Deputat: “Səngərdəki hərbçilərin uşaqlarının təminatı yaxşılaşdırılmadır” Siyasət

Deputat: “Səngərdəki hərbçilərin uşaqlarının təminatı yaxşılaşdırılmadır”

“Ümumiyyətlə, Azərbaycanda səngərdə, bölgələrdə əziyyət çəkən, uşağına müəyyən təhsil vermək imkanı olmayan hərbçilərin uşaqlarının təminatı yaxşılaşdırılmadır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, bu, Bakıda kabinetdən çıxmayan, kresloda oturan hərbçilərə aid deyil: “Dediyim kateqoriyadan olan hərbçilərin uşaqları və ailələri üçün infrastrukturu biz təmin etməliyik. Söhbət təkcə müavinət verilməsindən getmir. Sovet dövründə zabitlər, hərbçilər üçün belə infrastrukturlar var idi. Yəni bu uşaqların əqli, mədəni inkişafına nail olmalıyıq. Artıq biz bu uşaqlarla bağlı infrastruktur üzərində düşünməliyik. Hərbçi ailələri, uşaqları üçün müavinətdən başqa yollar tapmalıyıq. Yaxın 20-30 ildə Azərbaycanın qarşısında böyük proseslər durur. Biz Qarabağda müharibəni udmuşuq, amma hələ dünya ermənilərinə də qalib gəlməliyik".