Dialoq baş tutdu Siyasət

Dialoq baş tutdu

Söhrab Abdullayev: "Görüş çox səmimi atmosferdə keçdi"

Sərdar Cəlaloğlu: "Hakimiyyət bizim təklif və ideyaları müzakirə edəcək"

Bakıdakı Beynəlxalq Mətbuat Mərkəzində müxalif partiya sədrlərinin təşəbbüsü ilə iqtidar-müxalifət dialoqu keçirilib. Görüşdə iqtidarı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev təmsil edib.
Müxalifət tərəfdən görüşə BAXCP-nin baş katibi Zöhrab Abdullayev, ADP sədri Sərdar Cəlaloğlu, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev və başqaları qatılıb.
Görüşdə müxalifət partiyaları ilə münasibətlər, onlarla əməkdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunub.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Zöhrab Abdullayev görüşü müsbət dəyərləndirib: "Razılaşdırıldı ki, bu görüşlər dialoq şəklində davam etdirilsin. Taleyüklü məsələlərlə bağlı iqtidar-müxalifət arasında müzakirələrin bundan sonra da aparılması barədə razılıq əldə olundu. Bir çox məsələlər qaldırıldı, təkliflər səsləndirildi. Hesab edirəm ki, görüş çox səmimi atmosferdə keçdi. Belə görüşlər ölkədə sivil siyasi münasibətlər sisteminin formalaşması üçün stimulverici amil kimi dəyərləndirilə bilər ".
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib ki, mçüxalifət liderlərinin Əli Həsənovla görüşünü yüksək qiymətləndirir. Onun sözlərinə görə, zərbaycan iqtidarı həmişə dialoqa hazır olduğunu bildirib, bu da onun bariz nümunəsidir. Siyavuş Novruzov vurğulayıb ki, bundan öncə də parlamentdə təmsil olunan siyasi partiyalarla belə görüş keçirilmişdi: "Yeni Azərbaycan Partiyasında partiyalarla dialoq komissiyası var və bu komissiyaya da elə Əli Həsənov rəhbərlik edir. Ona görə də qeydiyyatdan keçmiş və Azərbaycan siyasətində az-çox fəaliyyəti olan partiyaların əksəriyyəti ilə belə görüş keçirdi, iqtidar-müxalifət dialoqunun aparılmasıi lə bağlı fikir mübadilələri etdilər". YAP rəsmisi görüşdə iştirak etməyən partiyalardan da danışıb. O hesab edir ki, həmin partiyaların dialoqda iştirak etməməsi onların daxili problemləri ilə bağlıdır: "Həmin partiyaların özlərinin daxilində dialoq yoxdur, əksinə parçalanma hökm sürür. Qeyri-demokratik keçirilən qurultay nəticəsində Müsavat partiyasının üzvləri arasında fikir ayrlığı mövcuddur. Ona görə də hansı tərəfin bu dialoqda partiyanı təmsil etməsi hələ məlum deyil. Digərləri isə xarici dövlətlərin və səfirlərin idarəçiliyi, göstərişi ilə oturub-durduğu üçün onlar hansı planı cızırlarsa, elə də hərəkət edirlər. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr təbii ki, iqtidar-müxalifət dialoqunun əleyhinədir".
İqtidar-müxalifət dialoqunun vacib olduğunu deyən Siyavuş Novruzov bunun cəmiyyəti inkişafında da rolunun olduğunu vurğulayıb: "Hər bir siyasi partiyanın dövlətin inkişafı, cəmiyyətin firavan yaşaması üçün ölkənin gücünün artması üçün təklifləri var. Bu təkliflər toplanır, nəzərədən keçirilir və məqbul hesab olunanlar da tətbiq olunur. Dialoq bunun üçün lazımdır. Hər bir partiyanın məqsədi hakimiyyətə gəlməkdir. Hakimiyyətə gəlmək üçün hansı planları var, xalqın hansı istəklərini reallaşdırmaq istəyirsə, onu təklif şəklində irəli sürür".
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa görüşü faydalı hesab edib. O bildirib ki, belə bir addımın iqtidar tərəfindən atılması Azərbaycanın gələcəyi, xüsusilə partiya demokratiyasının inkişafı ilə bağlı proseslərə çox böyük yardım edəcək: "Düşünürəm ki, bu görüş dialoqa doğru atılan bir addım idi və görüşün də mahiyyəti o idi ki, gələcəkdə iqtidar-müxalifət arasında, xüsusilə də siyasi partiyalar müstəvisində qalıcı dialoq mühiti mövcud olsun, konkret mövzular ətrafında müzakirələr aparılsın. Görüşdə partiya sədrləri tərəfindən bir sıra ciddi təkliflər, tənqidlər səsləndirildi. Ümumiyyətlə, ölkənin taleyi ilə bağlı məsələlərdə iqtidar-müxalifət arasındakı münasibətlərin daha da ciddi hüquqi çərçivəyə salınması və parlament, bələdiyyə seçkiləri ilə bağlı proseslərdə müəyyən tərəfdarın olması məqsədəuyğun sayıldı. Hesab edirəm ki, faydalı bir görüş oldu, xüsusilə də Əli Həsənovun kifayət qədər səmimi, açıq bir davranışla bu mühiti yaratmasını qeyd etməliyəm. Təbii ki, bu, ölkə prezidentinin təqdiri və razılığı ilə baş tutan görüş idi".
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxalı isə görüşün sosial sifariş olduğunu vurğulayıb. O, görüşün nəticələrinin müsbət olacağına ümid etdiyini bildirib: "Bu barədə təkliflər uzun müddət Milli Məclisdə, mətbuatda səsləndirilib ki, ölkənin bir sıra tanınmış insanlarının xarici siyasət, daxildəki proseslərlə bağlı fikirləri önəmlidir. Ən əsası da odur ki, bu görüş hər iki tərəfdən qarşılıqlı addımların atılmasıdır və gələcəkdə yəqin ki, davam etdiriləcək. Əli Həsənovun açıqlaması da bizi qane etdi".
"Dekabrın 13-də mənim də iştirakımla bir qrup müxalifət liderinin Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşünü iqtidar-müxalifət dialoqu kimi qələmə vermək düzgün deyil",- deyən ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, bu, sadəcə olaraq iqtidar-müxalifət dialoqunun başlanmasına zəmin yaradan görüş idi. Partiya sədri qeyd edib ki, görüşdə iştirak edən müxalifət partiyaları siyasi məhbuslarla və digər məsələlərlə bağlı hər hansı şərt irəli sürməyib: "Şərt irəli sürmək etikaya uyğun deyil. Biz hökumət nümayəndəsinə təkliflər vermişik. O da bizim fikirləri dinlədi və bildirdi ki, səslənən təklifləri prezidentə çatdıracaq". ADP lideri vurğulayıb ki, bu təkliflərə nə zaman cavab veriləcəyi haqda isə hər hansı məlumata malik deyil: "Bu məsələlər heç görüşdə də razılaşdırılmadı. Hansısa məhbusun azad olunması, yaxud bizim qaldırdığımız məsələlərin öz həllini tapacağına dair heç kim bizə söz vermədi. Sadəcə olaraq hakimiyyət bizim təklif və ideyaları müzakirə edəcək".
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə də görüşün səmimi atmosferdə keçdiyini və razı qaldığını bildirib: "Mən əvvəllər də demişəm ki, iqtidarla müxalifət arasında dialoq olmalıdır. Bugünkü görüşdən çox razıyam. Çünki çox səmimi söhbət oldu, hörmətli Əli Həsənov səmimi bir mühit yaratdı. Düşünürəm ki, bu görüş iqtidar-müxalifət münasibətlərinin inkişafında, siyasi partiyaların maliyyələşməsi və bir çox problemlərin həllinə müsbət təsir göstərəcək. İnanıram ki, bu görüşlər davamlı olacaq".
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri (DİP) Asim Mollazadə isə deyib ki, Azərbaycanda iqtidar-müxalifət dialoqu çoxdan baş tutmalı idi: "Çünki hər bir ölkədə siyasi partiyalar dövlətin çox mühüm institutudur. Biz belə görüşləri davam etdirməliyik. Siyasi partiya sistemini ölkədə möhkəmlətmək üçün birgə iş görülməlidir. Azərbaycan bir sıra mühüm və xalqı maraqlandıran məsələlər barədə mütəmadi fikir mübadiləsi aparmalıyıq".

Əli