“Hacılı zehniyyətli birisi istefa barədə düşünməz” Siyasət

“Hacılı zehniyyətli birisi istefa barədə düşünməz”

Səxavət Əlisoy: "Biz onu nizamnamə çərçivəsində layiq olmadığı postdan kənarlaşdıracağıq"

Tural Abbaslı: "Partiyanın parçalanması ehtimalı reallaşa bilər"

Çingiz Qənizadə: "Arif Hacılının qruplaşması Müsavatın irəli getməsinə heç zaman yol verə bilməz"

Müsavat Partiyasında fraksiya yaradılması ilə bağlı fikirlər ciddi xarakter almağa başlayıb. Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy partiyanın sədr müavini Gülağa Aslanlının Müsavatda fraksiya yaradılmasının nizamnaməyə zidd olduğu ilə bağlı fikirlərinə münasibət bildirib. O, bu barədə şəxsi facebook səhifəsində yazıb: "Statuslarınızı, rəylərinizi izləyirəm. Fakt tələb edirsiniz. Bu da sizə 2 fakt, lütfən, cavab verin:
1. Qurultaydan sonra Səbayil rayonunda bir sədr seçkisi keçirdiniz. Şura üzvlərinin əksəriyyəti seçkidən xəbərsiz olduğunu açıqladıqdan sonra Məclisdə Hacılı seçkinin nəticələrinə xitam verdiyini açıqladı. Bu saxtakarlığı edənlər cəzalandımı?
2. Ağcabədi və Mingəçevir rayonlarında təşkilat adından yaydığınız bəyanatların mürəkkəbi qurumamış təkzib xəbəri gəldi. Bu saxta bəyanatları yazanlar və tirajlayanlar kimlərdir, nə məqsədlə bunu edirlər?".
Qeyd edək ki, Gülağa Aslanlı açıqlamasında bildirib ki, Müsavatda icazə verilməyən hər şey qadağandır: " Başqa sözlə, siyasi partiyanın fəaliyyətində "Siyasi partiyalar haqqında" Qanunla nəzərdə tutulmayan hər hansı fəaliyyət forması qadağandır. Məncə, kifəyət qədər geniş izahatdır".
Müsavat partiyasının Divan üzvü Osman Kazımov deyib ki, Müsavat partiyasının daxilində hər hansı bir fraksiya yaradıla bilməz: "Bu, Müsavat partiyasının nizamnaməsində nəzərdə tutulmayıb". O bildirib ki, fraksiyanı yalnız Müsavatın parlamentdə təmsil olunan deputatları yarada bilər. Osman Kazımovun fikrincə, bu, nizamnamə pozuntusudur: "Nizamnamə pozuntusu ilə bağlı bu məsələ müzakirə olunur və nəticəsi barədə məlumat veriləcək".
Divan üzvü Müsavat partiyasının zona müşavirələri ilə bağlı qalmaqal doğuran bəyanata da aydınlıq gətirib: "Zona müşavirələri zamanı ümumi razılığa gəlinib. Mənim tərəfimdən hər hansı bəyanat, yaxud da layihə təklif edilməyib. Bu, yalan məlumatdır. Bəyanat müşavirədə iştirak edən rayon təşkiatları və Müsavatın Gəncə şəhər təşkilatı tərəfindən qəbul edilib. Mingəçevir Təşkilatının sədri də həmin bəyanatla razı olduğunu bildirib. Lakin o, Mingəçevirə qayıtdıqdan sonra bir qədər fərqli fikir səsləndirib".
Onu da qeyd edək ki, Müsavat partiyasının bölgələrdə keçirdiyi zona müşavirələrində qəbul edilən bəyanatlarla bağlı narazılıq yaranıb. Müsavatın Ağcabədi və Mingəçevir rayon təşkilatları mətbuata verilən bəyanatla qətiyyən razı olmadıqlarını deyiblər. Ağcabədi rayon təşkilatının sədr müavini İbrahim Hacıbəyli isə bildirib ki, noyabrın 9-da Ağcabədidə keçirilən müşavirədə heç bir bəyanata imza atılmayıb.
Keçmiş Divan üzvü, başqanlığa keçmiş namizəd Tural Abbaslı partiyada narazıların sayının artmasına, rayon təşklatlarının da narazılar qrupuna dəstək verməsinə münasibət bildirərkən deyib ki, say baxımını götürəndə təbii ki, Müsavatda narazı tərəflər Məclis toplantısında olanların sayından çox idi:Amma bunu uyğunlu müqayisə kimi göstərməzdim". Tural Abbaslı baş verən proseslərdə narazıların olmasını təbii qəbul etdiyini deyib və qeyd edib ki, belə olan təqdirdə partiyanın parçalanması ehtimalı reallaşa bilər: "Narazıların olduğu danılmazdır. Bizim əsas məqsədimiz razılarlarla narazıların ortaq fikirlərini tapmaq və partiyanın bütövlüyünü qorumaqla daha güclü hala gətirməkdir".
Lakin o, fraksiyanın yaradılmasını partiyadaxili müxalifət olacağını da istisna etməyib: "Fraksiyanı elan etməklə biz daxili müxalifəti nəzərdə tutmuşuq. Partiyadan ayrılmadan Müsavatın əleyhinə işlər görməkdən söhbət getmir. Fraksiyanı yaratmaqla Nizamnamə çərçivəsində partiya daxilində fəaliyyət göstərəcək birlik kimi nəzərdə tutmuşuq. Partiyadaxili münasibətlərin demokratik çərçivədə həll edilməsi, partiyadan getmək istəyənlərin ən azından qarşısının alınmasını nəzərdə tutan bir addımdır. Bu istiqamətdə işçi qrupu fəaliyyət göstərir, danışıqlar gedir. İnanıram ki, fraksiya yaratmaqla bir çox məsələləri həll etmiş olacağıq".
Səxavət Əlisoy isə həmçinin yer-yerindən oynasa belə, Hacılı zehniyyətli birisi istefa barədə düşünməz: "Biz onu nizamnamə çərçivəsində layiq olmadığı postdan kənarlaşdıracağıq".
Onun sözlərinə görə, proses indi start götürüb və bir aydan sonra partiya üzvlərinin böyük əksəriyyətinin təmsil olunduğu güclü bir fraksiya elan olunacaq və son söz o zaman deyiləcək: "Bizim geri çəkilmək fikrimiz yoxdur. Təbii ki, onlar müqavimət göstərəcəklər. Birilərinə vəzifə vəd edəcəklər. Bütün bunlar prosesin mahiyyətinə təsir edə bilməz. Hacılını qəbul etməyənlər 5-10 nəfər deyil, minlərlə partiya üzvü, onlarla rayon təşkilatı qurultayın legitimliyini tanımamaq barədə qərar çıxardıqdan sonra o "müqavimət" çox mülayimləşəcək. Hacılı və dəstəsi Müsavat Partiyasının demokratiya dilini qısa ediblər və bunun bədəlini ödəyəcəklər".
Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov söyləyib ki, Müsavat Partiyasında fraksiya yarana bilməz. Siyavuş Novruzov deyib ki, Müsavat Partiyasında ədalətsiz qurultay keçirilib, ciddi şəkildə saxtalaşdırma olub. Onun sözlərinə görə, əvvəlcədən planlaşdırılmış şəkildə qurultaya nümayəndələr seçilib: "Qurultaya nümayəndələrin seçilməsi işini təşkil edən Müsavat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi neytral şəxslərdən təşkil edilməli idi. Ancaq prosesə Müsavat Partiyasının İcra Aparatı rəhbərlik etdi və İcra Aparatının rəhbəri Arif Hacılı da başqanlığa namizədliyini irəli sürdü. Aydındır ki, qurultaya da öz adamlarını seçdilər. Bu da sonradan bəlli oldu. Ona görə də partiyanın bir sıra tanınmış simaları buna etiraz etdi, istefa verdi, bir hissəsi də yenidən qurultayın keçirilməsi tələbi ilə çıxış etdi". Siyavuş Novruzov Müsavat Partiyasını iki perspektivin gözlədiyini bildirib. Onun sözlərinə görə, Müsavat Partiyası ya parçalanacaq, yaxud yeni qurultay keçiriləcək: "Yenidən ədalətli şəkildə qurultay keçirilməsə, Müsavat Partiyası parçalanacaq, bir neçə partiya yaranacaq. Bu partiyada fraksiya yarana bilməz. Çünki partiyada fikir plüralizmi məsələsi ortaya çıxır, təklif və rəylərin irəli sürülüb dəstəklənməsi üçün fraksiya yaradılır. Burada isə sadəcə, sırf saxtakarlıqdan söhbət gedir. Ona görə də bu halda yalnız parçalanmadan, yeni təşkilatın yaranmasından, yaxud təkrar qurultayın keçirilməsindən söhbət gedə bilər".
Millət vəkili, hüququ müdafiəçisi Çingiz Qənizadə isə diqqətə çatdırıb ki, Arif Hacılının başqan seçilməsi heç bir halda düzgün deyildi: "Orada professor xanımlar var, mən onlardan birinin seçilməsini daha çox istəyərdim... Çünki onlar daha çox sülhə nail ola bilərdilər. Arif Hacılı həmişə Müsavatda öz yolu, öz qrupu olan bir şəxs olub. Bu qruplaşma da Müsavatın irəli getməsinə heç zaman yol verə bilməz".

Əli