“Azərbaycan tarixi, qədim bir addır” Siyasət

“Azərbaycan tarixi, qədim bir addır”

Vüqar Zifəroğlu: "Tarixi mənbələrdə də bu ada rast gəlmək mümkündür"

Ceyhun Bayramlı: "Azərbaycan ismi hələ V-VI əsrin bizans mənbələrində Adorbiqan şəklində keçməkdədir"

Cavid İsmayıl: "Azərbaycan" sözü mənbələrdə yalnız coğrafi ərazi adı kimi işlədilib"

ANS telekanalında yayımlanan "Şəxsiyyət vəsiqəsi" proqramında millət vəkili Fazil Mustafanın çıxışı birmənalı qarşılanmayıb. Verilişdə Babəkin qəhrəman olub-olmaması müzakirə olunub və verilişdə qonaq qismində iştirak edən millət vəkili Fazil Mustafa Babəki tənqid edib: "Nə türklük baxımından, nə İslam baxımından Azərbaycan cəmiyyətinə dəxli olmayan, Sovet sistemi tərəfindən sırınmış, Rəsulzadənin ayıb olaraq göstərdiyi bir simadır. Bu simanın da hələ də Azərbaycanda Milli Qəhrəman olaraq tanınması utancverici bir haldır". O, Məhəmməd Əmin Rəsulzadənin fikirlərinə istinad eləyib XIX əsrə qədər Babək adının uşaqlara verilməsinin ayıb olduğunu qeyd edib: "Bu ilk dəfə olaraq Sovet dövründə Cəfər Cabbarlının "Od gəlini" əsərində, təxminən onun obrazının Elxan personajı ilə yaradılması ilə başlayan. Sonradan da İslama qarşı, İslamın ərəb dini olduğu, ərəb istilası kimi xarakterizə olunmasını məqbul sayan Sovet ideoloji aparatının bir kəşfi idi". Deputat bildirib ki, Babək məhz SSRİ-in təbliğatı ilə Milli Qəhrəman kimi tanınmağa başlayıb. Fazil Mustafa həmçinin əlavə edib ki, tarixdə Azərbaycan adlı dövlət olmayıb. O, deyib ki, Azərbaycana dlı dövlət yalnız 1918-ci ildə yaradılıb.
Millət vəkilinin bu fikirləri millətçi gənclər tərəfindən birmənalı qarşılanmayıb, gənclər sosial şəbəkələrdə Fazil Mustafanı tənqid atəşinə tutublar. Jurnalist Natiq Cavadlı da gənclərin etirazına qoşularaq Fazil Mustafa barədə sərt ifadələr işlədib:
Millət vəkili Fazil Mustafa efirdə səsləndirdiyi "Tarixdə Azərbaycan adlı dövlət olmayıb" ifadəsinə görə ona qarşı təhqiramiz fikirlər işlədənlərə cavab verib.
Deputat Facebook statusunda bunları yazıb: "Mənim bildiyim fakt budur ki, Azərbaycan adında ilk dövlət 1918-ci ildə yaranıb. Bunu da televiziyada dilə gətirmişəm. Bugünkü Azərbaycan da həmin dövlətin varisidir. Əksini iddia edən, etiraz edən varsa, nümunə gətirib bizləri inandırsın. Kimsə özü üçün uydurduğu yalan tarixə, saxta qəhrəmanlara sitayiş edirsə, buyurub etsin, biz bu millət üçün doğru olanı, faydalı olanı usanmadan, yıxılmadan yazacağıq, dilə gətirəcəyik. Bunun adını təftişçilik qoysunlar, adını düşmənçilik qoysunlar, fərq etməz, bizi ağıllı, imanlı və bilgə insanların anlaması yetərlidir".
Millət vəkili həmçinin onu da qeyd edib ki, bu fikrinə əks arqumet gətirən olmayıb: "Dünəndən bəri izləyirəm, bircə dənə də olsun tutarlı əks arqumentə rast gəlmədim. Verilişdə səsləndirdiyim hansısa fikri təkzib edəcək tutarlı bir dəlil ortaya qoymadılar. Gələcəkdə də bu mövzularda döşünə döyən kim varsa, Allahın yardımı ilə haqsız mövqedə olduğunu isbatlayacağımızdan əminik. Bunları bildiklərinə görə, sətiraltı şəxsimə yönəlik ədəbsiz ifadələrə yer verməkdən başqa yol tapmırlar. Olsun, bu xalqın nadanı da, sağlam düşüncəli insanı da bizimdir, hamısına doğru düşüncəni aşılamaq borcumuzdur, kim nə götürər-götürməz, öz problemidir. Mənim istinad nöqtəm həm də Rəsulzadədir. Bəziləri Rəsulzadənin şəklini profilinə yapışdırır, həm də onun görüşlərini dərk etmədiyini, öyrənmədiyini ortaya qoyur. Buyurub yazın ki, Rəsulzadə də qərəzli olub. Heç bu adamlar Ziya Bünyadovu da doğru-dürüst araşdırmayıblar. Qısacası, bu cəhalət yığınının qarşısından çəkilmək niyyətimiz yoxdur, bundan sonra da sağlam düşüncəli insanlarımızla bir yoldayıq".
Millətçi Gənclər Təşkilatı facebook sosial şəbəkəsində Fazil Mustafaya qarşı geniş kampaniyaya başlayıb. Millətçi gənclər millət vəkilinin səhifəsində yazdığı statusa "Vaterlo serjantı" rəyi yazaraq, ona öz etirazlarını bildiriblər. Millətçi Gənclər Təşkilatının idarə heyətinin üzvü Müşviq Vəliyev bildirib ki, Fazil Mustafa Babək haqqında danışarkən radikal dindarlardan fərqli danışmırdı: "Fazil Mustafa mövzuya sırf dini aspektdən yanaşmışdı. Radikal dindarlardan fərqi yox idi. Babək, həmçinin Şah İsmayıl haqqında məzhəbçi yaxınlaşması var idi. Biz sivil şəkildə etirazımızı bildirirdik, özü girdi təhqir elədi etiraz edənləri. Bu, bir millət vəkilinə yaraşmayan hərəkətdir. Biz etirazımızı bildiririk ki, ən azından Elçibəy məktəbini görmüş adamın belə fikirlər yürütməsi, tariximizə qarayaxmalar. O da, bizə "cahillər, savadsız cahillər" deyə müraciət edirdi. Nə qədər ki, o, tariximizə dini aspektdən yanaşacaq, biz də etirazımızı bildirəcəyik. Erməni bizim tariximizə qara yaxırsa, bunun kimilər də onların dəyirmanına su tökür. Fazil Mustafanın çıxışlarından bir nəticə də çıxarmaq olar ki, XI əsrə qədər bura türk torpağı olmayıb. Halbuki tarixçilər də konkret faktlarla sübut eləyir ki, Səlcuqlardan öncə də burda türklər olub".
Araşdırmaçı Vüqar Zifəroğlu isə dedi ki, Azərbaycan adı tarixi, qədim bir addır: "Və tarixi mənbələrdə də bu ada rast gəlmək mümkündür. Mə anlamıram ki, nə zamandək Cənubi Qafqaz və Yaxın Şərqdə türk varlığını Səlcuqilərin gəlişi dövrünə calayacaqlar? Ortada bu qədər tarixi dəlillər və mənbə faktları ola-ola Azərbaycanın adını 20-ci əsrə calamağa və ya türklərin bu torpaqlarda mövcudluğunu 11-12-ci əsrlərə şamil etməklə nəyi sübut etmək istəyirlər?
Azərbaycan adının qədimliyini sübut edən çox sayda mənbə məlumatlartı var
Məsələn, Əbülabbas Əhməd ibn Yəhya ibn Cabir əl-Bəlazurinin (892-ci ildə vəfat etmişdir) "Kitab fütuh əl-Buldan" əsəri; Əbu Cəfər Məhəmməd ibn Cərir ətTəbəri (838-923) "Tarix ər-rusul vəl-mülük" əsəri; Arib ibn əl-Katib əl-Kurtubi "Silət tarix ət-Təbəri". Əbu Bəkr Əhməd ibn Məhəmməd ibn əl-Fəqih əl-Həmədanin 902-ci ildə yazdığı "Kitab əl-büldan" əsəri". O, əlavə etdi ki, Əbu İshaq İbrahim ibn Məhəmməd əl-İstəxri 933-cü ildə yazmış olduğu "Kitab məsalik əl-məmalik" adlı əsərində Azərbaycan sərhədlərinin Xəzərdən Ərzuruma, Dərbənddən Həmadana qədər uzandığını xüsusi qeyd edir: "VII yüzilliyin ortalarında Xilafətlə Azərbaycan əhalisi arasında bağlanmış müqavilədə ümumiyyətlə Azərbaycan adı konkret olaraq qeyd edilir. "Bismillahi-r-rəhmani-r-rəhim. Əmirləmöminin Ömər ibn Əl-Xəttabın canişini Utba ibn Farkad Azərbaycanın vadilərindəki, dağlarındakı və ucqarlarındakı əhalisinə, dini icmalarına, dinlərinə və ayinlərinə əmin-amanlıq verir, bu şərtlə ki, uşaqlardan, qadınlardan, dünya malından heç nəyi olmayan xroniki xəstələrdən, tərki-dünya abidlərdən savayı, onları gücləri, çatdıqları qədər cizyə edəsinlər… Onlardan kim hansı ildə orduya cəlb olunsa, o, həmin ilin vergisindən azad olunur. Kimsə daimi yaşamaq üçün (burada) məskən salsa, (bu) qaydalar ona da şamil ediləcək (Ölkəni) tərk edənlərə isə sığınacaqlarına yetişənəcən aman verilir". Hətta dini hədislərdə belə Azərbaycan adına rast gəlmək mümkündür. Əbu Bəsr nəql edir ki, İmam Cəfəri Sadiq (a.s.) belə buyurdu: "Abbasilər, Mərvanın minbərinin taxtalarının üzərinə oturduqlarında, Abbasoğullarının höküməti kök atacaq. Və dedi ki: "Atam (İmam Mühəmməd Bakir əleyhissəlam) mənə belə buyurdu: "Azərbaycandan mütləq bir atəş çıxacaq və heç bir şey onun qarşısında dura bilməyəcək. Belə olduğu zaman evinizdən bayıra çıxmayın". "Peyğəmbərin, Allah ona şəfaət versin və salamlasın, dilindən söyləyirlər ki, Savalan dağı Ərmən və Azərbaycan arasında yerləşir. Onun üstündə cənnət bulaqlarından biri, peyğəmbərlərdən birinin məzarı yaxınlığında isə üstünə xəstə adamlar gələn qaynar bulaqlar yerləşir" (Əbd-ər-Rəşid əl-Bakuvinin "Kitab təlxis əl-əsər və əcaib əl-malik əl-Qəhhar" adlı əsərindən). Bu cür yüzlərlə mənbə adı çəkmək olar. İstər orta əsr xilafət sarayına aid rəsmi yazışmalarda, istərsə də tarixi mənbələrdə Azərbaycan adı dəfələrlə çəkilir və vurğulanır. O ki, qaldı türklərin Azərbaycan və eləcə də Yaxın Şərqdə ən azı 3500 illik varlığı məsələsinə. Mən sadəcə olaraq məsləhət görərdim ki, rəhmətli alimlərimiz Yusif Yusifovun, Qiyasəddin Qeybullayevin və onlarla bu cür həyatını Azərbaycan türklərinin tarixini aydınlatmağa həsr etmiş gerçək alimlərimizin əsərlərini oxusunlar. Oxusunlar və sonra fikir yürütsünlər".
Tarixçi alim Ceyhun Bayramlı dedi ki, tarixdə 1933-cü ilə kimi İran adlı da dövlət olmayıb, nə olsun ki, bu məgər tarix-coğrafi ərazinin adını inkar etməyə əsas verir? Olduqca məntiqsiz fikirdir: "Azərbaycan ismi hələ V-VI əsrin bizans mənbələrində Adorbiqan şəklində keçməkdədir. Onda heç Türkiyə kəlməsinin izi-tozu belə yox idi".
APA İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl vurğuladı ki, millət vəkili Fazil Mustafa orijinal fikirləri ilə seçilən siyasətçilərimizdəndir: "Tarixə və tarixi şəxsiyyətlərə münasibətdə ciddi fikir ayrılıqlarımız olsa da, etiraf etmək lazımdır ki, Fazil bəy fikirlərini kifayət qədər əsaslandırmağı da bacarır. Şah İsmayıl Xətai və Babəklə bağlı fikirlərini bölüşməsəm də, onun "1918-ci ilədək tarixdə Azərbaycan adlı dövlət olmayıb" ifadəsi ilə razıyam. Bir tarixçi kimi deyə bilərəm ki, 1918-ci il mayın 28-dək tarixdə Azərbaycan adlı dövlətə rast gəlinməyib. Qədim Manna dövlətindən Səfəvilər imperiyasına qədər tarixdə mövcud olmuş dövlətlərimizin hansının adında "Azərbaycan" sözü var ki? Bu mənada Fazil Mustafanın bu fikrini ədalətli sayıram. Əslində anlaşılmaz olan gözlə görünən həqiqətin dilə gətirilməsinin niyə bu qədər böyük ajiotaja səbəb olmasıdır. "Azərbaycan" sözü mənbələrdə yalnız coğrafi ərazi adı kimi işlədilib. Hətta Şeyx Məhəmməd Xiyabani də "Azərbaycan" adının daha çox şamil olunduğu ərazidə - Azərbaycanın güneyində qurduğu dövlətə "Azərbaycan" yox, "Azadıstan" adını qoymuşdu. Bu mənada Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarını tarixdə Azərbaycan adına ilk dövlət qurduqlarına görə rəhmətlə anmalıyıq. Çünki bu ad Azərbaycan adlı coğrafiyada yaşayan türklərin haqq etdiyi milli brenddir".

Əli