“Bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək” Siyasət

“Bütün qaranlıq məqamlara aydınlıq gətiriləcək”

Səxavət Əlisoy: "Saxtakarlıqlarla bağlı mövqeyim birmənalıdır"

Radikal müxalifət daxilində ziddiyyətlər səngimək bilmir. Xüsusən Müsavatda qurultay sonrası problem getdikcə dərinləşir. Müsavat funksionerlərinin amqlamasından bu açıq aydın hiss olunur.
Müsavat Partiyasının üzvü Səxavət Əlisoy deyib ki, 8 noyabr saat 17:00-da Müsavat Partiyasının qərargahında keçirilən görüşdə qurum daxilində fraksiyanın yaradılması barəsində də müzakirələr olacaq. O bildirib ki, bütün qaranlıq məqamlara sabah (Bu gün-Ə) keçirilən görüşdə aydınlıq gətiriləcək: "Bir az da səbir etsəniz, hər şeydən məlumat alacaqsınız. Mən son zamanlar seçkilərlə bağlı status yazmasam da, saxtakarlıqlarla bağlı mövqeyim birmənalıdır. Əminəm ki, Qubad İbadoğlunun da bu məsələdə mövqeyi dəyişməyib. Sadəcə olaraq, hər şeyi təkrar-təkrar yazmağa gərək duymuruq".
Qeyd edək ki, Qubad İbadoğlu Facebook-da da fikirlərini paylaşaraq müsavatçılara müraciət edib: "Noyabrın 8-də saat 5-də Müsavat Partiyasının mərkəzi qərargahında keçirməyi planlaşdırdığımız növbəti görüşün məqsədi hər bir vicdanlı müsavatçının narahatlığına səbəb olan hazırkı durumun ciddi müzakirələr əsasında dəyərləndirilməsi və gələcəyə yönəlik pozitiv təkliflərin müzakirə olunmasıdır. Bizim yeganə məqsədimiz ayrı-ayrı şəxsləri deyil, bütövlükdə Müsavatı bu arzuolunmaz durumdan qalib çıxarmaqdır. Bunun üçün hər bir müsavatçının potensialından daha səmərəli faydalanmaqla birgə fəaliyyət platforması müəyyənləşdirmək, qərarları azlığın diktəsi ilə deyil, birlikdə qəbul etmək tələb olunur. Görüşdə, həmçinin, nizamnamə pozuntuları ilə bağlı hazırladığımız arayışa Müsavat Partiyası MNTK-sının verdiyi rəyə də münasibət açıqlanacaq. İnanıram ki, bu görüş Müsavatın çağdaş tarixində barışıq, birlik, vəhdət və bütövlük görüşü kimi yadda qalacaq. Odur ki, sonuncu qurultayda başqanlığa namizəd olmuş bütün iddiaçıları və onların tərəfdarlarını açıq müzakirəyə dəvət edirəm".
Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub deyib ki, noyabrın 8-də Mərkəzi Nəzarət Təftiş Komissiyasının Qubad İbadoğlunun şikayətinə verdiyi rəy müzakirə olunacaq və partiyanın düşdüyü vəziyyətdən çıxış yolları axtarılacaq. "Müsavat Partiyasında fraksiya yaradıla bilərmi" sualına cavabında isə o, "fraksiya yaradılması nəzərdə tutulmayıb, lakin 8 noyabr müzakirələrinin gedişindən çox şey asılıdır" söyləyib.
Arif Hacılı isə açıqlamasında qurultaydan sonra Qubad İbadoğlu ilə ümumi təmasların olduğunu və onu təkbətək görüşə dəvət etdiyini söyləyib: "Başqa vacib işləri olduğu üçün ona görüş təyin etdiyim iki gün ərzində mənimlə görüşmək imkanının olmadığını bildirib. İstənilən vaxt yenidən görüşüb opponentləri narahat edən problemləri müzakirə etməyə hazıram. Ümumiyyətlə, mənimlə görüşmək problemsiz məsələdir. Qurultayda mənə səs vermədiyini açıq bildirən partiya üzvlərinin əksəriyyəti ilə təmasda olmuşam. Səmimi söhbətlərimiz olub. Mənim mühafizəçilərim, normalaşdırılmış qəbul saatlarım yoxdur. Özüm də hər gün qərargahdayam. Ona görə də heç kim mənimlə görüşə bilmədiyini bəhanə etməsin".
Arif Hacılı keçmiş millət vəkili Nəsib Nəsiblinin Müsavat üzvlüyündən istefa verməsi barədə də fikirlərini bölüşüb və onun bu cür qərar verməsinə təəssüfləndiyini deyib: "Nəsib Nəsibli Müsavat Partiyasının bərpa olunmasında və sonrakı fəaliyyətində xidmətləri olan şəxslərdən biridir. Partiya üzvü olmasa da, Müsavat irsinə, milli ideologiyaya sadiq qalacağı qənaətindəyəm. Nəsib Nəsibliyə şəxsi həyatında və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıram".
Yazar Nurlan Qələndərli isə hesab edir ki, Arif Hacılının başqan "seçilməsi"ndən sonra daha da şiddətlənən ziddiyyətlər bu partiyadakı siyasi böhranı bir qədər də dərinləşdirib. Onun sözlərinə görə, Müsavat Partiyası daxilindəki gərgin situasiya son zamanlar daha kəskin xarakter alıb: "Arif Hacılının qurultayda başqan "seçilməsi"ndən sonra daha da şiddətlənən ziddiyyətlər və konfrantasiya meyilləri bu partiyadakı siyasi böhranı bir qədər də dərinləşdirib. Məhz bütün bu dağıdıcı proseslərin qanunauyğun nəticəsi kimi, "Müsavat" daxilində kütləvi istefalar, o cümlədən, ayrılmalar adi hala çevrilib. Başqanlıq seçkilərinin saxtalaşdırılmasına etirazını bildirən Qubad İbadoğlunun rəhbərlik etdiyi qruplaşmanın üzvləri isə artıq ard-arda istefa verməkdədirlər. Məlum olduğu kimi, bir müddət öncə "Müsavat" gənclər təşkilatının sədri və 9 üzvünün istefasının ardından partiyanın Tovuz rayon təşkilatı bütövlükdə istefaya getmişdi. Bundan başqa, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy və Qubad İbadoğlunun tərəfdarı kimi tanınan Adil Qeybulla "Siyasi Dialoq və İslahatlar Mərkəzi" adlı yeni qurum yaratmış və bununla da Arif Hacılıya qarşı yeni cəbhə formalaşdırdıqları mesajını vermişdilər. Hələlik son olaraq Nəsib Nəsiblinin də Müsavat Partiyasından istefa verməsi partiyada parçalanma meyillərinin kəskinləşdiyini göstərdi. Bununla yanaşı, sədrliyə digər namizəd - Tural Abbaslının tərəfdarlarının Qubad İbadoğlunun tərəfdarları ilə birlikdə yeni fraksiya yaratmaq istəyi də vəziyyətin olduqca gərginləşdiyini göstərən növbəti faktdır". Onun fikrincə, bu cür "mərkəzdənqaçma" meyilləri Müsavat Partiyası daxilindəki ziddiyyətləri, eləcə də İsa Qəmbərin planı əsasında başqan "seçilmiş" Arif Hacılıya qarşı yeni və daha mütəşəkkil cəbhənin formalaşdırılması cəhdlərini ifadə edir: "Baş verənlər partiya daxilindəki siyasi dözümsüzlük mühitini daha da artırıb. Hətta ziddiyyətlər o həddə çatıb ki, başqan Arif Hacılı onu tənqid edən ayrı-ayrı partiyadaşları ilə açıq qarşıdurmaya girmək yolunu tutub. Bu isə, bütövlükdə, "Müsavat"da idarəetmənin ənənəvi olaraq diktatura təfəkküründə davam etdiyini, idarəçiliyin tamamilə iflic olduğunu bir daha nümayiş etdirir. Artıq bu cür siyasi dözümsüzlük mühiti qurum daxilindəki digər cəbhəni yenidən hərəkətə keçirib, siyasi ritorika daha da sərtləşib. Məlum olduğu kimi, oktyabrın 6-da Qubad İbadoğlunun tərəfdarları ilə keçirdiyi görüşdə baş verənlərin birbaşa keçmiş sədr İsa Qəmbər tərəfindən idarə olunduğu bəyan edilmişdi.
Bütün bu ziddiyyətlər isə "Müsavat" daxilindəki gerçək situasiyanı göstərməklə yanaşı, bu partiyanın hansı maraq və motivlər əsasında fəaliyyət göstərdiyini də aşkara çıxarır. Daim "bərabərlik" və "demokratiya" kimi dəyərlərdən bəhs edən "Müsavat" funksionerləri korporativ maraqlar naminə partiya daxilində kəskin mübarizə aparırlar. Bu mübarizə daha çox mətbuat üzərindən ittihamlar əsasında davam etdirilir.
Öz növbəsində, partiya daxilindəki ziddiyyətlər yeni qurultay tələblərinin səsləndirilməsinə rəvac verib. Bu, bir tərəfdən, İsa Qəmbərin öz keçmiş postuna yiyələnməsi üçün növbəti oyunu kimi səciyyələndirilir, digər tərəfdən isə, Arif Hacılının rəqiblərinin razı olduqları bir hal kimi çıxış edir. Hər halda, bütün bunlar "Müsavat"ın gələcəyinin müəmmalı olacağını göstərir.
Nəticə etibarilə, maraqlar uğrunda mübarizə çərçivəsində təzahür olunan daxili intriqalar "Müsavat"daxili acınacaqlı durumun hazırkı cizgilərini təşkil edir. Başqa sözlə, Müsavat Partiyası daxili ziddiyyətlərdən qurtula bilmir.
Belə olan təqdirdə, "Müsavat" növbəti parçalanma mövsümünə üz tutur. Bu hallar isə "Müsavat"ın hansı prinsiplər əsasında fəaliyyət göstərdiyini və qurumu nələrin gözlədiyini növbəti dəfə ortaya çıxarır".

Əli