“Ermənistana əl uzadan biz olmuşuq” Siyasət

“Ermənistana əl uzadan biz olmuşuq”

Rəcəb Tayyib Ərdoğan:" Yeni bir səhifə açmaq istədik, lakin çox təəssüf ki, əlimiz havada qaldı"

Arzu Şirinova

İllərdir Ermənistan və dünyadakı erməni lobbisi uydurma soyqırımlarının 100 illiyinə hazırlaşırlar. Bu hazırlığı isə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi gedişi heçə endirdi. Çünki bu ilin yanvar ayında Ərdoğan ermənilərin həsrətlə gözlədikləri 24 aprel qondarma "erməni soyqırımının" 100 illiyi günündə, Türkiyədə Çanaqqala döyüşünün 100 illiyinin beynəlxalq səviyyədə qeyd edilməsi qərarını verdi. Bu da azmış kimi, tədbirə dünya dövlətləri liderləri ilə yanaşı, Ermənistan prezidenti Serj Sərkisyanı da dəvət etdi.
Sərkisyana rəsmi dəvət göndərən Ərdoğanın məntiqi də çox sadə oldu. O zaman Osmanlı qoşunları tərkibində ermənilər də vuruşub və Çanaqqala döyüşündə ölüblər. Odur ki, onların da xatirəsi əziz tutulur. Tədbirin proqramına görə, Birinci Dünya müharibəsində iştirak etmiş bütün dövlətlərin başçıları 23 apreldə İstanbulda "Sülh sammitində" iştirak edəcək, aprelin 24-də isə Çanaqqalaya yollanaraq, bu şanlı qəhrəmanlıq salnaməsi olan döyüşün 100 illiyini qeyd edəcəklər.
Xatırladaq ki, "erməni soyqırımı" adlandırılan böyük yalanın araşdırılması üçün Türkiyə dəfələrlə Osmanlı arxivlərinin açıq olduğunu elan edib və beynəlxalq alimlərdən ibarət komissiyanın yaradılmasını təklifini verib. Yəni Türkiyə prezidenti bu problemin araşdırılmasını tarixçilərin öhdəsinə buraxmağı daha uyğun saymış və Ermənistanla münasibətlərə şərtsiz, ağ səhifədən başlamağı təklif etmişdi. Lakin erməni tərəfi buna razı olmamış və bu faktın araşdırılmasının özünün belə, "soyqırımı" şübhə altına almaq anlamına gəldiyini söyləmişdilər. Təbii ki, bu addımın arxasında Osmanlı arxivlərində saxlanılan və alimlər tərəfindən araşdırılacağı halda heç bir "soyqırımın" olmadığının sübut ediləcəyi qorxusu da durur. Həmin sənədlərdə erməni quldur dəstələrinin əsrin əvvəllərində Türkiyə-Rusiya sərhədində türk kəndlərini necə yer üzündən silmələrinin qanlı faktları yer alır.
Ermənistan prezidenti Serj Sarkisyan Ərdoğanın dəvətini qəbul etmədi və başından yekə ifadələr işlətdi. Buna baxmayaraq Türkiyədəki erməni icması hesab edir ki, Ermənistandan fərqli olaraq, erməni lobbisi Türkiyə ilə dialoqa hazır deyil. Bu barədə Türkiyə baş nazirinin müşaviri Etyen Mahçupyan bildirib. Prezident Rəcəb Tayyib Ərdoğanın aprelin 24-də Çanaqqala döyüşündə qələbənin ildönümü ilə bağlı təntənələrdə iştirak etmək üçün Ermənistan liderinə göndərdiyi dəvətlə bağlı Mahçupyan deyib ki, Ermənistanın heç olmazsa, simvolik olaraq bu dəvəti qəbul etməsi pis olmazdı: "Çanaqqala döyüşündə həlak olanlar arasında ermənilər də var. Əgər Ermənistan onların xatirəsinə hörmət edirsə, onda heç olmazsa, simvolik olaraq bu dəvəti qəbul etməli idi". Onun sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpa olunacağı halda 1915-ci ildə Türkiyəni tərk etmiş ermənilərin bəzi nəsillərinin Türkiyəyə qayıdacaqları və vətəndaşlıq tələb edəcəkləri istisna deyil.
Yeri gəlmişkən, Kolumbiyada rəsmi səfərdə olan Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan Boqota Externado Universiteti və Ankara Universiteti tərəfindən təşkil edilən "1915: Osmanlı İmperiyasının ən uzun ili" adlı simpoziumda çıxış edib. Ərdoğan çıxışında bildirib ki, bu gün dünya siyasətini düzgün izah edə bilmək üçün Birinci Dünya müharibəsini yaxşı təhlil etmək lazımdır: "İkinci Dünya müharibəsi bəlkə insanlıq tarixinin ən qanlı savaşlarındandır, lakin dünya siyasətinə təsir baxımından Birinci Dünya müharibəsinin gerisindədir. Bu gün bir çox ölkənin sərhədləri Birinci Dünya müharibəsindən sonra müəyyənləşib. Fələstin məsələsi, İraq, Suriya, Yəmən, Qafqaz və Balkanlardakı problemlər Birinci Dünya müharibəsinin nəticəsində ortaya çıxmış və 100 ildir davam edən problemlərdir. Türkiyə, yəni 100 il əvvəlki adı ilə Osmanlı dövləti, Birincii Dünya müharibəsinin mərkəzindəki ölkələrdən biriydi. Qafqaz və Balkanlar 100 il öncə Osmanlının təsiri altındakı coğrafiya idi".
Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətinin cənub və qərb hissəsinin işğal altına düşdüyünü vurğulayan R. T. Ərdoğan bu tarixin tarixçilər tərəfindən yox, böyük güclər tərəfindən yazıldığını söyləyib: "Biz tarixin tarixçilər tərəfindən yazılmasının vacib olduğunu düşünürük. Tarixə 1915-ci il hadisələri kimi düşən hadisələr də böyük güclər tərəfindən yazılan bir tarixdir. 100 il boyunca türklərin ermənilərə və ermənilərin türklərə qarşı etdikləri obyektiv yazılmayıb. Biz bütün arxivləri açmışıq. Araşdırılan tarixi sənədlərin sayı 1 milyondan çoxdur. Ermənistan və üçüncü ölkələr də arxivlərində bu barədə nə varsa, açmalıdır. Tarixçilərə, siyasətşünaslara, hüquqşünaslara həvalə edək, araşdırsınlar, nəticələri siyasətçilərə təqdim etsinlər və bu məsələyə son qoyaq. Tarix parlamentlərdə siyasi qərarlar qəbul edərək və olmayan hadisələrə gerçək kimi baxaraq doğru yazıla bilməz".
Ərdoğan 1915-ci il olaylarının 100-cü ildönümü ilə əlaqədar erməni diasporunun Türkiyəyə qarşı kampaniya apardığını da söyləyib: "Biz Türkiyə olaraq təbliğat aparmaq və ya hansısa qənaət formalaşdırmaq məqsədi güdmürük. Hər zaman açıq ürəklə, səmimiyyətlə 1915-ci il hadisələrinin doğru şəkildə araşdırılmasını və anladılmasını istəmişik. Ermənistana əl uzadan biz olmuşuq. Yeni bir səhifə açmaq istədik, lakin çox təəssüf ki, əlimiz havada qaldı".
Çanaqqala döyüşlərinin 100-cü ildönümü ilə bağlı tədbirlərə qatılmaq üçün Ermənistan rəhbərliyinə də dəvət göndərdiklərini xatırladan Türkiyə prezidenti qarşı tərəfdən gələn təklifi nəzakətsizlik adlandırıb: "Biz istədik ki, gəlsinlər, 24 apreldə Çanaqqalada olsunlar, o atmosferi tənəffüs etsinlər. Lakin nəzakət qaydalarını tapdalayan açıqlamalarla bir daha sülhün, dialoqun önünü qapatdılar".
Xatırladaq ki, 2007-ci ildə başlatdığı ənənəsini bu il də davam etdirərəcəyini və aprelin 24-nü ənənəsinə uyğun olaraq Xilaskar Türk Əsgərinin Anım Günü, həm də Çanaqqala savaşının 100-cü ildönümü kimi qeyd edəcəyini bildirən BAXCP Idarə Heyəti Türkiyə prezidentinin məlum qərarını alqışlayıb. BAXCP İdarə Heyəti hesab edir ki, aprelin 24-də ölkənin bütün siyasi qüvvələri, bütövlükdə ölkə ictimaiyyəti bir araya gəlməli, Çanaqqala savaşının 100-cü ildönümü və Xilaskar Türk Əsgərinin Anım Günü Azərbaycanda da geniş şəkildə qeyd olunmalıdır. BAXCP İdarə Heyəti Türkiyənin Azərbaycandakı səfirliyini də bu önəmli tarixi hadisənin yüksək səviyyədə qeyd olunmasında fəal iştirak etməyə çağırıb.