“Problemlərə qarşı ictimai qınaq sözünü deməlidir” Siyasət

“Problemlərə qarşı ictimai qınaq sözünü deməlidir”

Qüdrət Həsənquliyev: "Əgər ölkədə sürücülük mədəniyyəti aşağı səviyyədədirsə, bunu biz təkcə Dövlət Yol Polisinin gücü ilə aradan qaldıra bilməyəcəyik"

Oqtay Əsədov: "Təklif çox düzgün yanaşmadır, nə qədər cərimələr sərtləşdirilsə də problemlər öz həllini tapmır, ictimai qınaq olmalıdır"

Milli Məclisin dünənki iclasında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa və bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərlə bağlı müzakirələr zamanı çıxışında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev təkliflərini bildirib.
Millət vəkili öncə İnzibati Xətalar Məcəlləsinin 429.6-cı maddəsində qeyd olunan inzibati xəta haqqında protokol və inzibati xəta haqqında iş üzrə qərar barədə məlumatlandırmanın əhəmiyyətini vurğuladı: "Vətəndaşlara SMS vasitəsilə onların nə zaman və harada inzibati xəta törətməsi barədə məlumatın göndərilməsi son dərəcə mütərəqqi bir müddəadır və bunu alqışlamaq lazımdır. Vaxtın da həmin məlumata daxil edilməsi son dərəcə önəmlidir".
Bununla yanaşı Qüdrət Həsənquliyev qeyd etdi ki, problemə bütövlükdə cəmiyyətin özü reaksiya verməlidir: "Mən günün birinci yarısında narkomaniya ilə bağlı danışanda da söylədim ki, biz bəzən hüquq-mühafizə orqanlarının üzərinə çox böyük məsuliyyət qoyuruq və hesab edirik hüquq-mühafizə orqanları cəmiyyətdəki müəyyən problemləri təkbaşına həll etmək gücündədir. Eləcə də, əgər ölkədə sürücülük mədəniyyəti aşağı səviyyədədirsə, bunu biz təkcə Dövlət Yol Polisinin gücü ilə aradan qaldıra bilməyəcəyik . Cəzaların sərtləşdirilməsi ilə bu problem öz həllini tapmayacaq. Bu sahədə ictimai qınaqdan geniş istifadə olunmalıdır. Oqtay müəllim, mən təklif edirəm və istəyirəm ki, bu məsələni də müzakirə edək. Bəzi hallarda valideynlər övladlarının avtomobili sürətli idarə etməsi, yol hərəkəti qaydalarını pozması barədə məlumatsız olurlar. Biz bu dəyişikliklərdə yalnız sürücülərə SMS vasitəsilə məlumatların göndərilməsini nəzərdə tuturuq. Bəlkə də bir az polisin işini artırmış olacağıq, amma yol hərəkəti qaydalarını pozan sürücülərin ailələrinə və onların iş yerlərinə belə məlumatların göndərilməsi məncə doğru olardı. Birincisi, bəlkə kiminsə həyat yoldaşı yol hərəkəti qaydasını pozur, onun xanımı, yaxud uşaqları bu məsələdə ona təsir edə bilərlər. Deyə bilərlər ki, axı bir gün sən həyatını itirə bilərsən, şikəst ola bilərsən, böyük bir ailə fəlakətlə üz-üzə qala bilər, bəlkə ailə ona təsir edə bilər, o da yol hərəkəti qaydalarına daha ciddi riayət edər.
Yaxud iş yerində hamı biləcək ki, bu vətəndaş yol hərəkətini pozan bir şəxsdir, bəlkə də ictimai qınaq sövq edəcək ki, o yol hərəkəti qaydalarına daha ciddi əməl etsin və tabe olsun. Xarici ölkələrdə bu işi görmək xeyli asandır, çünki hər bir şəxsin identifikasiya kodu var, o kartda da bütün məlumatlar əksini tapır. Mən bilmirəm, Azərbaycanda bu işi həyata keçirmək nə dərəcədə çətindir, amma məncə, belə bir normanın bura daxil edilməsi doğru olar. Əlbəttə, burada müxtəlif fikirlər səslənə bilər, amma mən düşünürəm ki, ictimai qınaq çox önəmlidir. Bəlkə də biz bundan istifadə eləsək, heç olmasa bir ailəni belə, bir insanı xilas edə bilək, şikəst olmaqdan qoruya bilək, bunun özü böyük məsələdir. Ona görə də bu məsələnin ciddi müzakirəsinə ehtiyac var".
Spiker Oqtay Əsədov təklifin çox düzgün yanaşma olduğunu bildirdi. Onun sözlərinə görə, nə qədər cərimələr sərtləşdirilsə də problemlər öz həllini tapmır: "Ona görə də ictimai qınaq da olmalıdır. Gəlin təsəvvür edək ki, bircə gün Bakı şəhərində yol polisi yoxdur, görün şəhərdə nə baş verir. Mən də razıyam ki, ictimai qınaq barədə fikirləşmək lazımdır".