "irəliləyişlərin olmasını və gələcəyə nikbin baxdığını" bildirib. Buna baxmayaraq, hər kəs başa düşür ki, yekunda, Rusiya rəhbərliyinin razılığı olmadan və Moskva öz "xeyir-duasını" verməyincə, münaqişənin həlli çətin mümkün olacaq."
Maraqlıdır, H.Salber də müharibə müharibə təhlükəsi barədə danışıb. Deyib ki, danışıqların heç bir nəticə verməyəcəyi və Ermənistan işğalçılıq siyasətindən əl çəkməyəcəyi təqdirdə Azəbaycanın müharibəyə əl atmaq məcburiyyətində qala biləcəyi də istisna edilmir.
Azərbaycanın torpaqlarını müharibə yolu ilə geri qaytara biləcəyi bəyanatları Ermənistan kimi Rusiyanı da narahat edir. Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan müharibə səksəkəsi ilə yaşayan erməni xalqını sakitləşdirəcək bəyanat verirlər. Rusiyanın nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Bordyuja da ermənilərər təsəlli verəcək bəyanatlar verib. Bildirib ki, əgər Azərbaycan müharibəyə başlayarsa qurum Ermənistanı müdafiə edəcək. Baxmayaraq ki, quruma daxil olan dövlətlərin əksəriyyəti heç də Azərbaycana silah qaldırmaq istəyində olmadıqlarını bildiriblər.
Azərbaycanın hərbi qüdrətinin Ermənistandan qat-qat üstün olduğu da danılmaz faktdır. Londondakı Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu (The International Institute for Strategic Studies - IISS) özünün növbəti "Hərbi balans 2014" (Military balance 2014) adlı hesabatına nəzər salaq.
Hesabatın Cənubi Qafqaza aid hissəsində qeyd edilir ki, bu regionda ən diqqətəlayiq məqam Azərbaycanın hərbi xərcləri artırmasıdır. Azərbaycanın müdafiə xərcləri 4 milyard dollara yaxındır. Müəlliflərin fikrincə, hərbi texnika baxımından Azərbaycan Ermənistandan xeyli üstündür. Bu da vurğulanır ki, Azərbaycan hərbi texnika baxımından üstünlüyə neft gəlirlərinin hesabına nail ola bilib.
Hesabatın Ermənistana aid hissəsində bildirilir ki, müdafiə büdcəsi 447 milyon dollar olan bu ölkənin hərbi imkanı onun müttəfiqi Rusiyanın hərbi sənayesindən asılı olaraq qalır. Ermənistanın quru qoşunlarının texnikası arasında üstünlüyü Rusiya istehsallı T72 tanlkları tutur. Bunların sayı təxminən 109 civarında göstərilib.
Ermənistanın hərbi hava qüvvələri də tamamilə Rusiya texnikası ilə təchiz edilib.
Hərbi-hava qüvvələrinin ixtiyarında 15 ədəd SU-25 qırıcı təyyarəsi və 8 döyüş helikopteri var. Hesabatda qeyd olunur ki, Ermənsitanın hərbi-hava qüvvələri Rusiya bazasından hərəkətə gətirilir.
Ermənistan Silahlı Qüvvələrinin sərəncamında olan bu hərbi texnika Azərbaycanın malik olduğu ən müasir silah və texnika ilə heç cür müqayisə edilməzdir. Ermənistan Ordusunun təchizatında olan keçmiş sovet dövründən qalma, nasaz, vaxtı keçmiş və köhnəlmiş silah-sursat, o cümlədən, maye yanacaq mühərrikli "Skad" tipli raketlər ("kerosinka" kimi tanınır) nəinki hər hansı obyekti məhv etməyə, heç havaya qalxmaq imkanına belə malik deyil.
Hesabata görə Azərbaycan ordusu Ermənistanın hərbi imkanlarını qat-qat üstələyir. Azərbaycanda olan sovet nümunəli texnika və sursatlar tam olaraq təmir olunaraq modernləşdirilib. Araşdırmada qeyd olunur ki, Azərbaycan artıq hərbi gücünə görə Belarusiyanı da geridə qoyub və əlaqələri genişləndirərək hərbi gücünə İsrail silahları qatmaqdadır. Spike-LR raket sistemləri və pilotsuz "Heron" və "Searcher" təyyarələri alan Azərbaycan ordunun gücləndirilməsində xeyli iş görüb.
Erməni ordusu isə bütün göstəricilərinə görə, Azərbaycandan xeyli geri qalır. Hesabatda o da qeyd olunur ki, Ermənistan ərazisində 2044-cü ilə qədər 102 Rusiya hərbi bazasının olması vəziyyəti dəyişir. Bu hərbi bazalarda 74 tank, 17 BMP, 148 BTR, 84 ədəd müxtəlif artilleriya sistemləri, 18 ədəd MİQ-29 tipli qırıcı təyyarə var. 5 min rus əsgərinin yerləşdiyi bildirilir.
Xatırladaq ki, Rusiya və Ermənistan arasında atəşkəsdən sonra hərbi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə görə, üçüncü dövlət Ermənistanın beynəlxalq səviyyədə tanınan sərhədlərinə təcavüz edərsə, Rusiya dərhal müttəfiqinin müdafiəsinə qoşula bilər.
Ermənistan rəhbərliyinin müharibə bəyanatları səsləndirərkən güvəndiyi amillərdən birincisi bu müqavilə, digəri isə ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmasıdır.
Napoleon müharibəni qazanmaq üçün üç vacib amil göstərib: "pul, pul və pul". Xaricdəki erməni diasporunun topladığı sədəqəylə dolanan Ermənistan isə maddi imkanlar baxımından ən yaxşı halda 20 gün - 1 ay hərbi əməliyyat aparma imkanına malikdir. Hazırkı şəraitdə hərbi əməliyyatların bir aydan artıq davam etməsi isə Ermənistanda iqtisadi çökmə, sosial partlayışla nəticələnə bilər.
Hesabata görə faktiki olaraq müstəqil Ermənistanın sərhədində dayanan rus əsgəri Rusiya prezidentinin tapşırıqlarını yerinə yetirir: "Hərbi subardinasiya baxımından bu, normal hal sayıla bilər. Amma məsələyə başqa tərəfdən yanaşanda biabırçı mənzərə ortaya çıxır. Rusiya dövlət başçısı və hökumətinin hərbçilərin qarşısına hansı vəzifələri qoymasından, bunu Ermənistanla razılaşdırmasından kimsənin xəbəri yoxdur. Təbii ki, Rusiya ilk öncə öz maraqlarından çıxış edərək qərarlar qəbul edir. Bu halda Ermənistanın maraqları ikinci plana keçir. Erməni-rus vassal münasibətlərinin dərinləşməsi ona gətirib çıxarıb ki, Ermənistan suverenliyini tam şəkildə Rusiyaya təhvil verib. Ona görə də Rusiya dövlət başçısının əmr və tapşırıqlarını təkcə rus hərbçiləri yox, eləcə də Ermənistan prezidenti və hökuməti də yerinə yetirir. Bu məsələyə münasibət bildirən "Birinci İnformasiya" yazır ki, hələ 2011-ci ildə Ermənistanın müstəqilliyinin 20 illiyi ilə bağlı keçirilən hərbi paradda erməni yox, rus qoşunlarının iştirakı, rus bayrağının dalğalandırılması çoxlarını təəccübləndirmişdi".
2010-cu ildə Rusiyanın sabiq prezidenti Medvedevin İrəvana səfəri çərçivəsində imzalanan müqaviləyə əsasən Rusiya hərbi bazalarının Ermənistanda qalma müddəti və səlahiyyəti artırıldı. Amma belə görünür ki, Gümrüdə yerləşən hərbi bazanın səlahiyyətləri müqavilədən kənar artmaqda davam edir. Gümrüdə keçirilən tədbir və hərbi parad da bunu təsdiqləyir. 2011-ci ildə keçirilən hərbi paradda hərbçilərin bir hissəsini ruslar təşkil edirdisə, 2014-cü ildə Gümrüdə keçirilən paradda isə iştirakçıların 50 faizini rus hərbçiləri təşkil edirdi. Bir neçə il ərzində Rusiya hərbçilərinin səlahiyyətləri dəfələrlə artıb. 2017-ci ildə keçiriləcək hərbi paradın iştirakçılarının neçə faizinin Rusiya hərbçiləri olacağını təsəvvür etmək çətin deyil. Yəni, Ermənistanın bütün siyasi-iqtisadi vəziyyətinə nəzarət edən Rusiya 3 ildən sonra hərbi parad paketinə nəzarəti də tam ələ keçirəcək. Bundan 3 il sonra, yəni 2020-ci ildə keçiriləcək hərbi paradlarda isə ancaq Rusiya hərbçiləri iştirak edəcəklər. Siyasi-iqtisadi vəziyyətə tam nəzarət edən Rusiyanın "hərbi bayramlar paketi"ndən kənarda qalması doğru olmazdı.
Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini bilavasitə Rusiya ilə həll etməlidir. Müharibə edəcəyi təqdirdə isə Ermənistan Azərbaycanın qarşısında duruş gətirmək iqtidarında olmayacaq.