“Müsavat əldən getdi” Siyasət

“Müsavat əldən getdi”

Rəşad Əlizadə: "Parlament seçkisinə bir neçə ay qalmış partiyada vəziyyət daha da gərginləşəcək"

"Müsavat əldən getdi". Bunu Turan Azərbaycanlıları Konqresinin sədri Rəşad Əlizadə deyib.
O bildirib ki, Müsavatda çaxnaşmaların, parçalanmaların, istefaların, bir-birinə ittihamların davam etməkdədir: "Müsavatçılar uzun illərdir iddia edirdilər ki, onları bu partiyaya bağlayan ideologiyadır. Müsavat, həqiqətən uzun illərdir bu ideologiya ətrafında on minlərlə insanı birləşdirən bir partiya idi. Partiyada cərəyan edən hadisələr müsavatçılıq ideologiyasının üstündən xətt çəkdi. Bunu açıq etiraf etməliyik".
Diaspor rəhbəri deyib: "Müsavatdan kimlər getməyiblər? İlk istefa verən tanınmışlardan biri AXC hakimiyyəti zamanı baş prokuror işləmiş İxtiyar Şirin oldu. ARDNŞ-in prezidenti olmuş Sabit Bağırov, Atatürk Mərkəzinin rəhbəri, deputat, filologiya elmləri doktoru, professor Nizami Cəfərov da Müsavatdan ilk ayrılanlar sırasındadır. Xəzər Universitetinin professoru Xaləddin İbrahimli isə Müsavat Partiyasından uzaqlaşdırılıb. Azərbaycanın mərhum xalq şairi Vaqif Səmədoğlu 2000-ci ildə Müsavat Partiyasının üzvü kimi deputat seçilib. Sonradan seçkinin nəticələri ilə razılaşmayan Müsavat rəhbərliyi Səmədoğlunun mandatdan imtina etməməsi səbəbindən onu partiya üzvlüyündən uzaqlaşdırıb.
2000-ci il seçkilərindən sonra eyni aqibəti deputat Şirzad Əyyubov da yaşayıb. 2005-ci parlament seçkilərində deputat mandatı qazanan Aynur Camalqızı da partiyadan uzaqlaşdırıldı. Mandat qazandıqdan sonra Müsavatla yollarını ayıran digər partiya üzvü politoloq Rasim Musabəyovdur. O, 2010-cu il parlament seçkilərindən sonra partiya ilə yollarını ayırıb.
Müsavatdan istefaların kütləvi xarakter alması 2003-cü il prezident seçkilərindən sonraya təsadüf edib. 2003-cü il seçkisindəki məğlubiyyətdən sonra isə tanınmış üzvlərin bir hissəsi patiyadan uzaqlaşıblar. Onların arasında Milli Məclisin deputatı, o vaxt Müsavat Divanının üzvü olan Musa Qasımlı da var.
Tibb üzrə fəlsəfə doktoru Mehdi Mehdiyev də 2003-cü ildə bu partiyadan ayrıldı.
Sabiq polis rəisi olan Mahmud Hacıyev də 2003-cü il prezident seçkilərindən bir qədər sonra partiyadan gedib. Tanınmış iqtisadçılar Azər Mehtiyev, Rövşən Ağayev, kənd təsərrüfatı nazirinin sabiq müavini Xaləddin Xəlilov, Müsavat başqanının müşaviri Şirzad Məmmədli müxtəlif zamanlarda partiyadan uzaqlaşıblar.
Müsavatdan sonralar istefa verənlərdən 2005-ci il seçkilərində MSK-nın katibi olmuş Vidadi Mahmudlu, QAT sədri Akif Nağı da müsavatçı olub.
Müsavat Məclisinin sədri Sülhəddin Əkbər və Divan üzvü İbrahim İbrahimli isə 2010-cu ildə bu partiyadan ayrıldılar. Bundan sonra Müsavat başqanının müavini Qabil Hüseynli və Divan üzvü, professor Adil Qeybulla da AXCP ilə birləşməyin əleyhdarlarının arqumentlərinə etiraz olaraq partiyadan uzaqlaşdılar: "2014-cü il sentyabrın 27-də keçirilən qurultayda Arif Hacılının İsa Qəmbərin yerinə başqan seçilməsi digər iddialı namizəd Qubad İbadoğlunu dəstəkləyənlərin ciddi narazılığına səbəb oldu. Zaman-zaman bu narazılıq ictimailəşdirildikcə partiyada kimin kim olduğu üzə çıxdı. Q.İbadoğlunun tərəfdarları A.Hacılını başqan kimi qəbul etmədilər. Buna cavab olaraq, Q.İbadoğlu Divan üzvlüyündən uzaqlaşdırıldı. Onun ardınca istefalar da başlandı. Bütün bu proseslər onu deməyə əsas verir ki, hələ İsa Qəmbərin başqanlığı dövründə partiyada qruplaşmalar mövcud idi. Sadəcə İ.Qəmbər bu qruplaşmalar arasında savaşın ictimailəşməsinə imkan vermirdi. Qruplararası savaş yalnız partiya daxilində gedirdi. A.Hacılının partiyaya sədrliyə gətirilməsindən sonra savaş açıq müstəviyə keçdi. Partiyada artıq cəmiyyət arasında sayılıb-seçilən elə bir adam qalmayıb. Bu da o deməkdir ki, Müsavatda on illərdən bəri istismar edilən M.Ə.Rəsulzadə ideologiyasından da əsər-əlamət qalmayıb. Danışanda sənin ideyalarından, müsavatçılıq ideologiyasından danışırlar..."
Rəşad Əlizadə hesab edir ki, partiya yenə də İ.Qəmbər tərəfindən idarə olunur: "Partiyanın sədri A.Hacılı hər bir məsələni İ.Qəmbərlə məsləhətləşir, sonra qərar qəbul edilir. Partiyada söz azadlığı, demokratiya anlayışı yoxdur. Son günlərdə Q.İbadoğlunun Divandan uzaqlaşdırılması prosesinin əvvəlcədən hazırlandığı açıq-aşkar göründü. Bu hələ son deyil, Müsavatda parçalanmalar davam edəcək, 11 il öncədəki kimi. Kiminə xəyanət damğası vurulacaq, kimi öz xoşuyla istefa verəcək, kimi qovulacaq və s. Parlament seçkisinə bir neçə ay qalmış partiyada vəziyyət daha da gərginləşəcək. Odur ki, Müsavat əldən getdi".