“İnformsiya müharibəsində yeni çağırışlara hazır olmaq vacibdir” Siyasət

“İnformsiya müharibəsində yeni çağırışlara hazır olmaq vacibdir”

Azay Quliyev: “Qarşıda bizi çox ciddi sınaq gözləyir”

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda “2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirilib. Ümumilikdə gündəliyə 13 məsələ daxil edilib.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycanda ermənilərdən maliyyələşənlər az qala koronavirusun yaranmasında da Azərbaycan dövlətini günahlandırsınlar.
Siyavuş Novruzov deyib ki, internet portallarına da vəsait ayrılması yaxşı olar: “Siyasi partiyalara ayrılan vəsaitin artırılması da məqsədəuyğun olardı”
Siyavuş Novruzov deyib ki, internet portallarına da vəsait ayrılması yaxşı olar: “Siyasi partiyalara ayrılan vəsaitin artırılması da məqsədəuyğun olardı”
Deputat Sabir Rüstəmxanlı deyib ki, müharibə edən ölkələrin təkcə orduları savamır, həm də büdcələri savaşır: “İki ideoloji sistem üz-üzə gəldi. Bir tərəfdə faşizm, digər tərəfdə isə sülhhsevər millət”. Deputat qeyd edib ki, Ali Baş Komandan Azərbaycanın təkcə şərəfini müdafiə etmədi, həm də dünyaya nümunə göstərdi: “2021-ci ilin büdcəsinə haqlı olaraq Qarabağ büdcəsi kimi baxırıq. Ona görə də 2021-ci il Qarabağ ili olacaq. Ordu da öz işini gördü. Qarabağın baş planı hazırlanmalı, ərazilər minalardan təmizlənməli, insanlar yurd-yuvasına qayıtmalıdır”.
Deputatın sözlərinə görə, yeni ildə əhalinin sosial müdafiəsinə xüsusi diqqət edilməli, xırda məmurların özbaşınalığının qarşısı alınmalıdır.
Deputatı Razi Nurullayev isə uşaqpulu məsələsinə toxunub. O, növbəti ildə bu məsələyə baxılmasını tövsiyə edib: “Hökumət üzvlərimizi hər zaman dinləyirəm. O qədər gözəl danışırlar ki, deyirəm bəlkə Yaponiyada yaşayıram. Aylarla ət üzünə həsrət qalan, palçığa batan adamla yaşayasan ki, gərək onları başa düşəsən. Görünür belə olmasa, bunu başa da düşə bilməyəcəyik”.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputata cavab olaraq bildirib aki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev iclasda iştirak edir: “Hesab edirəm ki, uşaqpulu ilə bağlı sualınıza cavab tapacaqsınız”.
Deputat Tahir Kərimli diqqətə çatdırıb ki, zəhmət çəkin, insanların problemlərini həll edin. Qaz, su, işığı havayı, ya da qəpik-quruşa edin”
Tahir Kərimli bəzi insanların bir otaqda qızındığını bildirib: “Mən bəzi yerlərə gedəndə insanların üzünə baxa bilmirəm. Biz şəhid ailələri və qazilər üçün işıq, qaz, suyun ödənişsiz olması ilə bağlı qərar qəbul etməliyik. Bu, onların haqqıdır. Bəzi ailələr var ki, ancaq bir otaqda qaz, işıq yandırıb onun ətrafında isinir. Çıxan kimi işığı da söndürür. Biz bu məsələləri tənzimləməliyik”.
Deputat Məlahət İbrahimqızı bildirib ki, 2021-ci ilin büdcəsi Zəfər büdcəsidir: “Biz Qarabağın quruculuğu naminə bir yerdə olmalıyıq. Qarşıdakı dövrdə əsas prioritet Qarabağın quruculuğu və hərbi xərclərin artırılması olmalıdır”.
Deputat qeyd edib ki, biz sosial xərclərin artırılmasına da diqqət yetirməliyik: “Eyni zamanda koronavirus pandemiyasından az qala müflisləşmə səviyyəsinə gələn orta və kiçik sahibkarlığa gələn ilin büdcəsindən daha çox dəstək ayrılmalıdır”.
Deputat Azay Quliyev deyib ki, büdcə layihəsi kifayət qədər uğurlu hazırlanıb və 2021-ci ildə qarşımızda duran vəzifələrin icrası üçün ciddi təminatlar yaradır. O, bildirib ki, pandemiyanın yaratdığı iqtisadi böhrana baxmayaraq, gələn ilin büdcəsində kifayət qədər artımın nəzərdə tutulması Prezidentin və hökumətin ciddi nailiyyətidir: “Bilirsiniz ki, bir çox ölkələrdə nəinki artım nəqəzərdə tutulmur, əksinə, büdcədə əhəmiyyətli dərəcədə azalmalar baş verir. Bu, həm də Qələbə büdcəsi kimi tarixə düşəcək. Ali Baş Komandanın siyasi iradəsi və qətiyyəti ilə Ordumuz torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüz bərpa etdi. Biz hamımız ilk dəfə büdcədə Qarabağın quruculuğu və Böyük Qayıdışa hazırlıq üçün 2,2 milyard manat vəsaitin ayrılması sevincini yaşayacağıq. Büdcədə Ordunun gücləndiriməsi üçün də kifayət qədər vəsaitin nəzərdə tutulması və müdafiə xərclərinin 20 faiz artırılması yerli və büynəlxalq exspertlər tərəfindən xüsusi müzakirə olunur. Bu, çox doğru qərardır və bunu alqışlaryırıq. Çünki, biz qalib Ordu olaraq bundan sonra da inkişafımzı davam etdirməli, istənilən təhlükənin öhdəsindən gəlməyi bacarmalıyıq”.
Azay Quliyev deyib ki, deputatlar büdcə ilə bağlı verdiyi təkliflərdə əsas prioriteti orduya, əsgər və zabitlərimizin maddi və sosial məsələlərinin daha da yaxşılaşdırılmasına yönəltməlidirlər: O, bir sıra təkliflər də səsləndirib. Belə ki, deputat müddətli hərbi qulluqçuların fərdi ehtiyaclarını qarşılamaq üçün verilən aylıq maaşa və ya pul təminatına yenidən baxılmasını vacib sayıb: “Müddətli həqiqi hərbi xidmət qulluqçularının (əsgər və çavuşların) gündəlik fərdi ehtiyaclarını qarşılamaq üçün aylıq maaşları artırılmalıdır; hazırda əsgər 13 manat, baş əsgər16 manat, çavuş 22 manat alır. Döyüş bölgəsində bu rəqəmlər bir az fəqlidir, iki dəfə çoxdur. Ancaq təbii ki, bu da kifayət etmir. Təklif edirik ki, bu rəqəm an azı iki dəfə artırılısın”.
Azay Quliyev müharibə zamanı hərbi xidmətə çağırılan və ya könüllü iştirak edən şəxslərə birdəfəlik ödənilən aylıq pul vəasitinin həcminə yenidən baxılmasını da təklif edib: “Sentyabrın 27-dən səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və könüllü cəbhəyə getmiş hərbçilərə hər ay üçün 360 manat ödəniləcək. Bu adamların əməyini heç bir pulla ödəmək mümkün deyil, lakin bu rəqəm də çox azdır. Yaxşı olar ki, birdəfəlik bu pul təminatı ən azı iki dəfə artırılsın. Bu artım hamıya mümkün olmasa, heç olmasa müharibəyə qədər işlədiyi yerdən əməkhaqqı alanlar istisna olmaqla, heç bir yerdə işləməyənlərə bu təminat artırılsın. Bu hərbi qulluqçuların bəzilərinin ailəsi kirayədə yaşayır və kirayə pulunu ödəməkdə çətinlik çəkirlər.
Bir də əgər bu adamlar şəhid və qazi olmayıblarsa, onlar qəhrəmandırlar və ölkəmiz üçün etdiklərinin müqabilində lazımı diqqətlə təmin olunmalıdır”.
Deputat müddətdən artıq xidmətdə olan zabit və gizirlərə nəzərdə tutulan 128 manatla bağlı məsələ də qaldırb: “Nazirlər Kabinetinin son qərarına görə müddətdən artıq xidmətdə olan zabit və gizirlərə 64 manatlıq ərzaq pulu 128 manata qaldırılıb, lakin bu vəsaiti hələ də almayan hərbi qulluqçularımız var. Mən çox istərdim ki, hörmətli Maliyyə naziri bu suala aydınıq gətirsin. Bu vəsait ödənilir və ya builki büdcədə nəzrdə tutulubmu? Əgər tutulmayıbsa xahiş edərdim ki, bu məbləğ nəzərə alınsın”.
Azay Quliyev şəhid ailələri, qazi və veteran təşkilatlarının Konfederasiyasının yaradılmasını və bu quruma dövlət büdcəsindən hər il birbaşa vəsait ayrılmasını da təklif edib: “Böyük Vətən Müharibəsi veteranları təşkilatları büdcədən birbaşa dotasiya alır. Lakin Qarabağ müharibəsinin şəhid ailələri, veteranları və qazilərinin hüquqlarını qoruyan təşkilatlar maliyyələşmir. Düzdür, bu kateqoriyadan olan təşkilatların sayı çoxdur və onların hamısına ayrılıqda birbaşa büdcədən vəsait ayırmaq mümkün deyil. Ona görə də bu qurumlar bir konfedarsiyada birləşsə və onlara dövlət tərəfindən birbaşa və ayrıca büdcə xətti ilə maliyyə yardımı ayrılsa, yaxşı olar. Konfederasiaya yeni yaradılmış və uğurla fəaliyyət göstərən YAŞAT Fondunun işinə dəsətək olar. İnteqrasiya və psixoloji yardımları təmini üçün bu qurumların fəaliyyətinin koordinasiyası çox vacibdir”.
Azay Quliyev informsiya müharibəsində yeni çağırışlara hazır olmağın vacibliyini də diqqətə çatdırıb: “Gələn il informasiya müharibəsində iştirak edən bır sıra qurumlara ayrılan vəsaitə yenidən baxmaq lazımdır. Qarşıda bizi çox ciddi sınaq gözləyir. Ermənistanın ölkəmizə qarşı törətdiyi müharibə cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, xarici ölkələrin vətəndaş cəmiyyəti instututları, media nümayəndələri, o cümlədən beynəlxalq təşkilatlarla adekvat işin qurulmasına xüsusi diqqət yetirməliyik.
Xarici ölkələrdəki səfirliklərimizə, XİN-in yanında fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinə və Diaspor Komitəsinə bu məqsədlə ayrılan vəsaitin 10 -20 faiz civarında artırılması məsələsinə baxıla bilər”.
Parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, 2008-ci ildə Astara şəhərində su və kanalizasiya layihəsi ilə bağlı tenderin qalibi elan olunub: “Ötən dövr ərzində su problemi həll olunsa da, hələ də kanalizasiya məsələsi həllini tapmayıb”.
Rəşad Mahmudov deyib ki, bu layihənin indiyə qədər tam icra olunmaması seçicilərdə suallar doğurur və bu sualı da dünən seçicilərdən biri parlamentdə səsləndirilməsini xahiş edib: “Büdcəmizin imkanlarının ən geniş olduğu bir dövrdə Astara şəhərinin su və kanalizasiya ilə bağlı məsələ niyə kəm-kəsirlə yerinə yetirilib? Seçicim məntiqi olaraq sual verir ki, Şuşada bu il su və kanalizasiya işlərinə başlanılsa, müvafiq qurumlar o işləri neçə ilə başa çatdıracaqlar? Xahiş edirəm ki, büdcə müzakirələri zamanı “Azərsu” ASC rəhbərliyi bu sualı cavablandirsin...”.

Əli Zülfüqaroğlu