“Bu, partiyadaxili demokratik vəziyyətin nə qədər ağır olmasının göstəricisidir” Siyasət

“Bu, partiyadaxili demokratik vəziyyətin nə qədər ağır olmasının göstəricisidir”

Tural Abbaslı: "Başqanlığa 4 namizəddən biri partiyadan xaric olunub, birinə xəbərdarlıq edilib, bir mən qalmışam"

Ellada Məmmədli: "Qubad İbadoğlunu partiyadan çıxarmaq üçün zəmin hazırlayırlar"

Vurğun Əyyub: "Ellada Məmmədli və Qubad İbadoğluna edilən xəbərdarlıq eynilə 1937-ci ildə stalinizm repressiyası dövründə irəli sürülən ittihamlara bənzəyir"

Müsavat Partiyasında davam edən gərginlik daha bir istefa ilə nəticələnib.
Müsavat Partiyasının tanınmış simalarından biri partiya sıralarını tərk edib. Əbülfəz Elçibəy prezidentliyi dönəmində ədliyyə nazirinin müavini olmuş Məmməd Zeynalov özünün "Facebook" səhifəsində Müsavatdan istefa verdiyi barədə açıqlama yayıb. O, Müsavat Partiyasının apardığı siyasətə etiraz əlaməti olaraq bu təşkilatın sıralarından istefa verdiyini bildirib: "Bu gündən etibarən siyasətlə məşğul olmayacağımı bəyan edirəm. Arqumentimi əsaslandırmaq üçün İsa Qəmbər və Mustafa Hacıbəylidən başqa istənilən partiya funksioneri ilə debata hazıram. Müsavat Partiyasının nə etdiyi mənə məlum deyil. Bu, yarıtmaz siyasətdir. Mən artıq bundan sonra siyasətlə məşğul olmayacağam". M.Zeynalov istefa verməsinə Müsavat Partiyasının sonuncu qurultayının nəticələrinin də təsir etdiyini vurğulayıb: "Arif Hacılı tək deyil, orda başqa adamlar da var. Yəni mən məhz Müsavat rəhbərliyinin apartdığı siyasətə görə belə bir addım atmışam".
Onu da qeyd edək ki, narazılar arasında qarşıdurma davam edir.
Yanvarın 31-də Q. İbadoğlunun tərəfdarları Müsavat Üüzvlərinin Hüquqlarını Müdafiə Komitəsi yaratdıqlarını bəyan ediblər. Fevralın 3-də isə Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyası (MNTK) bir neçə partiya üzvünün belə bir komitə yaratmalarını MNTK-nın səlahiyyətlərini mənimsəmək və açıq-aydın bölücülük cəhdi kimi qiymətləndirib.
Müsavat başqanlığına sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu deyib ki, Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsi onun deyil, partiyanın digər üzvlərinin təşəbbüsü, müstəqil qərarı ilə yaradılıb: "Özüm hələ həmin komitəyə qoşulmamışam, ancaq bu qurumun fəaliyyətə başlamasını istəyirəm və iş qrafikimə uyğun olaraq onun iclaslarına qatılmaq niyyətindəyəm. Mərkəzi Nəzarət-Təftiş Komissiyasının partiya daxilində belə bir komitənin yaradılmasına qarşı çıxmasını düzgün saymıram".
O bildirib ki, MNTK-nın məntiqindən çıxış edilsə, o halda gərək ölkə daxilində də insan haqları ilə bağlı müdafiə komitələri fəaliyyət göstərməsin: "İnsan haqları hər yerdə, o cümlədən partiyaların, ictimai təşkilatların daxilində də pozula bilər. Hər bir vətəndaşın öz pozulmuş haqlarının bərpası uğrunda mübarizə aparmaq və birləşmək hüququ var. Bu qurumun yaradılması təşəbbüsü partiya üzvlərinin MNTK-ya etimad göstərməməsindən irəli gəlib. MNTK birtərəfli qaydada iş aparır, qərarlar verir və getdikcə etimadını itirir".
Müsavat başqanlığına sabiq namizəd Tural Abbaslı isə deyib ki, MNTK-nın xəbərdarlığı demokratiyadan xəbər vermir, partiyanın Nizamnaməsinə uyğun addım deyil. Sözügedən quruma qoşulmadığını və hələlik bu fikrinin olmadığını nəzərə çatdıran T. Abbaslı qeyd edib ki, partiyanın Nizamnaməsində insanların bir araya gələrək istər partiyadaxili, istərsə də siyasi maraqlarını müdafiə etməsini məhdudlaşdıran bir maddə yoxdur: "Tutaq ki, hansısa müsavatçının hüququ pozuldu və həmin müsavatçı 5-10 müsavatçı ilə bir araya gəldi, başqana ərizə yazdılar, yaxud elə həmin MNTK-ya müraciət etdilər, ya da partiyada hansısa lobbi fəaliyyəti, təbliğat apardılar, burada hansı qeyri-qanunilikdən söhbət gedə bilər?.. Ümumiyyətlə, MNTK-nın bu qərarını yazanların Azərbaycan Konstitusiyasında əksini tapan, insanların bir araya gəlmək hüququndan, xəbərləri yoxdur. Bu qərar insan hüquqlarına ziddir. Əgər Müsavat Üzvlərinin Hüquqlarını Müdafiə Komitəsinin fəaliyyət proqramında, əsasnaməsində MNTK-nın fəaliyyəti şübhə altına alınmırsa, MNTK-nın vəzifələri özününküləşdirilmirsə, niyə insanlar müsavatçıların partiyada bu və ya digər maraqlar altında bir araya gəlməsindən qorxurlar? Bu təfəkkürlə qabağa getmək olmaz. Bu, partiyadaxili demokratik vəziyyətin nə qədər ağır olmasının göstəricisi, partiya başqanının mövqeyinin təzahürüdür. Baxın, başqanlığa 4 namizəddən biri partiyadan xaric olunub, birinə xəbərdarlıq edilib, bir mən qalmışam. Yəni qurultaydan 4 ay keçib, 4 başqanlığa namizəddən ikisi bu və digər formada cəzalandırılıb. Təbii ki, MNTK-nın son qərarı da bu addımların məntiqi nəticəsidir. Mən MNTK-nın bu qərarını qeyri-peşəkar hesab edirəm. Adını nə qoyurlarsa qoysunlar, müsavatçıların bir araya gəlməsini heç kim məhdudlaşdıra bilməz".
Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli isə bildirib: "Müsavat Partiyasından getmək niyyətim yoxdur. Amma rəhbərlik məni və Qubad İbadoğlunu partiyadan çıxarmaq üçün zəmin hazırlayır. Partiyadan çıxarılacağamsa, sivil qaydada mübarizə aparacam".
E.Məmmədli partiya Divanının son iclasında ona edilən xəbərbarlığı qəbul etmədiyini də vurğulayıb: "Partiyadan mənə xəbərdarlıq olunması ilə bağlı heç bir rəsmi sənəd təqdim etməyiblər. Ona görə də, o xəbərdarlığı qəbul etmirəm. Divanın son iclasında mənə verilən suallardan bir şeyi anladım ki, seçim etməliyəm, ya Müsavat Partiyasını, ya da Azərbaycan Demokratiya və Rifah Hərəkatını seçməliyəm. Bu şərt əsassızdır. Çünki ADR ictimai hərəkatdır, siyasi iddiası yoxdur. Ümumiyyətlə, mənə qarşı kini və qərəzi olan adamlar var. Bu qərəz ona görədir ki, qurultayda Qubad İbadoğlunu dəstəkləmişəm, Arif Hacılıya səs verməmişəm. Qurultayda Arif Hacılının namizədliyinin protokolu təsdiq olunanda əleyhinə səs vermişəm".
E.Məmmədli əlavə edib ki, Arif Hacılıya qarşı çıxan hər bir adam partiyadan kənarlaşdırılır: "Bu, nə dərəcə düzgündür?! O deyir ki, hamıya qucaq açır. Bu necə olur? Dedikləri ilə əməlləri uyğun gəlmir axı. Təəssüflər olsun ki, Arif Hacılı qayçılamaqla məşğuldur. Bunu edir ki, ona qarşı çıxan adamlar partiyada qalmasın".
Müsavat Partiyasının qurultayından narazı qalan üzvlərin yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatının Təşkilat komitəsinin üzvü Vurğun Əyyub deyib ki, Müsavat Partiyasının Divanında partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli və partiya başqanlığına keçmiş namizəd Qubad İbadoğluna edilən xəbərdarlığın motivləri ilə tanışdır:"Sadəcə olaraq gülməlidir. Eynilə 1937-ci ildə stalinizm repressiyası dövründə irəli sürülən ittihamlara bənzəyir". O, əlavə edib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatı ilə bağlı iradların tutulması da çox gülüncdür: "Çünki Hərəkatın yaradılmasında heç bir nizamnamə pozuntusuna yol verilməyib və Hərəkat da Müsavat Partiyasına qarşı deyil. 2003-cü ildə Arif Hacılı da daxil olmaqla bir qrup insan Müsavat Partiyasının üzvü ola-ola bir hərəkat yaratmışdılar. Eləcə də indi İsa Qəmbər də bir siyasi düşüncə mərkəzinə rəhbərlik edir".
V.Əyyub qeyd edib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvlərindən kimlərsə Müsavat Partiyasının rəhbərliyinin yürütdüyü xətti tənqid edirsə, bunu Müsavat Partiyasının əleyhinə fəaliyyət kimi qələmə vermək doğru deyil: "Çünki Müsavat Partiyası yalnız onun rəhbərliyindən ibarət deyil".
Qeyd edək ki, fevralın 2-də Müsavat Partiyası Divanının toplantısında Q.İbadoğlu və E.Məmmədliyə xəbərdarlıq edilib. Onların partiyadan kənarlaşdırılması gözlənilir.

Əli